15 FEVRAL 2018
ERMƏNİSTAN
Ermənistan əqidəyə görə hərbi xidmətdən imtina hüququnu necə tanıdı?
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) son qərarı əqidəsinə görə hərbi xidmətdən imtina edən gənclərin hüququnu daha da irəli sürdü. 12 oktyabr 2017-ci il tarixində AİHM «Adyan və başqaları Ermənistana qarşı» məhkəmə işinə yenidən baxaraq, vaxtilə bu adamlara təklif olunmalı olan alternativ xidmət növü ilə bağlı presedent yaratdı.
Uzun illər ərzində AİHM-in yurisprudensiyası əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını tanımırdı. Bu səbəbdən, çoxları təqiblə üzləşmiş və həbs olunmuşdu. Lakin Məhkəmə öz mövqeyini 2011-ci ildə «Bayatyan Ermənistana qarşı» məhkəməyə işi ilə bağlı çıxarılan qərarla dəyişdi, bu məhkəmə işində əqidəyə görə hərbi xidmətdən imtina fundamental insan hüququ kimi tanındı. AİHM «Adyan» işi ilə bağlı ən son qərarında bildirdi ki, əqidəyə görə hərbi xidmətdən imtina edənlər həqiqətən mülki olan və cəza xarakteri daşımayan alternativ xidmət hüququna malikdirlər.
Ermənistanda əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin qısa tarixçəsi göstərir ki, Bayatyan, Adyan və başqalarının işləri ilə bağlı AİHM-in çıxardığı müsbət qərarlar sayəsində hökumət əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə münasibətdə böyük dəyişikliklər edib.
Ermənistanın AMX-i təqdim etməyə dair vəd verir, amma sözünü tutmur
Alternativ xidmət yox, cəza. 2001-ci ildə Ermənistan Avropa Şurasına qoşulanda Avropa standartlarına uyğun olan alternativ mülki xidməti (AMX), yəni hərbi qüvvələrin nəzarəti altında olmayan və cəza xarakteri daşımayan mülki xidmət proqramını qəbul etməyi öhdəsinə götürmüşdü. O, həmçinin əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin hamısını əfv etməyə də razılıq vermişdi a. Bununla belə, Ermənistan Vahan Bayatyan adlı əqidəsinə görə hərbi xidmətdən imtina etmiş Yehovanın Şahidinə çağırış edərkən bu öhdəliyini hələ də yerinə yetirməmişdi. 2002-ci ildə o, hərbi xidmətdən imtina etdiyi üçün təqsirli bilindi və həbs edildi, beləcə, Ermənistan AMX-i təmin etmədi. 2003-cü ildə Bayatyan AİHM-ə təqdim etdiyi ərizəsində bildirdi ki, Ermənistan onu həbslə cəzalandırmaqla onun din və etiqad azadlığı hüququnu pozur.
Sözdə alternativ xidmət, ardınca cəza. 2004-cü ildə Ermənistan AMX qanunu təqdim etdi və Yehovanın Şahidi olan bir neçə gənc hərbi xidmət əvəzinə AMX keçməyi qəbul etdi. Siyahıya salınanda bəlli oldu ki, bu proqram mülki hakimiyyət orqanları tərəfindən yox, hərbi qüvvələr tərəfindən idarə olunur və buna görə də onlar xəbərdarlıq etdikdən sonra AMX təyinatlarını tərk etdilər. Bu səbəbdən onları məhkəməyə verdilər və bəzilərini həbsə atdılar. 2006-cı ilin mayında əqidəsinə görə hərbi xidmətdən imtina etmiş Hayk Kaçatryan və digər 18 Yehovanın Şahidi AİHM-ə ərizə ilə müraciət edərək bildirdilər ki, bu qeyri-qanuni ittihamla onların hüquqları pozulur b.
İllər ərzində vəziyyət dəyişmədi. Uzun illər Ermənistan AMX-lə bağlı qanuna düzəliş etmək üçün heç bir addım atmadı. Yehovanın Şahidləri qüsurlu AMX-i rədd etməyə, Ermənistan isə onları həbs etməyə davam etdi. 2004-cü ildən (AMX haqda qanun qəbul ediləndən) 2013-cü ilə (AMX haqda qanuna düzəliş edilənə) kimi 317 Yehovanın Şahidi təqsirli bilinib və 24 aydan 36 aya kimi həbsdə saxlanılıb.
