Kontentə keç

Mündəricatı göstər

ELFRİDE URBAN | BİOQRAFİYA

Xüsusi təyinatlı müjdəçi kimi xidmət etməyin verdiyi sərvət

Xüsusi təyinatlı müjdəçi kimi xidmət etməyin verdiyi sərvət

Həyatımın ilk illəri çox keşməkeşli keçib. Mən 11 dekabr 1939-cu ildə, İkinci Dünya müharibəsi başlayandan cəmi üç ay sonra Çexoslovakiyada anadan olmuşam. Anam səhhətində yaranan problemlər ucbatından doğuşdan iki həftə sonra vəfat etdi. Bundan sonra atam dolanışıq üçün Almaniyaya getdi. Nə yaxşı ki anamın valideynləri məni götürüb saxladılar. Həmin vaxt onlar anamın üç balaca bacısını, yəni xalalarımı da böyüdürdülər.

Nənəm və babamla birlikdə

 1945-ci ildə müharibə bitsə də, həyat çox çətin idi. Biz Çexoslovakiyadan çıxarılıb Almaniyaya göndərildik. Almaniyada daş üstə daş qalmamışdı, insanlar bir parça çörəyə möhtac yaşayırdı. Bəzən xalam bütün gecəni növbədə dururdu ki, bir tikə çörək ala bilsin. Hərdən isə meşəyə gedib böyürtkən və göbələk yığırdıq. Sonra da onları çörəklə dəyişdirirdik. İnsanlar qida sarıdan çox korluq çəkirdilər, o qədər çarəsiz qalmışdılar ki, qarınlarını doyurmaq üçün camaatın qapısından heyvanlarını oğurlayırdılar. Çox vaxt qarnı ac yatırdıq.

Həqiqəti Müqəddəs Kitabdan tapdıq

 Babamla nənəm katolik olsa da, Müqəddəs Kitabları yox idi. Yerli keşiş babama Müqəddəs Kitabı satmırdı. Səbəb isə onu gətirirdi ki, kilsə üzvlərinin messaya qulaq asması kifayətdir. Beləcə, babamın Allahla bağlı sualları cavabsız qaldı.

 Yeddi yaşım olanda Yehovanın Şahidləri qapımızı döydülər. Onlar babamın Üç üqnum, cəhənnəm odu və ölülərin vəziyyəti ilə bağlı suallarına Müqəddəs Kitabın özündən cavab verdilər. Onların verdikləri cavab babama ağlabatan gəldi. O əmin oldu ki, həqiqəti tapıb. Bundan sonra həmin iki bacı ilə ailəlikcə müntəzəm Müqəddəs Kitabı araşdırdıq.

Məqsədlər qoyuram

 Elə balacalıqdan qəlbimdə Yehovaya məhəbbət var idi. Xüsusi təyinatlı müjdəçilərin başqa ölkələrdə xidməti haqda məqalələri oxumağı çox xoşlayırdım. Öz-özümə düşünürdüm: «Görəsən, onlar necə həyat sürürlər? Heç vaxt Yehovanın adını eşitməyən insana təbliğ etmək necə bir hissdir?»

Gələcəkdə xüsusi təyinatlı müjdəçi kimi xidmət etməyi məqsəd qoyuram

 12 yaşım olanda qarşıma xüsusi təyinatlı müjdəçi olmağı məqsəd qoydum və müəyyən addımlar atmağa başladım. İlk növbədə, xoş xəbəri şövqlə təbliğ etməyə çalışırdım. 12 dekabr 1954-cü ildə vəftiz olundum, daha sonra isə öncül xidmətinə başladım. Bununla məqsədimə bir addım daha yaxınlaşdım.

 Bir tərəfdən də bilirdim ki, Gilad məktəbində oxumaq üçün ingilis dilini bilməyim mütləqdir. Buna görə də dil öyrənməyin üstünə düşdüm. Düşündüm ki, həmin vaxt Almaniyada olan amerikalı əsgərlərlə məşq etmək yaxşı fürsətdir. Bir gün bir əsgərə yaxınlaşıb dedim: «Mən Məsihəm». Əsgər mənə baxıb nəzakətlə dedi: «Yəqin ki, siz “mən məsihiyəm” demək istədiniz». Onda başa düşdüm ki, ingilis dilini heç də düşündüyüm qədər yaxşı bilmirəm.

 Təxminən 20 yaşımda İngiltərəyə köçdüm. Mən səhərlər bir dindaşımın evində dayə işləyirdim. Günortalar isə ev-ev təbliğə gedirdim. Bu, ingilis dilimi inkişaf etdirmək üçün çox əla fürsət idi. İngiltərədə yaşadıqca ingilis dilim əməlli-başlı inkişaf etdi.

