25 MAY 2022
RUSİYA
Dennis Kristensen həbsdən azad edilib deportasiya olundu
2022-ci il mayın 25-i Dennis Kristensen sağ-salamat Danimarkaya çatdı. Bundan bir gün əvvəl onu həbsxanadan azad edib dərhal Rusiyadan deportasiya etdilər. Ümumilikdə, Dennis müxtəlif islah müəssisələrində beş il keçirdi.
Dennis deyir: «Azadlığa çıxdığım və sevimli həyat yoldaşım İrinaya yenidən qovuşduğum üçün çox xoşbəxtəm. Ümumdünya məsihi ailəmizin mənə dəstək olması Yehovadan hədiyyə oldu. Mən bundan sonra da imanlarına görə təqib olunan və həbs olunan cəsur bacı-qardaşlar üçün dua edəcəyəm».
Dostları və qohumları Dennis və İrinaya həm maddi, həm də ruhani dəstək göstərirlər. Onlar deyir: «Çox şadıq ki, indi biz Danimarkadakı bacı-qardaşlarımızla birlikdə Yehovaya sərbəst ibadət edə biləcəyik».
Dennis 2017-ci il mayın 25-i tutulub həbs edilmişdi. Həmin gün Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları və maska taxmış silahlı polislər Oryol şəhərində onun iştirak etdiyi ibadət görüşünə basqın etdilər. Daha sonra o, cəmi bir ay əvvəl Rusiya Ali Məhkəməsi tərəfindən ekstremist elan edilərək qadağan olunmuş dini təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olundu.
Rusiyanın hakimiyyət nümayəndələri dəfələrlə bildiriblər ki, qadağa yalnız Yehovanın Şahidlərinin hüquqi şəxslərinə aiddir və ayrı-ayrı dindarların öz dinlərinə etiqad etmək hüququnu məhdudlaşdırmır. Bununla belə, Dennisin həbsi Yehovanın Şahidlərinə qarşı aqressiv kampaniyanın başlanğıcı oldu. Rusiya və Krımda dindaşlarımız indiyə qədər həbs olunur.
Hal-hazırda 91 Yehovanın Şahidi həbsdə saxlanılır. Dua edirik ki, Yehova bu sadiq xidmətçilərinə həmişə dəstək olsun və onları ucaltsın (Zəbur 4:3).