Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Qoy ünsiyyətiniz səmərəli olsun

Qoy ünsiyyətiniz səmərəli olsun

 Bir çox ailəli insanlar qeyd edir ki, hətta birlikdə olanda belə həyat yoldaşları ilə ünsiyyət onları qane etmir. Səbəb nədir?

 Birlikdə, amma hərə öz işində. Niyə?

  •   Yorğunluq

     «Söhbət etmək üçün fürsət yarananda ya ərim çox yorğun olur, ya da mən. Mən yorğun olanda isə ən xırda şey belə əsəblərimə toxunur. Belə hallarda hər ikimiz üçün ən yaxşısı sakitcə televizora baxmaqdır» (Anna).

  •   Yayındıran elektron cihazlar

     «Sosial şəbəkələr və onlayn əyləncələr çoxlu vaxt aparır. Çoxları saatlarla internetdə oturur və bu vaxt ərzində həyat yoldaşları ilə bir kəlmə belə kəsmir. Sanki ayrı-ayrı yerlərdədirlər» (Ketrin).

  •   Müxtəlif maraqlar

     «Ərim işdən evə gələndə çox vaxt başını sevimli məşğuliyyətləri ilə qatır. Başa düşürəm ki, o, işdə bərk yorulur və istirahət etməlidir. Ancaq istərdim ki, biz birgə daha çox vaxt keçirək» (Ceyn).

  •   İş

     «Müasir texnologiyalar evlə iş arasında sərhədləri silib. Neçə dəfə olub ki, arvadımla vaxt keçirmək əvəzinə, işdən gələn elektron məktublara və mesajlara cavab vermişəm» (Mark).

 Vəziyyəti necə düzəltmək olar?

  •   Birgə vaxt keçirmək məsələsinə zərurət kimi baxın.

     Müqəddəs Kitab prinsipi: «Daha vacib şeyləri ayırd [edin]» (Filippililərə 1:10).

     Düşünün. Əməllərinizdən həyat yoldaşınızın sizin üçün iş və sevimli məşğuliyyətdən daha vacib olduğu görünür? Həyat yoldaşınıza bolluca vaxt ayırırsınız, yoxa artıq qalan vaxtınızı?

     Məsləhət. Vəziyyəti başlı-başına buraxmayın. Heç nəyə yayınmadan birgə vaxt keçirməyi planlaşdırın.

     «Ərim yalnız ikimiz üçün nəsə planlaşdıranda çox sevinirəm. Özümü xüsusi hiss edirəm və görürəm ki, mənimlə birgə olmaq onun xoşuna gəlir. Buna görə onu daha çox sevirəm» (Anna).

  •   Elektron cihazların vaxtını və yerini bilin.

     Müqəddəs Kitab prinsipi: «Hər şeyin öz vaxtı var» (Vaiz 3:1).

     Düşünün. Daxil olan mesajlar və ya bildirişlər ucbatından yoldaşınız tez-tez diqqətdən kənarda qalır?

     Məsləhət. Çalışın heç olmasa gündə bir dəfə birgə yemək yeyəsiniz və bu zaman telefonlarınızı başqa otaqda qoyun. Bu, gün ərzində baş vermiş hadisələri müzakirə etmək üçün gözəl fürsətdir.

  •   Mümkün olanda birgə alış-veriş edin və ev işlərini görün.

     Müqəddəs Kitab prinsipi: «İki nəfər bir nəfərdən yaxşıdır, çünki çəkdikləri zəhmətin mükafatı gözəl olacaq» (Vaiz 4:9).

     Düşünün. Ev işlərini adətən ayrı-ayrılıqda görürsünüz?

     Məsləhət. Bir-birinizə kömək edin, hətta iş birnəfərlik olanda belə.

     «Alış-veriş etmək, qab yumaq, paltar qatlamaq, həyət-baca işləri — bunlara sadəcə bir iş kimi deyil, birgə vaxt keçirmək üçün fürsət kimi baxın» (Nina).

  •    Bir-birinizə güzəştə gedin.

     Müqəddəs Kitab prinsipi: «Qoy hamı sizi dərrakəli [hərfən: güzəştə gedən] adam kimi tanısın» (Filippililərə 4:5, haşiyə).

     Düşünün. Həyat yoldaşınıza güzəştə gedirsiniz?

     Məsləhət. Bir-birinizlə söhbət edin və digərinin nəyə ehtiyacı olduğunu öyrənin. Hər ikinizi qane edəcək ortaq məxrəci tapın.

     «Yoldaşımın enerjisi tükənmir, mən isə səhhətimdəki problemlərə görə zəif adamam. Çox vaxt ona təklif edirəm ki, çölə çıxıb bir az havasını dəyişsin, mən isə evdə qalıram. O, çöldə idmanla məşğul olanda, mən isə evdə dincələndə hər ikimiz ehtiyacımız olan şeyi edirik. Bu, hər ikimizi qane edir» (Daniela).

 Birgə müzakirə üçün suallar

 Əvvəlcə bu suallara ayrılıqda cavab verin, sonra isə cavablarınızı birgə müzakirə edin.

  •    Sizin fikrinizcə, siz birgə kifayət qədər vaxt keçirirsiniz?

  •   Sizinlə daha çox vaxt keçirmək üçün atdığı hansı addıma görə yoldaşınızı tərifləyə bilərsiniz?

  •   Yoldaşınızın nəyi dəyişməsini istəyərdiniz?

  •   Yoldaşınız sizinlə söhbət edəndə elektron cihazlar sizi tez-tez yayındırır?

  •   Bir-birinizə nədə güzəştə gedə bilərsiniz?

  •   Birgə daha çox və yayınmadan vaxt keçirmək üçün hər ikiniz bu həftədən nəyi dəyişə bilərsiniz?