Bu müddət ərzində AİHM bu məsələ ilə bağlı ciddi ölçü götürməyib. 2009-cu ildə AİHM Bayatyanın din və vicdan azadlığı hüququnu təmin edən Avropa Konvensiyasının 9-cu maddəsinin qoruduğu hərbi xidmətdən imtina etmək hüququnu müdafiə edən apellyasiya şikayətinə baxdı. Bununla belə, AİHM onilliklərdir malik olduğu yurisprudensiyasına riayət etmək məcburiyyətində idi. O düşünürdü ki, əqidəyə görə hərbi xidmətdən imtina hüququnu tanımaq hər ölkənin öz seçimidir. Əgər ölkə bu hüququ tanımırdısa, onda 9-cu maddə əqidəsinə görə hərbi xidmətdən imtina edən kəsi ittihamdan müdafiə edə bilməzdi. Bu qanun əqidəyə görə hərbi xidmətdən imtina etməklə bağlı beynəlxalq normalara uyğun gəlmədiyindən Bayatyanın vəkilləri onun məhkəmə işinə yenidən baxılması üçün AİHM-in Böyük Palatasına müraciət etdilər.
Yaxşılığa doğru dəyişiklik. AİHM-in Böyük Palatası Bayatyanın şikayətinə yenidən baxandan sonra vəziyyət dəyişdi. 2011-ci il iyulun 7-si AİHM aydın şəkildə bildirdi ki, Konvensiyanın 9-cu maddəsi əqidəyə görə hərbi xidmətdən imtina hüququnu müdafiə edir. AİHM qərara gəldi ki, Konvensiya «canlı alətdir» və inkişaf edən qanunları nəzərə almalıdır ki, nəticədə «Avropada və ətraf yerlərdə bu məsələ ilə bağlı baxılan məhkəmə işlərində ümumi bir fikir birliyi olsun». Böyük Palatanın qərarı təkcə Avropada əqidəyə görə hərbi xidmətdən imtina hüququnu inkişaf etdirmədi, eyni zamanda Ermənistanı əqidəsinə görə hərbi xidmətdən imtina edənləri həqiqi alternativ mülki xidmətlə təmin etməyə məcbur etdi.
«Vətəndaşın hərbi xidmətdən imtina etməsi onun vicdanına və ya əqidəsinə zidd olduğundan, bu, Avropa Konvensiyasının 9-cu maddəsinə əsasən, vətəndaşın hüquqlarının qorunması üçün ciddi və vacib bir əsasdır» («Bayatyan Ermənistana qarşı» [GC], no. 23459/03, § 110, ECHR 2011).
Ermənistan AMX-lə bağlı qanuna düzəliş edir
Həqiqi alternativ mülki xidmət hələ də təqdim olunmayıb. 2011-ci ilin yayında, Artur Adyan da daxil olmaqla, Ermənistanda dörd Yehovanın Şahidi hərbi qüvvələrin nəzarəti altında olan AMX-dən imtina etdikləri üçün təqsirli bilinib həbs edildi. Belə ki, Ermənistanın təqdim etdiyi alternativ mülki xidmət Avropa standartlarına müvafiq deyil və onların vicdanına ziddir. Buna görə də onlar Ermənistanın onların hüquqlarını pozduğuna dair AİHM-ə şikayət ərizəsi təqdim etdilər.
Mülki xidmət proqramı hələ də hərbi qüvvələrin nəzarəti altındadır. AİHM 27 noyabr 2012-ci il tarixində mülki yox, hərbi qüvvələrin nəzarəti altında olduğu üçün AMX-dən imtina edən 19 Yehovanın Şahidinə aid olan «Haçatryan və başqaları Ermənistana qarşı» məhkəmə işində öz qərarını açıqladı. O qərar verdi ki, Yehovanın Şahidlərinin təqib olunması və azadlıqdan məhrum edilməsi qeyri-qanunidir. Qərarda müraciət edən tərifin AMX proqramının hərbi qüvvələrin nəzarəti altında olduğuna görə şikayət etdiyi qeyd edilsə də, Məhkəmə «Haçatryan» işində bu faktı nəzərə almadı.
