12 İYUN 2020
DÜNYADAN XƏBƏRLƏR
Pandemiya vaxtı Ruanda və Zimbabvedə bacı-qardaşlar ərzaq yardımı alır
Ruanda və Zimbabvedəki filiallar, eləcə də yerli yığıncaqların ağsaqqalları pandemiya ucbatından maddi sıxıntı çəkənlərə yardım göstərirlər.
Ruanda
2 aprel 2020-ci il tarixində Ruandanın filial komitəsi bütün ağsaqqallara göndərdiyi məktubda xahiş etmişdi ki, pandemiya ucbatından maddi sıxıntı çəkənləri müəyyən edib onlara praktiki kömək göstərsinlər. Məlumat toplandıqdan sonra bütün ölkədəki ağsaqqallar bacı-qardaşlara ərzaq və ilkin tələbat mallarını paylamağa başladılar.
Bundan iki həftə sonra Ruanda filialı artıq 31 Zərərçəkənlərə yardım komitəsi təşkil etmişdi. Bu komitələr ehtiyacı olan ailələrə qarğıdalı unu, düyü, paxla, duz, şəkər, bitki yağı və digər ərzaqlar paylayıb. İndiyədək 7000-dən çox ailə yardım alıb.
Şarlot Nizeyimana bacı və onun üç oğlu ərzaq paylarını alanda dedi: «Koronavirusun tüğyan etdiyi bu çətin bir vaxtda bizə həm ruhani, həm də fiziki qida verdiyinizə görə sizə ürəkdən minnətdarıq. Hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm».
Bir qardaş ona ailəsi üçün ərzaq payını gəlib götürməyi deyilən günü belə xatırlayır: «Həmin gün yoldaşım qida çatışmazlığı ucbatından huşunu itirmişdi. Gözlənilmədən bir qardaş mənə zəng edib dedi ki, ailəm üçün ərzaq payı hazırlanıb. Qulaqlarıma inanmadım. Bütün gecə duada Yehovaya minnətdarlığımı bildirdim».
Zimbabve
COVID-19 pandemiyası ölkədəki ərzaq qıtlığını daha da şiddətləndirib.
Zimbabve filialı beş Zərərçəkənlərə yardım komitəsi təşkil edib. Bundan əlavə, filial ehtiyacı olan bacı-qardaşlara kömək etmək istəyən təbliğçilər arasında ərzaq və ilkin tələbat mallarının yığılmasını təşkil edib. İanə edilən ərzaq və malları yardım komitələri paylayır.
İndiyə qədər 7319 təbliğçi arasında 62669 kiloqram qarğıdalı unu, 6269 litr bitki yağı, 3337 kiloqram qurudulmuş balıq və 5139 kiloqram paxla paylanılıb.
Müqəddəs Kitabı öyrənən və yığıncaqlarda müntəzəm iştirak edən bir ər-arvad ərzaq qıtlığından əziyyət çəkirdi. Onlara dərs keçən qardaş ərzaq bağlaması gətirəndə onlar çox mütəəssir oldular. Bundan bir gün əvvəl keçmiş kilsələrinin keşişi onlarla əlaqə saxlayıb ianə etməyi tələb etmişdi, çünki ona və arvadına ərzaq almaq üçün pul lazım idi. Yehovanın Şahidlərinin keşişdən necə fərqləndiyini görəndə ər-arvad kilsədən rəsmən çıxmaq qərarına gəldi.
Biz əminik ki, Yehova bundan sonra da yardım işinə xeyir-dua verəcək ki, Ruanda və Zimbabvedəki bacı-qardaşlar heç nədən korluq çəkməsinlər (Həvarilərin işləri 11:29).