Kontentə keç

25 OKTYABR 2021
MADAQASKAR

«Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri malaqasi dilində buraxıldı

«Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri malaqasi dilində buraxıldı

16 oktyabr 2021-ci il tarixində Rəhbərlik Şurasının üzvü Entoni Moris malaqasi dilində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrinin elektron formatda buraxılışını elan etdi. Qardaşın yazıya alınmış xüsusi nitqinə 40 000-ə yaxın adam baxdı. Çap formatda kitab 2022-ci ilin əvvəlində çıxacaq.

Malaqasi dilində təxminən 27 milyon adam danışır. Bu dildə danışanların əksəriyyəti Madaqaskar adasında yaşayır. Burada malaqasi dili dövlət dilidir. Madaqaskar Afrika sahillərindən 400 kilometr aralıda yerləşir; bununla belə, malaqasi dili Cənub-Şərqi Asiya və Cənubi Sakit okean regionlarında yayılmış və Fici, İndoneziya və taqal dillərinin də aid olduğu dil ailəsinə daxildir.

Müqəddəs Kitabın malaqasi dilinə ilk tərcüməsi 19-cu əsrin əvvəlinə təsadüf edir. Tərcüməçi-missionerlər malyariya, güclü təqiblər, çap avadanlığının qıtlığı kimi çoxsaylı problemlərlə üzləşmişdilər. Bununla belə, 1835-ci ildə bu dildə ilk Müqəddəs Kitab tərcüməsi işıq üzü gördü.

Ancaq o vaxtdan malaqasi dili xeyli dəyişikliklərə uğrayıb və uzun müddət oxucuların müasir və başa düşülən dildə Müqəddəs Kitabı yox idi. 2003-cü ildə Yehovanın Şahidləri malaqasi dilində İncilin, 2008-ci ildə isə tam Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni dərc etdilər.

Malaqasi dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri, dialektlər arasındakı fərqlərə baxmayaraq, indi daha aydındır. Bir tərcüməçi deyir: «Elə sözlər var ki, ancaq böyük şəhərlərdə işlənilir, amma kənd və sahilyanı ərazilərdə yaşayanlar üçün tanış deyil. Tərcüməçilər hamının başa düşəcəyi söz və ifadələrdən istifadə etməyə çalışıblar».

Nümunə üçün Koloslulara 3:13 ayəsini götürək. Orada deyilir: «Bir-birinizə qarşı həmişə səbirli olun». Şərq dialektində danışanlar «Yeni Dünya Tərcüməsi»nin əvvəlki nəşrində bu ayədə istifadə olunan ifadəni «bir-birinizlə danışmağa davam edin» kimi başa düşürdülər. Yenidən baxılmış nəşrdə bu ayə hamı üçün aydın səslənir, yəni başqalarının səhvlərini bağışlamaq lazımdır.

Başqa tərcüməçi xatırlayır: «Bu layihə üzərində işləyərkən dua etdiyim qədər heç vaxt dua etməmişdim. Yehovanın müqəddəs ruhu ilə bizə necə kömək etdiyini aydın görürdüm».

Lütfkar Allahımız Yehovadan belə gözəl hədiyyə alan bacı-qardaşlarımızın sevincinə biz də şərikik (1 Butrus 4:10).