Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Morus quşunun suya baş vurması

Morus quşunun suya baş vurması

 Morus iri dəniz quşudur. Bu quş saatda 190 kilometr sürətlə okeana baş vurur. Morusun su səthinə vurduğu zərbə cazibə qüvvəsindən 20 dəfə artıqdır. Bəs bu quşlar belə güclü zərbəyə necə davam gətirir və bunu dönə-dönə necə təkrarlayır?

 Düşünün: Morus suya baş vurmazdan öncə qanadlarını bədəninin arxasına gərib ox kimi tutur. Həmçinin gözləri müdafiəedici membran qatı ilə örtülür. Quş boyun və döş qəfəsindəki orqanları şişirdir, belə ki, onlar hava yastığı rolunu oynayaraq zərbənin təsirini yüngülləşdirir.

 Morus quşu suyun səthini yararkən dimdiyi, başı və boynu konus şəkli alır. Bu formanın sayəsində zərbənin təsiri quşun möhkəm boyun əzələlərinə bərabər paylanır. Morusun gözləri bir an içində suyun altını görməyə uyğunlaşır.

 Bəs morus quşu nə qədər dərinə baş vura bilər? Quş hərəkətverici qüvvəsi sayəsində 11 metr dərinliyə kimi dalır, bundan əlavə yarı bükülmüş qanadlarını çalaraq və pərdəli ayaqları ilə suyu itələyərək daha da dərinə üzə bilir. Morusların okean səthindən 25 metrdən çox dərinliyə baş vurduğu hallar da qeydə alınıb. Morus asanlıqla üzüb suyun səthinə çıxır və yenidən uça bilir.

 Morusun suya baş vurmasını izləyin

 Mütəxəssislər axtarış-xilas tədbirlərində istifadə etmək üçün robot moruslar yaradıb. Bu robotların uçması, suya baş vurması və sonra yenidən havada uçması gözlənilirdi. Lakin sınaq vaxtı robotlardan biri bir neçə dəfə sındı, buna səbəb isə suya həddən artıq böyük zərbə ilə çırpılması idi. Odur ki, mütəxəssislər bu robotların suya morus quşu qədər bacarıqla baş vura bilmədiyi qənaətinə gəlib.

 Necə fikirləşirsiniz? Morus quşunun suya baş vurmaq bacarığı təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?