Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Necə səbir göstərə bilərik?

Necə səbir göstərə bilərik?

 «Ər-arvadların səbri hər gün sınanır. Subay olanda səbir o qədər də vacib görünməyə bilər, amma nikahın xoşbəxtliyi üçün bu, çox mühüm xüsusiyyətdir» (Con).

 Nəyə görə səbirli olmalısınız?

  •   Nikah həyat yoldaşınızın səhvlərindən sizi tamamilə agah edir.

     «Nikahdan bir müddət keçəndən sonra diqqətiniz istər-istəməz həyat yoldaşınızın arzuolunmaz xüsusiyyətlərinə cəmlənir. Bu kimi mənfi düşüncələr yaranmağa başlayanda səbrinizi itirmək çox asan olur» (Cesina).

  •   Səbirsizlik düşünmədən danışmağınıza səbəb ola bilər.

     «Hisslərimi çox tez dilə gətirirəm. Bəzən deməməli olduğum sözlər deyirəm. Əgər bir az daha səbirli olsaydım, demək istədiklərimin, həqiqətən də, lazımlı olub-olmadığını düşünər və ola bilsin, lazımsız olduğuna qərar verərdim» (Karmen).

     Müqəddəs Kitabda deyilir: «Məhəbbət səbirli və xeyirxahdır» (1 Korinflilərə 13:4). Sevən iki insanın bir-birinə səbir göstərməsi məntiqə uyğun görünür. Amma bu, həmişə belə olmur. Yuxarıda adı çəkilən Con deyir: «Hər hansı bir yaxşı xüsusiyyət kimi səbir xüsusiyyəti də inkişaf etməkdənsə, zəifləməyə daha meyilli olur. Səbri inkişaf etdirmək güc tələb edir».

 Səbri necə göstərə bilərsiniz?

  •   Gözləmədiyiniz bir şey baş verəndə səbriniz sınanır.

     Məsələn: Həyat yoldaşınız sözləri ilə sizi incidir. Siz də təbii olaraq qarşılığında eyni şeyi edirsiniz.

     Müqəddəs Kitab prinsipi: «Küsəyən olma, inciklik axmağın nişanıdır» (Vaiz 7:9, haşiyə).

     Səbir göstərin: Bir az gözləyin. Cavab verməzdən əvvəl öz-özünüzə xatırladın ki, həyat yoldaşınız sözləri ilə sizi incitmək və ya alçaltmaq istəmirdi. Bir kitabda deyilir: «Qarşı tərəfin əslində dediyi və nəzərdə tutduğu başqa şey olur, amma biz başqa şey başa düşürük. Çoxlarımız öz düşündüyünə reaksiya göstərir» («Fighting for Your Marriage»).

     Hətta əgər həyat yoldaşınız sizi acıqlandırmağa çalışsa belə, səbirli olmağınız və eyni cür qarşılıq verməməyiniz vəziyyəti düzəldə bilər. «Odun olmayanda ocaq sönər» (Məsəllər 26:20).

     «Əgər arvadınızı rəqibiniz kimi görməyə başlasanız, dayanıb ona olan sevginizin səbəbi üzərində düşünün, sonra dərhal onun üçün xoş bir şey etməyə çalışın» (İtan).

     Düşünün:

    •  Həyat yoldaşınız sözləri və hərəkətləri ilə sizi incidəndə nə edirsiniz?

    •  Növbəti dəfə eyni şey təkrarlananda daha səbirli olmaq üçün nə edə bilərsiniz?

  •   Bir şey dəfələrlə təkrarlananda səbriniz sınanır.

     Məsələn: Həyat yoldaşınız daima gecikir, sizi gözlətməklə hövsələdən çıxarır.

     Müqəddəs Kitab prinsipi: «Bir-birinizə qarşı həmişə səbirli olun... bir-birinizi ürəkdən bağışlayın» (Koloslulara 3:13).

     Səbir göstərin: Çalışın özünüzdən çox nikahınızın qeydinə qalasınız. Özünüzdən soruşun: «Baş verənlərə görə məyusluğa qapılsam və buna görə həyat yoldaşımla problem yaşasam, bu, münasibətlərimizi möhkəmləndirəcək, yoxsa ona zərər verəcək?» Həmçinin yadda saxlayın ki, «hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2). Deməli, sizin də üzərində işləməli olduğunuz sahələr var.

     «Bəzən hər hansı bir dosta daha çox səbir göstərirəm, nəinki ərimə. Düşünürəm bunun səbəbi ərimlə daha çox vaxt keçirdiyim və onun nöqsanlarını gördüyüm üçündür. Amma səbir məhəbbətin bir yönüdür və hörmət əlamətidir. Ona görə də səbirli olmağım onu sevdiyimi və ona hörmət etdiyimi göstərir» (Nia).

     Düşünün:

    •  Həyat yoldaşınızın səhvlərinə qarşı necə səbirli ola bilərsiniz?

    •  Gələcəkdə daha çox səbirli olmaq üçün nə edə bilərsiniz?