 1966-cı ilin oktyabrında Almaniyaya qayıtdım. Məni Mexernix şəhərinə xüsusi öncül təyin etdilər. Amma oradakı insanların xoş xəbərə münasibəti elə oranın havası kimi soyuq idi. Çöldə hava buz bağlasa da, bizi içəri dəvət etmirdilər. Tez-tez dua edib Yehovaya yalvarırdım: «Əgər nə vaxtsa xüsusi təyinatlı müjdəçi olmağı mənə nəsib etsən, nə olar, məni istiqanlı insanların yanına göndər».

Məqsədimə çatıram

 Bir neçə ay xüsusi öncül kimi xidmət edəndən sonra, nəhayət, arzum çin oldu. Mən Gilad məktəbinin 44-cü sinfində oxumağa dəvət aldım. 10 sentyabr 1967-ci ildə məktəbdən məzun oldum. Bilirsiniz, mən hara təyin olundum? Mərkəzi Amerikanın gözəl, tropik ölkəsi olan Nikaraquaya! Orada xidmət edən xüsusi təyinatlı müjdəçilər məni qarşıladılar, mənə qucaq açdılar. Bacı-qardaşlar məni qarşılamağa gələndə özümü Allaha şükür edib ürəklənən həvari Bulus kimi hiss edirdim (Həvarilərin işləri 28:15).

Gilad məktəbində (mən solda dayanmışam) sinif yoldaşlarım Fransis və Marqaretlə birlikdə

 Mən Leon şəhərinə təyin olundum. Məqsəd qoydum ki, mümkün qədər tez vaxtda ispan dilini öyrənim. Yeni dil öyrənmək mənə çətin gəlirdi. Təsəvvür edin, iki ay ərzində gündə 11 saat oxuyurdum.

 Yadımdadır, bir gün təbliğdə ev sahibi mənə fresco təklif etdi. Nikaraqualılar bu içkini meyvə içkisi adlandırırlar. Ev sahibinə dedim ki, mən yalnız «filtrli su» içirəm. Qadın çaş-baş qaldı. Bir-iki gün sonra öyrəndim ki, sən demə, qadına yarım-yamalaq ispan dilimlə «müqəddəs su» içirəm demişəm. Allahdan, tədricən ispan dilim inkişaf etdi.

17 il birlikdə əməkdaşlıq etdiyim Marqaritlə birlikdə

 Tez-tez elə olurdu ki, təbliğ etdiyim insanların ailəsi ilə də Müqəddəs Kitabı araşdırırdım. Leon təhlükəsiz şəhər olduğuna görə axşamlar, hətta saat 22:00-a qədər Müqəddəs Kitab dərsləri keçmək çətinlik yaratmırdı. Demək olar, şəhərdə hamının adını bilirdim. Yolüstü qonşularımla salamlaşıb hal-əhval tuturdum. Onlar axşam mehində evlərinin həyətində yellənən stulda oturub dincəlirdilər.

 Leonda bir neçə nəfərin həqiqətə gəlməsinə kömək etdim. Onlardan biri səkkiz balaca oğlu olan Nubiya idi. 1976-cı ildə Manaquaya təyin olunana qədər onunla Müqəddəs Kitabı araşdırdıq. Manaquaya gedəndən sonra, təəssüf ki, 18 il ərzində onunla və uşaqları ilə əlaqəm olmadı. Sonradan Leona regional toplantıda iştirak etmək üçün getdim. Fasilədə bir dəstə oğlan başıma yığışmışdı. Sən demə, onlar Nubiyanın uşaqları imiş. Onların həqiqətdə böyüdüyünü biləndə sevincim yerə-göyə sığmadı.

Keşməkeşli vaxtda xidmətə davam edirik

 1970-ci ilin sonlarında siyasi və sosial çaxnaşmalar Nikaraquanı cənginə aldı. Buna baxmayaraq, biz əlimizdən gələn qədər xidmət etməyə çalışırdıq. Mən paytaxtın cənubunda yerləşən Masaya şəhərində xidmət edirdim. Orada tez-tez etiraz aksiyaları və silahlı iğtişaşlar olurdu. Hətta bir dəfə ibadət görüşü keçirilən vaxt Milli Azadlıq Ordusunun döyüşçüləri ilə hərbçilər arasında silahlı qarşıdurma oldu. Güllələrə tuş gəlməmək üçün hamımız ibadət evinin döşəməsinə uzandıq a.

