24 OKTYABR 2017
GÜRCÜSTAN
Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın təqsirini etiraf etməsini qəbul edir
12 oktyabr 2017-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstan Respublikasının on Yehovanın Şahidinin hüququnu pozduğu etirafını qəbul etdiyinə dair qərar çıxardı. Hökumət «Qabuniya və başqaları Gürcüstana qarşı» adlı məhkəmə işinin hər bir zərərçəkəninə Avropa İnsan Hüquqları Konvensiyasının 9 və 14-cü maddələrinə əsasən, onların din azadlığı və ayrı-seçkilikdən azad olma hüquqlarını pozduğu üçün 800 avro (947 ABŞ dolları) dəyərində kompensasiya ödəməyə razılıq verdi.
2005-ci ilin sentyabr ayında on Yehovanın Şahidi dörd dəfə Pravoslav ekstremistlərin başçılığı altında izdihamın dini təqibinə məruz qaldıqları üçün AİHM-ə şikayət ərizəsi təqdim etdi. 1999-cu ilin oktyabr ayından 2003-cü ilin noyabr ayına qədər davam edən bu dörd hücum Gürcüstandakı Yehovanın Şahidlərinə qarşı hökumət tərəfindən təşkil olunmuş dini təqib kampaniyasının bir hissəsi idi. Hüquq-mühafizə orqanlarının əməkdaşları da bu təqibə görə məsuliyyət daşıyırdılar, belə ki onlar ya bu hücumda iştirak edir, ya da Yehovanın Şahidlərinin müdafiəsi üçün heç bir tədbir görmürdülər.
«Qabuniya və başqaları Gürcüstana qarşı» adlı məhkəmə işinə baxılmazdan əvvəl AİHM bu ölkəyə qarşı üç qərar çıxardı. Bu qərarlarda AİHM Yehovanın Şahidlərinin təqiblərə məruz qaldıqları müddətdə hüquqlarını müdafiə etmədiyi üçün hökuməti təqsirli bildi. AİHM belə bir qənaətə gəldi ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətsizliyi «dövlətin cinayətkarlarla iş birliyində olub-olmadığına dair mülki əhalidə əsaslı şübhə yaranmasına səbəb ola bilərdi». Bundan əlavə, məhkəmə bildirdi ki, «Gürcüstan hökuməti cəzasızlıq mühiti yaratmaqla bütün ölkədə Yehovanın Şahidlərinə qarşı digər təqiblərin baş qaldırmasına təkan verdi». Həmçinin AİHM aşkar etdi ki, «iddiaçılara qarşı edilən zorakılığa məhkəmə göz yumub» və Gürcüstan hakimləri zərərçəkənlərin şikayətinə «qərəzli və səthi» yanaşıb.
Gürcüstan hökuməti birtərəfli bəyanat tərtib edib «təəssüflə bildirdi» ki, Avropa Konvensiyasına əsasən, zərərçəkənlərin hüquqlarını pozub. Bununla, Gürcüstan hökuməti əvvəlki üç qərarda olduğu kimi, şübhəsiz, dördüncü qərarda da təqsirli bilinməkdən yaxa qurtardı. Bu gün Gürcüstandakı Yehovanın Şahidləri artıq hökumət tərəfindən hücuma və dini təqiblərə məruz qalmır. Hal-hazırda onların din azadlıqları var.