Pandemiyalar. Allahın Kəlamında nə deyilir?
Müqəddəs Kitabın cavabı
Allahın Kəlamında qabaqcadan yazılmışdı ki, axırzamanda xəstəliklər olacaq. Bura həmçinin, geniş yayılmış xəstəliklər, pandemiyalar da daxildir (Luka 21:11). Bu pandemiyalar Allahın cəzası deyil. Əslində, Kəlamda deyilir ki, Allah qurduğu Padşahlıq, yəni səmavi hökumət vasitəsilə tezliklə bütün xəstəliklərə, pandemiyalara son qoyacaq.
Allahın Kəlamında pandemiyaların olacağı deyilmişdi?
Müqəddəs Kitabda COVID-19, QİÇS, ispan qripi kimi xəstəliklərin adı çəkilməyib. Lakin orada xəstəliklərin, eləcə də «ölümcül xəstəliklər»in olacağı qabaqcadan deyilmişdi (Luka 21:11; Vəhy 6:8). Bütün bunlar «dövrün yekunu»nu, yəni «axırzaman»ı göstərən əlamətin bir hissəsidir (2 Timutiyə 3:1; Mətta 24:3).
Allah insanları xəstəliklə cəzalandırır?
Müqəddəs Kitabda Allahın insanları xəstəliklə cəzalandırdığı bir neçə hadisə yazılıb. Məsələn, Allah bir neçə insanı cüzam xəstəliyinə mübtəla etmişdi (Saylar 12:1—16; 2 Padşahlar 5:20—27; 2 Salnamələr 26:16—21). Lakin bu, istisna hallar idi və xəstəlik pandemiya şəklində günahsız insanlara da yayılmamışdı. Əksinə, Allaha asi çıxan insanlara kəsilmiş hökm idi.
Bugünkü pandemiyalar Allahın cəzasıdır?
Xeyr! Bəzi insanlar iddia edir ki, Allah bu gün pandemiyaların və digər xəstəliklərin vasitəsilə insanları cəzalandırır. Ancaq bu fikir Allahın Kəlamına əsaslanmır. Gəlin səbəblərə baxaq.
Əvvəla, qədim dövrdə yaşayıb Allaha ibadət edən insanlar da xəstələnirdi. Bu gün də Allaha ibadət edənlər arasında xəstələnənlər var. Məsələn, keçmişdə Allaha sədaqətlə xidmət edən Timuti adlı mömin bir şəxs tez-tez naxoşlayırdı (1 Timutiyə 5:23). Müqəddəs Kitabda deyilmir ki, bu xəstəlik Allahın ondan narazı olduğunun əlaməti idi. Eynilə, bu gün də Allaha ibadət edən mömin insanlardan bəziləri xəstələnir, yaxud yoluxucu xəstəliklərə tutulur. Çox vaxt onlar sadəcə təsadüfün qurbanı olurlar (Vaiz 9:11).
Üstəlik, Müqəddəs Kitaba əsasən, Allahın pis insanları cəzalandırmaq üçün təyin etdiyi vaxt hələ yetişməyib. Əksinə, yaşadığımız dövr «xilas günü»dür, yəni indi Allah bütün insanları Ona yaxınlaşmağa və xilas olmağa səsləyir (2 Korinflilərə 6:2). Belə ki, hazırda bütün dünyada «Padşahlıq haqqında» müjdə təbliğ olunur. Məhz bu təbliğ vasitəsilə Allah insanları xilasa dəvət edir (Mətta 24:14).
Pandemiyalar nə vaxtsa bitəcək?
Bəli. Allahın Kəlamında deyilir ki, yaxın gələcəkdə heç kəs xəstələnməyəcək. Allahın qurduğu Padşahlıq bütün yer üzünü idarə edəndə Allah bütün xəstələrə şəfa verəcək (Əşiya 33:24; 35:5, 6). O, ağrı-acını, əzabları və ölümü yox edəcək (Vəhy 21:4). Allah vəfat etmiş insanları yenidən həyata qaytaracaq. Onlar yer üzündə sağlam ömür sürəcək, mükəmməl şəraitdə yaşayacaq (Zəbur 37:29; Həvarilərin işləri 24:15).
Allahın Kəlamından xəstəliklər barədə ayələr
Mətta 4:23: «İsa bütün Cəliləni gəzib onların sinaqoqlarında vəz edir, Padşahlıq haqqındakı müjdəni təbliğ edir, hər cür xəstəni və naxoşu sağaldırdı».
Mənası: İsa Məsihin göstərdiyi möcüzələr Allahın Padşahlığının tezliklə bütün bəşəriyyət üçün edəcəyi işlərin kiçik nümunəsi idi.
Luka 21:11: «Xəstəliklər olacaq».
Mənası: Xəstəliklərin geniş yayılması axırzamanı göstərən əlamətin bir hissəsidir.
Vəhy 6:8: «Budur: meydana solğun rəngli at çıxdı. Onun belində oturanın adı Ölüm idi və Məzar addımbaaddım onun dalınca gəlirdi. Onlara yer üzünün dörddə bir hissəsi üzərində ixtiyar verildi. Onlar əhalini... ölümcül xəstəliklər... vasitəsilə qırmalı idilər».
Mənası: Axırzamanın carçıları olan dörd atlı barədə peyğəmbərliyə əsasən, bizim dövrdə pandemiyalar olmalı idi.