AİLƏLƏRƏ KÖMƏK | NİKAH
Yaşa dolsanız da, nikahınızı necə qoruya bilərsiniz?
1990—2015-ci illər arası Amerika Birləşmiş Ştatlarında 50 yaş və ondan yuxarı insanlar arasında boşanma hallarının sayı iki dəfə, 65 yaşdan yuxarı insanlar arasında isə üç dəfə artmışdır. Bəs nəyə görə bu yaşda insanlar boşanırlar? Siz nikahınızı necə qoruya bilərsiniz?
Bu məqalədə
Nəyə görə bəzi insanlar yaşa dolanda boşanmaq qərarına gəlir?
Çox vaxt yaşa dolmuş insanlar arasında boşanmanın səbəbi illər ərzində onlar arasında soyuqluğun yaranmasıdır. Vaxt keçdikcə bəzi ər-arvadların ayrı-ayrı istək və maraqları yaranır, ortaq cəhətləri isə get-gedə azalır. Uşaqlar böyüyüb evi tərk edəndən sonra onlar bir həqiqəti dərk edirlər: ata və ana rollarına o qədər öyrəşiblər ki, artıq ər-arvad olduqlarını unudublar.
Son onilliklər ərzində ailə məsələləri üzrə mütəxəssis hesab olunanlar ər-arvadlara öz istək və tələbatlarını birinci yerə qoymağı aşılayırlar. «Ailə həyatım məni xoşbəxt edir? Nikahım mənə bir insan kimi müsbət təsir göstərir? Həyat yoldaşımın məni sevdiyini, qiymətləndirdiyini hiss edirəm?» Əgər bu suallara «xeyr» cavabını verirsinizsə, bu mütəxəssislərə görə siz özünüzü düşünüb boşanmalı və yeni həyata başlamalısınız.
Artıq cəmiyyətdə boşanmağa pis baxmırlar. Sosioloq Erik Klinenberq yazır: «Əvvəllər həyat yoldaşından narazı olan adam boşanmaq istəyirdisə, bu qərarını tutarlı səbəblərlə əsaslandırmalı idi. Bu gün isə, tam əksinə, əgər ailə həyatın səni xoşbəxt etmirsə, sən nəyə görə boşanmadığını izah etməlisən. Çünki cəmiyyət belə bir düşüncə ilə yaşayır: insan ilk növbədə özünü düşünməlidir» a.
İş orasındadır ki, boşanan insanlar canlarını bir problemdən qurtarıb başqa bir problemlə üzləşirlər. Məsələn, bir araşdırmaya görə «boşanma yaşa dolmuş insanlara, xüsusilə də qadınlara böyük maddi çətinliklər yaradır».
Başqa bir məqama da diqqət yetirmək lazımdır. Bir kitabda deyilir: «Çoxları təzə həyata köhnə mənliklə başlamaq istəyirlər. Əvvəlki ünsiyyət tərzinizi yaxşılaşdırmaq üçün nəsə etmisiniz? Münaqişələri başqa cür həll etməyi öyrənmisiniz?» b («Don’t Divorce»).
Nə edə bilərsiniz?
Dəyişikliyi qəbul edin. Münasibətlər daima dəyişir, eyni vəziyyətdə qalmır. Ola bilsin, uşaqlar böyüyüb artıq evi tərk ediblər, yaxud siz fərqli-fərqli şeylərə maraq göstərməyə başlamısınız. Keçmişlə yaşamaq əvəzinə, indiki vəziyyətinizi necə yaxşılaşdıra biləcəyiniz barədə düşünün.
Müqəddəs Kitab prinsipi: «Demə: “Əvvəlki günlər indikindən yaxşı idi”. Müdrik adam belə deməz» (Vaiz 7:10).
Aranızdakı dostluğu möhkəmləndirin. Bəlkə, həyat yoldaşınızı maraqlandıran mövzuya siz də maraq göstərəsiniz, yaxud sizə maraqlı olan mövzuya yoldaşınızda da maraq oyadasınız? Ya da ikinizin də xoşuna gələn yeni bir məşğuliyyət tapasınız? Məqsəd odur ki, siz birlikdə çoxlu vaxt keçirəsiniz. Bu sizə özünüzü otaq yoldaşı yox, həyat yoldaşı kimi hiss etməyə kömək edəcək.
Müqəddəs Kitab prinsipi: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24).
Nəzakətli olun. Elə edin ki, vaxt keçdikcə adi ədəb-ərkan qaydaları yoxa çıxmasın. Bir-birinizlə danışanda hörmətlə danışın. Tanışlıq dövrünüzdə göstərdiyiniz nəzakət qaydalarına indi də əməl edin. «Çox sağ ol» və «zəhmət olmasa» ifadələrini daima işlədin. Bir-birinizə məhəbbətinizi ifadə edin. Gördüyünüz işlərə görə bir-birinizə minnətdarlığınızı bildirin.
Müqəddəs Kitab prinsipi: «Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun» (Efeslilərə 4:32).
Xoş xatirələrinizi yada salın. Bir yerdə toy albomunuza və ya başqa hadisələr zamanı çəkdirdiyiniz şəkillərə baxın. Bu sizə nikahınızda məhəbbəti və hörməti qorumağa və ya yenidən alovlandırmağa kömək edəcək.
Müqəddəs Kitab prinsipi: «Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin» (Efeslilərə 5:33).
a Sitat «Solo həyat. Tək yaşamağın inanılmaz cazibəsi və geniş vüsəti» adlı kitabdan götürülüb («Going Solo—The Extraordinary Rise and Surprising Appeal of Living Alone»).
b Müqəddəs Kitaba əsasən boşanmaq üçün yeganə səbəb cinsi əxlaqsızlıqdır (Mətta 19:5, 6, 9). «Allah boşanmaya necə baxır?» adlı məqaləyə baxın.