GƏNCLƏRİN SUALLARI
Okkultizm zərərsiz əyləncədir?
Necə fikirləşirsən?
Ulduz falına, Uica lövhələrinə və ya parapsixoloqa müraciət etməyin bir zərəri var?
Okkultizm hekayələri sadəcə xeyirlə şərin simvolik mübarizəsindən bəhs edən alleqoriyadır, yoxsa daha real və təhlükəli bir şeydir?
Bu məqalədə görəcəyik ki, spiritizm nə üçün maraq oyada bilər və nəyə görə diqqətli olmalısan.
Maraq oyadan nədir?
Əyləncə sənayesindəki insanlar okkultizmlə bağlı filmlər, televiziya verilişləri, videooyunlar və kitablar istehsal etməklə çoxlu qazanc əldə edir. Nəticədə, astrologiya, cadugərlik, cinlər, vampirlər və bu kimi şeylər gənclərin çoxunda maraq oyadır. Nəyə görə? Səbəblər aşağıdakılardır:
Maraq: Ruhani varlıqların mövcud olub-olmadığını aydınlaşdırmaq istəyi
Narahatlıq: Gələcəkdə baş verəcək şeyləri öyrənmək istəyi
Əlaqə: Ölən əzizlərimizlə ünsiyyət qurmaq istəyi
Bəlkə də bütün bunlar öz-özlüyündə yanlış deyil. Məsələn, gələcək barədə narahatçılıq keçirmək və ya ölən əzizlərimiz üçün darıxmaq təbiidir. Amma bu sahədə bilməli olduğun təhlükələr də var.
Nəyə görə diqqətli olmalısan?
Müqəddəs Kitabda spiritizmlə bağlı hər şeyə aid ciddi xəbərdarlıqlar var. Məsələn, orada deyilir:
«Aranızda... rəmmal, sehrbaz, fala baxan, cadugər, ovsunçu, cindar yanına gedən, gələcəyi deyən, ölüləri çağıran olmamalıdır. Çünki bu işləri görən hər kəs Yehovanın gözündə mənfurdur və bu iyrənc əməllərə görədir ki, Allahınız Yehova o xalqları önünüzdən qovur» (Qanunun təkrarı 18:10—12).
Nəyə görə Müqəddəs Kitabda spiritizm sərt şəkildə mühakimə olunur?
Spiritizm cinlərlə əlaqəni dəstəkləyir. Müqəddəs Kitabda deyilir ki, bəzi mələklər Allaha qarşı çıxaraq, Onun düşməninə çevrildilər (Yaradılış 6:2; Yəhuda 6). Cinlər adlanan bu şər mələklər medium, fala baxan və astroloqlar vasitəsilə insanları aldadır. Bu şeylərlə məşğul olmaq bizi Allahın düşmənləri ilə bir sıraya qoyur.
Spiritizm aşılayır ki, bəzi insanlar gələcəyi demək qabiliyyətinə malikdir. Əslində isə yalnız Allah «axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən» xəbər verməyə qadirdir (Əşiya 46:10; Yaqub 4:13, 14).
Spiritizm ölülərin dirilərlə danışa bildiyi inancını təlqin edir. Əslində isə Müqəddəs Kitabda deyilir: «Ölülər heç nə bilmir... Məzarda nə iş, nə niyyət, nə elm, nə də hikmət var» (Vaiz 9:5, 10).
Məhz bu səbəblərdən Yehovanın Şahidləri spiritizmlə bağlı əməllərdən uzaq durur. Onlar həmçinin zombilər, vampirlər və paranormal hadisələrdən bəhs edən əyləncə növlərindən qaçırlar. Mariya adlı bir gənc deyir: «Əgər filmdə cindarlıqla əlaqəli bir şey varsa, yaxşı olar ki, buna baxmayım» a.
Nə edə bilərsən?
Yehovanın önündə vicdanını təmiz saxlamaqda qətiyyətli ol. Bunun üçün okkultizmin daxil olduğu bütün məşğuliyyətlərdən və əyləncələrdən uzaq gəz (Həvarilərin işləri 24:16).
Okkultizmlə əlaqəsi olan bütün şəxsi əşyalarından imtina et. Həvarilərin işləri 19:19, 20 ayələrini oxu və bu məsələdə birinci əsrdə yaşayan məsihilərin qoyduğu gözəl nümunəni nəzərdən keçir.
Yadda saxla: Okkultizmlə bağlı məşğuliyyətlərdən və əyləncələrdən uzaq duranda Yehovanın tərəfində durduğumuzu açıq-aydın göstəririk. Bu isə Onun qəlbini sevindirir! (Məsəllər 27:11).
a Bu o demək deyil ki, bütün fantastik hekayələr birbaşa spiritizmlə bağlıdır. Bununla belə, məsihilər Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanlarının səsinə qulaq asaraq spiritizmin daxil olduğu məşğuliyyətlərdən və əyləncələrdən uzaq dururlar (2 Korinflilərə 6:17; İbranilərə 5:14).