Yehovanın Şahidləri insanları dinlərini dəyişməyə məcbur edirlər?
Xeyr, məcbur etmirik. Əsas jurnallarımızdan olan «Gözətçi qülləsində» qeyd olunur: «İnsanlara dinlərini dəyişmək məqsədilə təzyiq göstərmək olmaz a». Aşağıdakı səbəblərə görə biz insanları buna məcbur etmirik.
İsa peyğəmbər onun təlimlərini qəbul etsinlər deyə, insanlara təzyiq göstərmirdi. O bilirdi ki, bu xəbərə az sayda insan hay verəcək (Mətta 7:13, 14). Şagirdləri onun dediklərini səhv başa düşüb, onu tərk edəndə İsa onları qalmağa məcbur etmədi (Yəhya 6:60—62, 66—68).
İsa peyğəmbər davamçılarına öyrədirdi ki, insanlara etiqadlarını dəyişmək üçün təzyiq göstərməsinlər. İnsanlara öz əqidələrinə zidd gedərək Padşahlıq haqqında xoş xəbəri məcburi qəbul etdirmək əvəzinə, bu xəbərə hay verən insanları axtarmalı idilər (Mətta 10:7, 11—14).
Təzyiq altında etiqadı dəyişməyin xeyri yoxdur, çünki Allah könüllü ibadəti qəbul edir (Qanunun təkrarı 6:4, 5; Mətta 22:37, 38).
Biz prozelitizmlə məşğul oluruq?
Düzdür, Müqəddəs Kitab yazıldığı kimi biz xoş xəbəri «dünyanın ucqarlarına», «hər yerdə, ev-ev» təbliğ edirik (Həvarilərin işləri 1:8; 10:42; 20:20). I əsrdəki məsihiləri günahlandırdıqları kimi, bizi də prozelitizmlə (öz dininə döndərmək) məşğul olmaqda günahlandırırlar (Həvarilərin işləri 18:12, 13). Ancaq bu ittihamlar əsassızdır. Biz etiqadımızı məcburi olaraq heç kəsə təlqin etmirik. Fikirləşirik ki, insan dəqiq bilik əldə etdikdən sonra öz seçimini etməlidir.
Biz nə din pərdəsi altında siyasi fəaliyyətlə məşğul oluruq, nə də insanları dinlərini dəyişməyə məcbur edirik. Yaxud sayımızı artırmaq üçün insanlara pul, sosial yardım təklif etmirik. Biz belə etməklə özünü məsihi adlandırıb, əslində isə belə hərəkətləri ilə Məsihin adına ləkə gətirənlərdən fərqlənirik b.
Bəs insanın öz dinini dəyişmək hüququ var?
Bəli. Müqəddəs Kitab göstərir ki, insan öz etiqadını dəyişə bilər. Orada ata-analarının, qohumlarının dinlərinə riayət etməyən, azad şəkildə həqiqi Allaha ibadət etməyi seçən çoxlu insanlardan bəhs olunur. İbrahim, Rut, həvari Bulus, Afinadakı bəzi insanları buna nümunə gətirmək olar (Yuşə 24:2; Rut 1:14—16; Həvarilərin işləri 17:22, 30—34; Qalatiyalılara 1:14, 23). Üstəlik, Müqəddəs Kitab insanın səhv seçim edib həqiqi ibadəti tərk etmək hüququnun olduğunu təsdiq edir (1 Yəhya 2:19).
BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi tərəfindən dəstəklənən etiqadını dəyişmək hüququ «beynəlxalq insan hüquqları haqqında qanunun əsası» adlanır. Sənəddə qeyd olunur ki, hər kəs «dinini və əqidəsini dəyişməkdə» və dini ideyalar daxil olmaqla, «hansısa məlumat və ideyaları mənimsəmək və yaymaqda» azaddır c. Bu hüquqlar imanlarını qorumaq və razılaşmadığı ideyaları qəbul etməmək ixtiyarı olan insanların hüquqlarına hörmət etmək öhdəçiliyi də daşıyır.
Dinin dəyişdirilməsi dədə-baba adətlərinə hörmətsizlikdir?
Heç də belə deyil. Müqəddəs Kitab təşviq edir ki, dinindən asılı olmayaraq, bütün insanlara hörmət edək (1 Butrus 2:17). Yehovanın Şahidləri, hətta valideynlərinin etiqadları fərqli olsa da, Müqəddəs Kitabın valideynlərinizə hörmət edin əmrinə riayət edirlər (Efeslilərə 6:2, 3).
Ancaq hər kəs Müqəddəs Kitabın nöqteyi-nəzəri ilə razılaşmır. Zambiyada böyümüş bir qadın deyir: «Mənim yaşadığım cəmiyyətdə dinini dəyişmək ailəyə və həmin cəmiyyətə xəyanət etmək deməkdir». Bu qadın yeniyetmə çağlarında Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənməyə başlamış və bir qədər sonra dinini dəyişmək qərarına gəlir. O üzləşdiyi vəziyyətlə bağlı bölüşür: «Valideynlərim məndən tez-tez narazı olduqlarını və onların ümidlərini puç etdiyimi deyirlər. Mənə çox çətin idi, çünki valideynlərimin razılığı mənim üçün çox şey ifadə edir... Yehovaya sadiq qalmağı seçmək ailəmə sadiq olmadığımı göstərmir d».
a «Gözətçi Qülləsi»nin 2002-ci il 1 yanvar sayı, 22-ci səhifə, 15-ci abzas.
b Məsələn, eramızın 785-ci ilində Böyük Karl məsihi kimi vəftiz olunmayan saksoniyalıların ölüm cəzasına məhkum edilməsinə fərman vermişdi. Eramızın 1555-ci ildə Auqsburq dini sülhü Müqəddəs Roma imperiyasında döyüşən tərəflər arasında imzalanmışdı. Roma-Katolik və ya Lüteran kilsəsi, eləcə də onun hakimiyyəti altında olanlar Böyük Karlın dinini qəbul etməli idilər. Dinin qanun-qaydalarına riayət etməkdən boyun qaçıranlar ölkəni tərk etməli idilər.
c Oxşar hüquqlar İnsan və xalq hüquqlarına dair Afrika Xartiyası, İnsan Hüquqları və Vəzifələri üzrə Amerika Bəyannaməsi, İnsan Hüquqları üzrə 2004-cü il Ərəb Xartiyası, Avropa İnsan Hüquqları Konvensiyası, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapır. Amma belə hüquqların təmin olunmasını tələb edən xalqlar da bu məsələdə öz öhdəçiliklərini yerinə yetirmirlər.
d Müqəddəs Kitaba əsasən həqiqi Allahın adı.