Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaqlarınızı mediada yayılan pis xəbərlərin təsirindən qoruyun

Uşaqlarınızı mediada yayılan pis xəbərlərin təsirindən qoruyun

 Adətən videogörüntülərlə müşahidə olunan və insanların emosional vəziyyətinə güclü mənfi təsir göstərən xəbərlər gecə-gündüz yayımlanır. Onlara televizor, telefon, planşet və kompüterdə baxmaq olar.

 Belə xəbərlərə uşaqlar da baxır.

 Uşaqlarınızı mediada yayılan pis xəbərlərin təsirindən necə qoruya bilərsiniz?

 Xəbərlər uşaqlara necə təsir edir?

  •   Uşaqların çoxu xəbərlərdə gördüyü faciəvi hadisələrə görə pis olur. Bəzi uşaqlar hisslərini açıq bildirməsə də, faciəvi xəbərlər onlarda dərin narahatçılıq yaradır a. Valideynlərin yersiz təlaşı isə bu narahatçılığı daha da artıra bilər.

  •   Uşaqlar gördüklərini səhv başa düşə bilər. Məsələn, bəzi uşaqlar düşünürlər ki, gördükləri onların ailəsi ilə baş verəcək. Pis hadisə barədə xəbərin videosunu təkrar-təkrar görən balaca uşaqlar həmin hadisənin hər dəfə yenidən baş verdiyini düşünə bilər.

  •   Uşaqlara real vəziyyəti başa düşmək çətin ola bilər. Uşaqlar başa düşmürlər ki, xəbər agentliklərinin gəliri auditoriyanın böyüklüyündən asılıdır. Bu səbəbdən onlar məlumatı şişirdirlər ki, insanlar hadisə ilə bağlı başqa reportajlara da baxsınlar.

 Uşaqlarınıza narahatçılığın öhdəsindən gəlməyə necə kömək edə bilərsiniz?

  •   Faciəvi xəbərlərə tez-tez baxmağa qoymayın. Bu o demək deyil ki, uşaqlarınız dünyada baş verənlərdən bixəbər olmalıdır. Amma narahatçılıq doğuran eyni hadisə barədə uşaqların dəfələrlə eşitməsi və ya görməsi yaxşı deyil.

     «Bəzən biz bunun uşaqlarımıza necə təsir etdiyinə varmadan onların yanında xəbərləri bütün təfsilatları ilə müzakirə edirik» (Mariya).

     Müqəddəs Kitab prinsipi: «Qəlbi narahat olanın qəddi əyilər» (Məsəllər 12:25, «Müqəddəs Kitab Şirkəti, 2009»).

  •   Səbirlə qulaq asın və hisslərini başa düşməyə çalışın. Uşağınıza hadisə barədə danışmaq çətindirsə, ona hisslərini şəkil çəkməklə ifadə etməyi təklif edin. Uşaqla narahatçılıqları barədə danışarkən başa düşdüyü sözlərdən istifadə edin və hadisənin lazımsız təfsilatlarından qaçının.

     «Biz qızımızla danışandan sonra o, özünü daha yaxşı hiss etdi. Amma “dünya belədir, vəziyyətə uyğunlaşmalıyıq” kimi fikirlərin ona heç bir köməyi olmayacaqdır» (Sarahi).

     Müqəddəs Kitab prinsipi: «İnsan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19).

  •   Uşaqlara real vəziyyəti görməyə kömək edin. Məsələn, insan oğurluğu barədə xəbərlər belə cinayətlərin tez-tez baş verdiyi təəssüratı yarada bilər. Uşaqlarınıza onları qorumaq üçün hansı tədbirlər gördüyünüz barədə danışın. Həmçinin onlara izah edin ki, belə hadisələr nadir hallarda baş verdiyi üçün onları xəbərlərdə göstərirlər.

     «Uşaqlarınıza mənfi hisslərinin öhdəsindən gəlməyə kömək edin. Adətən hisslər fikirlərin nəticəsidir. Odur ki, uşaqlarınıza diqqətlərini müsbət şeylərə cəmləməyə kömək edin. Onda onlar özlərini təhlükəsizlikdə hiss edəcəklər» (Lurdes).

     Müqəddəs Kitab prinsipi: « Müdrik adamın ürəyi dilini arif edər, sözlərini inandırıcı edər» (Məsəllər 16:23).

a Narahatçılıq keçirən balaca uşaqlar gecə yatağını islada, eləcə də məktəbə getməkdən və valideynlərindən ayrı qalmaqdan qorxa bilər.