İnsan öləndə nə baş verir?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Kitabda deyilir: «Dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək» (Vaiz 9:5; Məzmur 146:4). Beləliklə, insan öləndə mövcudluğuna son qoyur. Ölmüş insan düşünə, hərəkət edə və hiss edə bilmir.
«Torpağa qayıdacaqsan»
Allah ölümün nə olduğunu ilk insan Adəmə izah etmişdi. Adəm Allahın sözündən çıxdığı üçün Allah ona dedi: «Yerin torpağısan, torpağa da qayıdacaqsan» (Yaradılış 3:19). Allah Adəmi «yerin torpağından» düzəltməzdən öncə o yox idi (Yaradılış 2:7). Adəm öləndə də torpağa qayıtdı və mövcudluğuna son qoydu.
Eyni şey bu gün ölənlərlə də baş verir. Həm insanları, həm də heyvanları nəzərdə tutaraq Müqəddəs Kitab deyir: «Hamısı torpaqdan yaranıb, torpağa da qayıdır» (Vaiz 3:19, 20).
Ölüm hər şeyin sonu deyil
Müqəddəs Kitabda ölüm çox vaxt yuxuya bənzədilir (Məzmur 13:3; Yəhya 11:11—14; Həvarilərin işləri 7:60). Dərin yuxuda olan adamın ətrafda baş verənlərdən xəbəri olmur. Eləcə də ölünün heç nədən xəbəri olmur. Bununla belə, Müqəddəs Kitab öyrədir ki, Allah-Taala ölüləri ölüm yuxusundan oyatmağa və onları yenidən həyata qaytarmağa qadirdir (Əyyub 14:13—15). Allahın dirildəcəyi insanlar üçün ölüm heç də son deyil.