Nəyə görə Yehovanın Şahidləri Məsihin ölümünü anma mərasimini digər dinlərin keçirdiyi kimi keçirmirlər?
Biz «Rəbbin axşam yeməyi», «Rəbbin süfrəsi» və «Ağanın şam yeməyi» kimi də tanınan Məsihin ölümünü anma mərasimini Müqəddəs Kitabda deyildiyi kimi keçiririk (1 Korinflilərə 11:20; İncil, 1993; İncil, 1996). Digər məzhəblərin bu mərasimə dair inancları və onu keçirmək tərzləri Müqəddəs Kitaba əsaslanmır.
Məqsədi
Məsihin ölümünü anma mərasiminin keçirilməsinin məqsədi bizim uğrumuzda öz canından keçən İsa Məsihə minnətdarlığımızı bildirməkdir (Mətta 20:28; 1 Korinflilərə 11:24). Bu mərasim günahlarımızın bağışlanması üçün keçirilən dini ayin deyil. Allahın Kəlamı öyrədir ki, günahlarımız hansısa dini ayin vasitəsilə yox, İsa Məsihə iman vasitəsilə bağışlanır (Romalılara 3:25; 1 Yəhya 2:1, 2).
Neçə dəfə keçirilməlidir?
İsa Məsih şagirdlərinə anma mərasimini keçirməyi tapşırmışdı, ancaq neçə dəfə keçirməli olduqları haqda heç nə deməmişdi (Luka 22:19). Bəziləri fikirləşir ki, bu mərasim hər ay keçirilməlidir. Başqaları isə bunu hər həftə, hər gün, gündə bir neçə dəfə və ya nə vaxt lazım bilsələr, o vaxt da keçirirlər. Ancaq bu insanlar bəzi məqamları nəzərdən qaçırırlar. Gəlin bu məqamlara baxaq.
İsa anma mərasimini Yəhudilərin Pasxa bayramı günü təsis etmişdi. O, özü də elə həmin gün öldü (Mətta 26:1, 2). Bu, təsadüf deyildi. Müqəddəs Kitabda İsanın qurbanlığı Pasxa quzusu ilə müqayisə edilir (1 Korinflilərə 5:7, 8). Pasxa bayramı ildə bir dəfə keçirilirdi (Çıxış 12:1—6; Lavililər 23:5). Birinci əsrdə yaşamış məsihilər Məsihin ölümünü anma mərasimini də ildə bir dəfə keçirirdilər. Yehovanın Şahidləri də məhz bu cür edir.
Günü və saatı
İsa Məsihin keçirdiyi həmin mərasimin sayəsində biz təkcə onun neçə dəfə keçirilməli olduğunu yox, gününü və saatını da müəyyən edə bilirik. Məsih anma mərasimini Müqəddəs Kitabdakı ay təqviminə əsasən eramızın 33-cü ilinin nisan ayının 14-ü gün batandan sonra təsis etmişdi (Mətta 26:18—20, 26). Biz də birinci əsrdə yaşamış məsihilər kimi anma mərasimini ilin həmin günündə keçiririk.
Eramızın 33-cü ilinin 14 nisanı cümə gününə təsadüf etsə də, hər il bu mərasim həftənin müxtəlif günlərinə düşür. Hər il bu günü müəyyən etmək üçün biz müasir yəhudi təqvimindən yox, İsa Məsihin dövründəki təqvimdən istifadə edirik a.
Çörək və şərab
İsa Məsih bu mərasim üçün Pasxa bayramından qalmış mayasız çörəkdən və qırmızı şərabdan istifadə etmişdi (Mətta 26:26—28). Onun nümunəsini izləyərək biz də tərkibində maya və ya digər qatqılar olmayan çörəkdən və qırmızı şərabdan istifadə edirik. Bu şərab üzüm şirəsi yox, qarışdırılmamış təmiz şərab olmalıdır.
Bəzi məzhəblər maya qatılmış çörəkdən istifadə edirlər, halbuki Müqəddəs Kitabda maya günah və qüsurun rəmzi kimi istifadə edilir (Luka 12:1; 1 Korinflilərə 5:6—8; Qalatiyalılara 5:7—9). Buna görə də Məsihin günahsız bədənini yalnız mayasız çörək təmsil edə bilər (1 Butrus 2:22). Bəzi məzhəblər öz inanclarında içkini haram saydıqlarına görə şərabı üzüm şirəsi ilə əvəz edirlər. Ancaq bu, Allahın Kəlamına əsaslanmır (1 Timutiyə 5:23).
Hərfi mənada bədən və qan, yoxsa rəmzlər?
