GƏNCLƏRİN SUALLARI
Müəllimimlə necə dil tapa bilərəm?
Müəllim ədalətsizliyi
Gec-tez hər bir şagird ona ədalətsiz, həddən artıq tələbkar və qəddar görünən müəllimlə üzləşir.
21 yaşlı Luis xatırlayır: «Mənim bir müəllimim var idi. O, həmişə başqalarını təhqir edir və şagirdlərinə qarşı hörmətsiz davranırdı. Tezliklə pensiyaya çıxacaqdı və ola bilsin, buna görə düşünürdü ki, heç kəs onu işdən çıxaran deyil».
25 yaşlı Melani isə müəlliminin onu gözümçıxdıya saldığını xatırlayır. O deyir: «Müəllimim belə rəftarını mənim hamının aid olduğu dinə aid olmamağım ilə izah edirdi. O deyirdi ki, mən pis rəftara indidən öyrəşməliyəm».
Çətin xasiyyətli müəllimin varsa, məktəb ilin məzlumun günləri kimi qara olmasın deyə növbəti məsləhətləri tətbiq et.
Yararlı məsləhətlər
Uyğunlaş. Müəllimlər və onların tələbləri müxtəlifdir. Çalış müəllimin səndən nə gözlədiyini başa düşəsən və buna əməl edəsən.
Müqəddəs Kitab prinsipi: «Hikmətli qulaq asar, elmini artırar» (Məsəllər 1:5).
«Başa düşürdüm ki, müəllimimin üslubuna uyğunlaşmalıyam. Ona görə ev tapşırıqlarımı məhz onun istədiyi kimi edirdim. Bunun sayəsində mənə onunla yola getmək daha asan idi» (Kristofer).
Hörmətcil ol. Müəllimlərinlə nəzakətlə danış. Heç vaxt söz qaytarma, hətta onların buna layiq olduğunu düşünsən belə. Unutma ki, sən onların şagirdisən, həmyaşıdı yox.
Müqəddəs Kitab prinsipi: «Qoy sözləriniz həmişə duzlu, ürəkaçan olsun. Onda hər kəsə necə cavab verməyi biləcəksiniz» (Koloslulara 4:6).
«Şagirdlər müəllimlərə həmişə layiq olduqları hörməti göstərmir. Ona görə sənin onlara münasibətin onların sənə münasibətinə təsir edəcək» (Siara).
Anlayışlı ol. Müəllim də insandır. Bu o deməkdir ki, onlar da hamı kimi təzyiqlərlə üzləşir və narahatçılıq keçirir. Odur ki, dərhal müəllimin qəddar olduğu, yaxud sənə nifrət etdiyi nəticəsinə gəlmə.
Müqəddəs Kitab prinsipi: «Hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2).
«Müəllimlərin işi həqiqətən çətindir. Bütün bu uşaqları oturdub dərs keçməyi heç təsəvvürümə gətirə bilmirəm. Mən həmişə düşünürdüm ki, müəllimin işini asanlaşdırmalıyam. Özümü yaxşı aparmalıyam ki, o, heç olmasa mənə görə fikir çəkməsin» (Aleksis).
Valideynlərin ilə danış. Valideynlərindən yaxşı heç kəs sənə dəstək ola bilməz. Onlar istəyirlər ki, sən yaxşı oxuyasan və onların verdiyi məsləhətlər sənə çətin müəllimlə dil tapmağa kömək edə bilər.
Müqəddəs Kitab prinsipi: «Məsləhətsiz niyyət boşa çıxar» (Məsəllər 15:22).
«Çətinlikləri həll etməkdə valideynlərin təcrübəsi uşaqların təcrübəsindən çoxdur. Odur ki, onların məsləhətlərini qulaqardına vurma. Onda xeyir taparsan» (Oliviya).
Müəlliminlə necə danışa bilərsən?
Bəzən müəlliminizlə aranızda yaranmış çətinlik barədə danışmaq lazım gələ bilər. Mübahisə yaranacağından qorxursansa, narahat olma. Sən müəllimlə dalaşmağa yox, sadəcə problemi müzakirə etməyə gedirsən. Bu, sənin fikirləşdiyindən daha asan və effektiv ola bilər.
Müqəddəs Kitab prinsipi: «Gəlin sülhə aparan... şeylərə can ataq» (Romalılara 14:19).
«Əgər sənə elə gəlirsə ki, müəllim yalnız sənə qarşı sərt davranır, ona yaxınlaşıb soruş: “Müəllim, bəlkə, mən sizi məyus edən bir səhv etmişəm?” Ona diqqətlə qulaq as və gör nəyi düzəltməlisən» (Culiana).
«Yaxşı olardı ki, aranızdakı vəziyyətin sənə necə təsir etdiyini dərsdən əvvəl və ya sonra müəllimə təklikdə sakitcə başa salasan. Çox ehtimal ki, o, səni başa düşəcək və problemi necə həll etməyin sənə onun hörmətini qazandıracaq» (Benjamin).
OLMUŞ HADİSƏ
«Mən pis qiymətlər alırdım, müəllimim isə mənə kömək etmirdi. O, mənim məktəb həyatımı dəhşətə çevirmişdi, ona görə məktəbə getmək istəmirdim.
Məsləhət üçün başqa bir müəllimə müraciət etdim. O dedi: “Nə sən onun, nə də o, sənin əslində necə insan olduğunu bilmir. Sən gedib onunla problem barədə danışmalısan. Ola bilsin, belə etsən, onunla söhbət etməkdən qorxan digər şagirdlərə kömək etmiş olacaqsan”.
Bunu etmək heç istəmirdim. Amma onun sözlərini yaxşı-yaxşı götür-qoy etdikdən sonra başa düşdüm ki, o haqlıdır. Əgər vəziyyətin dəyişməsini istəyirəmsə, təşəbbüsü öz üzərimə götürməliyəm.
Növbəti gün müəllimə yaxınlaşıb hörmətcil şəkildə dedim ki, onun dərs dediyi fənni xoşlayıram və onu bacardığım qədər yaxşı oxumaq istəyirəm. Amma mənə çətindir və bilmirəm nə edim. O, mənə bəzi məsləhətlər verdi və hətta dərsdən sonra və ya elektron poçt vasitəsilə kömək etməyi də təklif etdi.
Şokda idim! Bu söhbətdən sonra aramızdakı uçurum yoxa çıxdı. Məktəbə gedib-gəlmək daha xoş oldu» (Mariya).
Məsləhət. Müəlliminlə çətinliyin varsa, buna yetkin həyata hazırlıq kimi bax. 22 yaşlı Keti deyir: «Hətta məktəbi bitirdikdən sonra, böyük ehtimal ki, həyatda başqaları ilə xoş rəftar etməyən vəzifəli insanlarla qarşılaşacaqsınız. Əgər çətin müəllimlə yola getməyi indidən öyrənsəniz, gələcəkdə bu cür insanlarla dil tapmaq asan olacaq».