Həqiqi alternativ xidmət. 2013-cü ilin yayında Ermənistan hökuməti 2001-ci ildə öhdəsinə götürdüyü AMX haqda qanuna düzəliş etdi. 2013-cü ilin oktyabrından Ermənistanda həbsdə yatan Yehovanın Şahidlərinin əksəriyyəti azadlığa buraxıldı. Amma həbs müddəti başa çatmaq üzrə olanlar axıra kimi qalmaq qərarına gəldi. O vaxtdan bəri Ermənistanda əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə AMX təqdim olunur.
AİHM-in məhkəmə qərarı təkmilləşdirilir
«Bayatyan» və «Haçatryan» məhkəmə işləri ilə bağlı AİHM-in çıxardığı qərarlar aydın şəkildə göstərir ki, əqidəyə görə hərbi xidmətdən imtina etmək fundamental insan hüququdur və Ermənistan hökuməti buna hörmətlə yanaşmalıdır. Bununla belə, AİHM AMX-in hərbi qüvvələrin nəzarəti altında olmamasına dair qərar çıxarmağı dayandırdı.
Bu çatışmazlıq 2017-ci il oktyabrın 12-si AİHM «Adyan və başqaları Ermənistana qarşı» məhkəmə işində qərar verərkən həll olundu. «Adyan» məhkəmə işində AİHM qeyd etdi ki, əqidəyə görə hərbi xidmətdən imtina hüququ müdafiə olunduğu üçün Ermənistan əqidəsinə görə hərbi xidmətdən imtina edənləri Avropa standartlarına uyğun olan həqiqi alternativ mülki xidmətlə təmin etməlidir. AMX proqramı cəza xarakterli və hərbi qüvvələrin nəzarəti altında olmamalıdır. AİHM qüsurlu alternativ xidmət proqramından imtina etdikləri üçün həbs edilənlərə kompensasiya ödənilməsinə dair qərar çıxartdı.
«Məhkəmə hesab edir ki, Konvensiyanın 9-cu maddəsinin zəmanət verdiyi əqidəyə görə hərbi xidmətdən imtina hüququ o zaman xülya olar bilərdi ki, əgər dövlət özü, qanunla və ya praktikada olsun, cəza olmayan və ya cəza xarakteri daşımayan qeyri-hərbi əsl alternativ mülki xidməti təklif edə bilməyəcəyi şəkildə təşkil və tətbiq etsəydi» («Adyan və başqaları Ermənistana qarşı», no. 75604/11, § 67, ECHR 2017).
Məsələ öz həllini tapdı
2018-ci ilin yanvar ayı üçün olan hesabata əsasən, Ermənistanda 161 Yehovanın Şahidi AMX keçib, 105-i isə hal-hazırda bu proqramı keçir. Həm Yehovanın Şahidləri, həm də AMX proqramına cavabdeh olan hökumət nümayəndələri əldə olunan nailiyyətlərdən razıdır. Bu həm cəmiyyətə fayda gətirir, həm də alternativ milli xidmətlə bağlı müraciət edənlər üçün münasibdir. Beləcə, Ermənistanda yaxın günlərə qədər mövcud olan insan haqları problemi öz həllini tapdı.
Ermənistanda Yehovanın Şahidlərinin təmsil edən vəkillərdən biri olan Andre Karbonno bu məsələni həll etdiyinə görə hökumətə minnətdarlığını bildirdi. O deyir: «2011-ci ildə AİHM-in “Bayatyan” məhkəmə işində Ermənistana qarşı çıxardığı qərarlardan sonra bu məsələ ilə bağlı əldə olunan nailiyyətlərin şahidiyik. “Haçatryan” və “Adyan” məhkəmə işləri ilə bağlı çıxarılan qərarlar hərbi qüvvələrin nəzarəti altında olmayan alternativ mülki xidmətin əsaslı müdafiəsinə böyük zəmin yaratdı. Ümid edirik ki, hələ alternativ mülki xidmət proqramı olmayan digər ölkələr Ermənistanın əqidəsinə görə hərbi xidmətdən imtina edənlər üçün, eləcə də cəmiyyətin rifahı naminə alternativ mülki xidməti öhdəsinə götürməklə əldə etdiyi uğura nəzər salacaqlar».
