TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?
Remor balığının sormacı
Yapışqan balıqlar fəsiləsindən olan remor balığı digər dəniz məxluqlarına möhkəm yapışmaq və sahibinə zərər vurmadan asanlıqla ondan qopmaq bacarığına malikdir. Balığın bu qabiliyyəti tədqiqatçıların diqqətini cəlb edib.
Düşünün. Remor balığı dərisinin və ya çanağının quruluşundan asılı olmayaraq, skat, akula, tısbağa, balina kimi dəniz məxluqlarına yapışır. Remor parazitlərlə və sahibinin artıq qalan qidaları ilə qidalanır, eyni zamanda heç bir güc sərf etmədən rahat şəkildə sahibi ilə birgə «səyahət edir», üstəlik, yırtıcılardan müdafiə ilə təmin olunur. Tədqiqatçılar remorun müxtəlif səthlərə ehmalca, eyni zamanda möhkəm necə yapışdığını başa düşmək üçün onun sormacını tədqiq edir.
Balina köpəkbalığını müşayiət edən remorlar
Remorun ovalşəkilli sormacı baş nahiyəsində yerləşir. Sormacın yumşaq və elastik kənarları səthlərə kip yapışaraq hermetikliyi təmin edir. Sormacın içində cərgə şəklində zolaqlar yerləşir. Zolaqların xırda bərk çıxıntıları var. Zolaqlar şaquli vəziyyətə gələndə çıxıntılar remorun yapışmaq istədiyi canlının dərisi ilə təmasa girir və bunun sayəsində sürtünmə qüvvəsi əmələ gəlir. Remorun yapışdığı canlı sürətlə üzsə və səmtini kəskin şəkildə dəyişsə də, yaranmış vakuum və sürtünmə qüvvəsi remoru ondan qopmağa qoymur.
Remorun bu cür asan yapışıb-qopan sormacına valeh olan alimlər onun bənzərini yaradıblar. Ovalşəkilli forması olan bu cihaz müxtəlif səthlərə yapışa bilir. Tədqiqatçılar onu qoparmağa cəhd göstərəndə cihaz çəkisindən yüzlərlə dəfə çox olan ağırlığa tab gətirdi!
Remorun sormacına bənzər cihazlar bir çox sahələrdə tətbiq edilə bilər. Məsələn, dəniz məxluqlarını tədqiq etmək üçün onlara quraşdırılan sensorların, eləcə də körpülərin və gəmilərin suyun altında qalan hissələrinə fənər və alətlərin bərkidilməsi üçün istifadə etmək olar.
Necə düşünürsünüz? Remorun sormacı təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?