Yehovanın Şahidlərinin toyu necə keçir?
Yehovanın Şahidlərinin nikah mərasimləri çox vaxt sadə və ləyaqətli şəkildə keçir. Mərasimdə əsas yeri Müqəddəs Kitaba əsaslanan məruzə tutur. Bəziləri nikah mərasimindən sonra toy məclisi keçirir. Bu məclislərdə bəzən ziyafət də verilir a. İsa Məsih də peyğəmbər kimi xidmətinə başlayanda Qanə şəhərində bu cür ziyafətdə iştirak etmişdi (Yəhya 2:1—11).
Nikah mərasimi necə keçir?
Mərasimin ən mühüm hissəsi toy məruzəsidir. Təxminən 30 dəqiqə davam edən bu məruzəni Yehovanın Şahidlərinin dini xidmətçisi təqdim edir. Müsbət notlarla təqdim olunan bu məruzədə vurğulanır ki, Müqəddəs Kitab cütlüyə nikahlarının ömürlük və xoşbəxt olmasına necə kömək edə bilər (Efeslilərə 5:33).
Bir çox ölkələrdə hökumət Yehovanın Şahidlərinin dini xidmətçilərinə nikahı qeydə almaq hüququ verib. Belə olan halda, məruzənin sonunda cütlük bir-birinə evlilik əhdi verir, həmçinin bir-birinin barmağına üzük taxır. Sonra dini xidmətçi onları ər-arvad elan edir.
Bəzi ölkələrdə isə qanuna əsasən, cütlüklər nikahlarını hökumət idarəsində qeydə almalıdırlar. Cütlük bunu toy məruzəsindən qısa müddət əvvəl edir. Əgər bəylə gəlin hökumət idarəsində evlilik əhdi verməyibsə, bunu məruzənin sonunda edə bilər. Əgər artıq əhd veriblərsə, istəsələr əhdlərini təkrar edə bilərlər, ancaq bunu keçmiş zamanda söyləməlidirlər. Məruzənin sonunda dua olunur və yeni cütlük üçün Allahdan xoşbəxtlik dilənir.
Nikah mərasimi harada keçirilir?
Bir çox Yehovanın Şahidi nikah mərasimlərini mümkün olanda ibadət evində keçirir b. Əgər cütlük mərasimdən sonra toy şənliyi keçirmək istəyirsə, onda şənlik üçün başqa yer seçir.
Kimlər iştirak edə bilər?
Mərasim ibadət evində keçirilirsə, adətən hər kəs, Yehovanın Şahidi olanlar və olmayanlar burada iştirak edə bilər. Əgər cütlük toy şənliyi qurursa, onda istədikləri adamları dəvət edirlər.
Geyimlə bağlı tələb var?
Nikah mərasimi ibadət evində keçirilən zaman, bəylə gəlin üçün xüsusi geyim tələbi yoxdur. Bununla belə, Yehovanın Şahidləri Müqəddəs Kitabda deyildi kimi, ədəbli və ləyaqətli geyinməyə çalışır. Odur ki, qonaqların da bu cür geyinməsi onlara xoş olur (1 Timutiyə 2:9). Sözsüz ki, toy şənliyi keçirilirsə, bu prinsiplər ora da aiddir.
Bəylə gəlinə toy hədiyyəsi verilir?
Müqəddəs Kitab insanları səxavətli olmağa səsləyir (Zəbur 37:21). Yehovanın Şahidləri sevə-sevə toy hədiyyəsi verir və qəbul edir (Luka 6:38). Lakin onlar nə hədiyyə tələb edir, nə də hədiyyə verənlərin adlarını elan edir (Mətta 6:3, 4; 2 Korinflilərə 9:7; 1 Butrus 3:8). Bu cür davranış həm Müqəddəs Kitaba zidd olar, həm də gələn qonaqları pis vəziyyətdə qoyar.
Məclisdə sağlıq deyilir?
Xeyr. Yehovanın Şahidləri sağlıq demir, çünki bunun kökü yalan dini adətlərə dayanır c. Yehovanın Şahidləri bəylə gəlinə öz xoş arzularını sağlıq demədən bildirirlər.
Bəy-gəlinin başına düyü, yaxud konfet atılır?
Xeyr. Bəzi ölkələrdə bəylə gəlinin başına düyü, konfet, yaxud digər şeylər atılır. Belə hesab olunur ki, bu, bəylə gəlinə uğur, xoşbəxtlik, uzun ömür gətirəcək. Amma Yehovanın Şahidləri mövhumi adət-ənənələrdən uzaq dururlar. Bura bəxt-tale arzulamaq da daxildir. Bunlar Müqəddəs Kitaba ziddir (Əşiya 65:11).
Yemək-içmək olur?
İbadət evində keçirilən nikah mərasimində yemək-içmək verilmir. Bəzi cütlüklər mərasimdən sonra toy şənliyi keçirir və ziyafət qurur (Vaiz 9:7). Əgər məclisdə spirtli içki olacaqsa, onlar diqqət yetirir ki, içki qədərində olsun və yalnız qanunla icazə verilən yaş həddində olanlar içsin (Luka 21:34; Romalılara 13:1, 13).
Musiqi və rəqs olur?
Bəylə gəlin toy şənliyi keçirirsə, istəsələr, musiqi və rəqs də olur (Vaiz 3:4). Onlar öz zövqlərinə və mədəniyyətlərinə uyğun musiqi seçirlər, bununla belə diqqət yetirirlər ki, səslənən musiqi yaxşı olsun. İbadət evində keçirilən nikah mərasimində isə, əsas etibarilə, mövzusu Müqəddəs Yazılara əsaslanan musiqilər səslənir.
Yehovanın Şahidləri evliliyin ildönümünü qeyd edirlər?
Müqəddəs Kitabda evliliyin ildönümünü qeyd etmək nə dəstəklənir, nə də qadağan olunur. Yehovanın Şahidi olan cütlüklər evliliyin ildönümünü qeyd edib-etməyəcəklərinə özləri qərar verir. Qeyd etmək qərarına gələndə, bunu ya öz aralarında, ya da ailə üzvləri və dostları ilə birgə qeyd edirlər.
a Ərazidən asılı olaraq, adətlər və ölkənin qanunları fərqlənir.
b Məruzə söyləyən dini xidmətçi bunun üçün pul almır, həmçinin ibadət evinin istifadəsi üçün də pul ödənilmir.
c Sağlıq deməyin bütpərəstlikdən qaynaqlandığı barədə əlavə məlumat almaq üçün «Allahın məhəbbətindən heç vaxt ayrılmayaq» kitabının 181-ci səhifəsində yerləşən 19, 20-ci abzaslara baxın.