Həmin anma mərasimində istifadə olunan mayasız çörək və qırmızı şərab İsa Məsihin bədəninin və qanının rəmzi idi. Onlar bəzilərinin düşündüyü kimi, möcüzəli şəkildə bədənə və qana çevrilməmişdi. Gəlin görək Müqəddəs Kitab bunların rəmzi məna daşıdığını necə sübut edir.
Əgər İsa peyğəmbər şagirdlərinə onun qanını içməyi tapşırsaydı, onda onları Allahın qanla bağlı qanununu pozmağa təhrik etmiş olardı (Yaradılış 9:4; Həvarilərin işləri 15:28, 29). Bu, mümkünsüz bir şeydir, çünki İsa Məsih heç vaxt heç kimi Allahın qanın müqəddəsliyi ilə bağlı qanununu pozmağa təşviq etməzdi (Yəhya 8: 28, 29).
Əgər həvarilər həqiqətən də İsa Məsihin qanını içsəydilər, onda İsa deməzdi ki, onun qanı axıdılacaq. Belə deməklə o göstərdi ki, gələcəkdə özünü qurban verəcək (Mətta 26:28).
İsa özünü bir dəfə qurban verdi (İbranilərə 9:25, 26). Əgər çörək və şərab onun bədəninə və qanına çevrilsəydi, onda gərək onlar hər dəfə İsanın qanını içib, ətini yeyəydilər.
İsa peyğəmbər deməmişdi ki, bunu «məni qurban vermək üçün» edin. O demişdi: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (1 Korinflilərə 11:24).
Çörək və şərabın İsanın bədəninə və qanına çevrildiyinə inananlar öz fikirlərini Müqəddəs Kitabın bəzi sözlərinə əsaslandırırlar. Məsələn, bir çox Müqəddəs Kitab tərcümələrində İsa şərab barəsində: «Bu, mənim qanımdır», — deyir (Mətta 26:28). Lakin Məsihin bu sözlərini həmçinin: «Bu,.. qanımı... təmsil edir», «Bu, qanımın rəmzidir» kimi də tərcümə etmək olar b. İsa peyğəmbər təlim verərkən tez-tez bənzətmələrdən istifadə edirdi (Mətta 13:34, 35).
Kimlər qəbul edə bilər?
Yehovanın Şahidləri Məsihin ölümünü anma mərasimini keçirərkən, orada istifadə olunan çörək və şərabdan yalnız az sayda insan qəbul edir. Niyə?
İsa Məsihin qanının tökülməsi ilə «yeni əhd» bağlandı. Bu əhd Yehova Allahın qədim İsrail xalqı ilə bağladığı əhdi əvəz etdi (İbranilərə 8:10—13). Məsihin ölümünü anma mərasimindəki simvollardan yalnız yeni əhdə daxil olanlar, yəni bütün məsihilər yox, Allah tərəfindən xüsusi «dəvət almış» məsihilər qəbul edə bilər (İbranilərə 9:15; Luka 22:20). Müqəddəs Kitabda onların 144000 nəfər olduğu deyilir. Onlar göydə Məsihlə birlikdə idarə edəcəklər (Luka 22:28—30; Vəhy 5:9, 10; 14:1, 3).
Bu kiçik qrupdan fərqli olaraq, əksəriyyətimiz yer üzündə əbədi yaşayacaq «böyük izdihamın» bir hissəsi olacağıq (Luka 12:32; Vəhy 7:9, 10). Yer üzündə yaşamaq ümidinə malik olan bizlər Məsihin ölümünü anma mərasimindəki simvollardan qəbul etməsək də, orada iştirak etməklə İsa Məsihin bizim uğrumuzda verdiyi qurbanlığına görə minnətdarlıq bildirmiş oluruq (1 Yəhya 2:2).
a Müasir yəhudi təqvimində Nisan ayının başlanğıcı astronomik yeni ay ilə müəyyən edilir. Birinci əsrdə bu texnikadan istifadə olunmurdu. Qədimdə Nisan ayı yeni ayın Yerusəlimdə görünməsindən başlayırdı. Bu da astronomik ayın görünməsindən bir və ya bir neçə gün sonra ola bilər. Məhz buna görə də Yehovanın Şahidlərinin anma mərasimini qeyd etdiyi tarix müasir yəhudilərin Pasxa bayramını qeyd etdiyi tarixdən fərqlənir.
b «A New Translation of the Bible» (Ceyms Mofat); «The New Testament—A Translation in the Language of the People» (Çarlz B. Uilliams) və «The Original New Testament» (Hyu J. Şonfild) baxın.