Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaqların kitab oxuması nəyə görə vacibdir? I Hissə. Oxumaq, yoxsa baxmaq?

Uşaqların kitab oxuması nəyə görə vacibdir? I Hissə. Oxumaq, yoxsa baxmaq?

 Asudə vaxtlarında uşağınız nəyə üstünlük verir: videolara baxmağa, yoxsa kitab oxumağa? O nə seçəcək: smartfon, yoxsa kitab?

 Əvvəlcə televizor, sonra internet insanları kitab oxumaqdan soyutdu. Ceyn Hili 1990-cı ildə çıxmış kitabında yazmışdı: «Kitab oxumaq get-gedə dəbdən düşə bilər» («Endangered Minds»).

 O vaxt bu sözlər inanılmaz səslənə bilərdi. Amma bu gün, otuz il sonra, texnologiyaların geniş istifadə edildiyi ölkələrdə bəzi təhsil işçilərinin sözlərinə görə, gənclərin oxumaq qabiliyyəti ümumilikdə əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib.

Bu məqalədə

 Uşaqların kitab oxuması nəyə görə vacibdir?

  •   Təxəyyülü işə salır. Məsələn, qəhrəmanların səs tembri, xarici görünüşü necədir? Hadisələr harada baş verir? Müəllif ipucuları versə də, boşluqları oxucu doldurmalıdır.

     Laura adında bir uşaqlı qadın deyir: «Film və videolara baxanda başqasının təxəyyülünün məhsulunu görürük və bu, insanı əyləndirir. Amma kitab oxumaqda xüsusi bir şey var — yazıçının sözlərini oxucu canlandırır».

  •   Yaxşı keyfiyyətlər inkişaf etdirir. Uşaqlar kitab oxuyanda problemləri təhlil etmək və onları həll etmək bacarıqlarına yiyələnirlər. Həmçinin oxumaq üçün onlar diqqətlərini cəmləməli olurlar. Bu isə onlarda səbir, özünə hakim olmaq və şəfqət xüsusiyyətlərini inkişaf etdirir.

     Şəfqət? Bəli. Bəzi tədqiqatçılar hesab edir ki, uşaqlar yavaş-yavaş oxuyanda və oxuduqları üzərində düşünəndə personajların keçirdiyi hissləri duyurlar. Beləcə, uşaqlar həyatda üzləşdikləri insanlara qarşı daha şəfqətli olmağı öyrənirlər.

  •   Dərindən düşünmək qabiliyyətini inkişaf etdirir. Oxucu müəllifin nə demək istədiyini başa düşmək üçün tələsmədən və lazım gələndə hansısa parçanı təkrarən oxumalı olur. Nəticədə, o, oxuduqlarını daha yaxşı yadda saxlayır və fayda əldə edir (1 Timutiyə 4:15).

     Cozef adında bir ata deyir: «İnsan oxuyanda hansısa ifadənin üzərində yaxşı düşünə, təzə məlumatı bildiyi məlumat ilə əlaqələndirə və özü üçün dərs çıxara bilir. Film və videolara baxmaq heç də həmişə insanı dərindən düşünməyə təşviq etmir».

 Nəticə. Filmlərin və videoların öz yeri var, amma əgər uşağınızın həyatında kitab oxumaq üçün yer olmasa, o çox şey itirəcək.

 Uşaqlarda kitab oxumağa necə həvəs oyatmaq olar?

  •   Nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. İki oğlu olan Xloya deyir: «Uşaqlarımıza hələ ana bətnində ikən kitab oxumağa başladıq və onlar doğulandan sonra da bunu davam etdik. Yaxşı ki, bunu etdik, çünki indi onlar kitab oxumağı vərdiş ediblər və bu onlara zövq verir».

     Müqəddəs Kitab prinsipi: «Müqəddəs Yazıları körpəlikdən bilirsən» (2 Timutiyə 3:15).

  •   Oxumağa həvəs oyadan mühit yaradın. Kitabları üzdə saxlayın. Tamara adında dörd uşaq anası deyir: «Uşaqlarınızda maraq oyadacaq kitablar tapın və çarpayılarının yanına qoyun».

     Müqəddəs Kitab prinsipi: «Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz» (Məsəllər 22:6).

  •   İnternetdən istifadəyə məhdudiyyət qoyun. Daniel adında bir ata məsləhət görür ki, hansısa günlərdə axşamlar heç kim elektron cihazlardan istifadə etməsin. O deyir: «Ən azı həftədə bir dəfə biz televizoru açmırdıq və birgə və ya ayrı-ayrılıqda nəsə oxuyurduq».

     Müqəddəs Kitab prinsipi: «Daha vacib şeyləri ayırd [edin]» (Filippililərə 1:10).

  •   Nümunə qoyun. İki qızı olan Karina məsləhət görür: «Şövqlə oxuyun ki, uşaqlar hekayəni xəyallarında canlandıra bilsinlər. Əgər oxumağı sevirsinizsə, çox ehtimal ki, bu sevgi uşaqlara da sirayət edəcək».

     Müqəddəs Kitab prinsipi: «Özünü... camaat qarşısında oxumağa... həsr et» (1 Timutiyə 4:13).

 Uşaqların hamısı oxumaq həvəskarı olmayacaq. Amma sizin nümunəniz uşaqlarınız üçün stimul ola bilər. İki qız atası olan Deyvid övladları üçün yalnız nümunə olmaqla kifayətlənmədi. O deyir: «Mən qızlarımın oxuduqları kitabları oxuyurdum ki, onların nəyə maraq göstərdiklərini bilim. Bunun sayəsində bizim söhbət üçün ümumi mövzularımız olurdu. Bizim hətta kiçik oxucular klubumuz var idi. Vaxtımız çox şən keçirdi».