|
AMX yoxdur |
AMX cəza xarakterli |
AMX hüququ var, amma tədbiq olunmur |
---|---|---|---|
Azərbaycan |
|
|
X |
Belarus |
|
X |
|
Eritreya |
X |
|
|
Litva |
X c |
|
|
Sinqapur |
X |
|
|
Cənubi Koreya |
X |
|
|
Tacikistan |
|
|
X |
Türkiyə |
X |
|
|
Türkmənistan |
X |
|
|
İcmal
12 oktyabr 2017-ci il
AİHM «Adyan və başqaları Ermənistana qarşı» məhkəmə işinə dair qərar çıxarır.
Yanvar 2014-cü il
AMX proqramında ilk qeydiyyatdan keçən Yehovanın Şahidləri öz xidmətlərinə başlayır.
12 noyabr 2013-cü il
20 il ərzində ilk dəfədir ki, əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün heç bir Yehovanın Şahidi həbs edilməyib.
8 iyun 2013-cü il
Ermənistan 2013-cü ilin oktyabrında qüvvəyə minən AMX-lə bağlı qanuna düzəliş edir.
27 noyabr 2012-ci il
AİHM «Haçatryan və başqaları Ermənistana qarşı» məhkəmə işinə dair qərar çıxarır.
10 yanvar 2012-ci il
AİHM «Buxaratyan Ermənistana qarşı» və «Tsaturyan Ermənistana qarşı» məhkəmə işlərində Bayatyanın işinə baxarkən Ermənistanın Yehovanın Şahidlərini həbs etməklə 9-cu maddəni pozduğunu aşkar edir.
7 iyul 2011-ci il
AİHM-in Böyük Palatası «Bayatyan Ermənistana qarşı» işi ilə əlaqədar çıxardığı 16-1 nömrəli qərarında əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını müdafiə edərək, onların hüquqlarının pozulduğunu bildirir (Avropa Konvensiyasının 9-cu maddəsi).
27 oktyabr 2009-cu il
AİHM «Bayatyan Ermənistana qarşı» məhkəmə işi ilə bağlı qərar verərkən bildirir ki əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə Konvensiyanın 9-cu maddəsi tətbiq olunmayıb, iş AİHM-in Böyük palatasına göndərilir.
2004-cü il
Ermənistan hərbi qüvvələrin nəzarəti altında AMX haqda qanunu qəbul edir.
2001-ci il
Ermənistan AMX-lə bağlı qanunu qəbul etməyi öhdəsinə götürür.
a Avropa Şurası Parlament Assambleyası 221 saylı (2000) Rəyində bildirdi ki, Ermənistanı Avropa Şurasına üzv olmağa o şərtlə dəvət edir ki, «Ermənistan üzərinə növbəti öhdəçilik götürsün: ... Avropa Şurasına üzv olduqdan sonra üç il ərzində Avropa standartlarına uyğun olan alternativ mülki xidmət haqda qanunu qəbul etsin və həmin müddətdə əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün həbsdə və intizam batalyonlarında saxlanılan kəsləri azadlığa buraxsın, alternativ mülki xidmətlə bağlı qanun qüvvəyə mindikdə onlara qeyri-silahlı hərbi xidmət və ya alternativ mülki xidmət seçməyə icazə versin».
b Ermənistanın 19 Yehovanın Şahidini təqib edib həbsdə saxlaması qeyri-qanunidir, çünki onlar 2005-ci ildə həbs ediliblər və həmin vaxt Ermənistanda alternativ xidməti dayandırmağın cinayət olduğunu göstərən heç bir qanun yox idi.
c Litvanın «alternativ milli müdafiə xidməti» hərbi qüvvələrin nəzarəti altındadır.