 Bir gün xidmətdə olanda üzü maskalı Milli Azadlıq Ordusunun döyüşçüsünün bir hərbçini güllələdiyini gördüm. Nə qədər qorunmağa çalışsam da, hər yer maskalı adamlarla dolu idi. Üstəlik, qaçıb gizlənməyə yer də yox idi. Birdən hökumətə məxsus helikopterdən üstümüzə güllələr yağmağa başladı. Qəfildən bir adam evinin qapısını açıb məni içəri dartdı. Hiss etdim ki, məni ölümdən qurtaran Yehovadır.

Deportasiya olunduq

 1982-ci il martın 20-dək Masayada xidmət etdim. Həmin günü heç vaxt unutmaram. Xüsusi təyinatlı müjdəçi kimi xidmət edən beş əməkdaşım və mən səhər yeməyi yeyirdik. Elə bu vaxt bir dəstə əlisilahlı Milli Azadlıq Ordusunun döyüşçüsü evimizin arxa bağçasından həyətə doluşdu. Onlar birdən-birə yemək otağına soxuldular. Onlardan biri sərt şəkildə əmr etdi: «Cəld çamadanınızı yığın. Bir saat vaxtınız var!»

 Onlar bizi fermaya apardılar və bir neçə saat dustaq saxladılar. Daha sonra dördümüzü balaca avtobusa salıb Kosta-Rika sərhədinə apardılar. Bizi ölkədən çıxartdılar. Bir müddət sonra 21 xüsusi təyinatlı müjdəçinin hamısı deportasiya edildi.

 Kosta-Rikadan olan qardaşlar bizi götürüb San-Xosedə yerləşən filiala apardılar. Orada çox qalmadıq. Təxminən on gün sonra səkkizimiz Hondurasdakı yeni təyinatımıza başlamaq üçün yola düşdük.

Hondurasda xidmət edirəm

 Hondurasda Tequsiqalpa şəhərinə təyin olundum. Həmin şəhərdə 33 il xidmət etdim. Bu illər ərzində orada səkkiz yığıncaq yarandı. Təəssüf ki, illər ötdükcə Tequsiqalpada cinayətkarlıq artdı. Orada çoxlu oğrular var idi, mən də bir neçə dəfə qarət olunmuşdum. Həmçinin quldur dəstələri də çox idi. Onların əlindən qurtulmaq üçün ya pul, ya da «war tax» adlandırılan vergini ödəməli idin. Mən isə onlara deyirdim: «Məndə puldan daha dəyərli bir şey var». Sonra da əllərinə buklet və ya jurnal tutuşdururdum. Onlar da məni azad buraxırdılar.

 Tequsiqalpadakı insanların çoxu sülhpərvər və mehriban idi. Onlardan bəzilərinə həqiqəti qəbul etməsinə kömək etmişəm. Məsələn, yadıma Beti düşür. O, Müqəddəs Kitabı öyrənirdi. Düşünürdüm ki, çox yaxşı inkişaf edir. Bir gün o mənə dedi ki, indən belə yevangelist kilsəsinə gedəcək. Çox məyus olmuşdum. Amma iki il sonra Beti kilsə ilə əlaqəsini kəsdi və yenidən mənimlə Müqəddəs Kitabı araşdırmağa başladı. Bilirsiniz, niyə? Beti yığıncaqda gördüyü əsl məhəbbətdən ötrü darıxmışdı (Yəhya 13:34, 35). O mənə dedi: «Siz varlı və kasıb arasında fərq qoymursunuz, hər kəsə xoş münasibət göstərirsiniz. Siz onlar kimi deyilsiniz». Vaxt keçdikcə Beti ruhani cəhətdən irəlilədi və vəftiz olundu.

 2014-cü ildə təşkilat Tequsiqalpada xüsusi təyinatlı müjdəçilərin yaşaması üçün nəzərdə tutulan evi bağladı. Bundan sonra mən Panamaya təyin olundum. İndi Panamada xüsusi təyinatlı müjdəçilərin yaşaması üçün nəzərdə tutulan evdə dörd əməkdaşımla birlikdə qalıram.

Məqsədlərə çatmaq əsl xoşbəxtlik gətirir

 Ömrümün 55 ilini xüsusi təyinatlı müjdəçi kimi xidmət etmişəm. Səhhətimdə yaranan problemlərə görə əvvəlki kimi xidmət edə bilmirəm. Amma yenə də Yehova mənə təbliğ və təlim işində fəal olmağa kömək edir.

 Həyatımı başqa bir şeyə həsr edə bilərdim? Sözsüz ki, edə bilərdim. Amma Yehovanın verdiyi bu cür gözəl nemətlərdən məhrum olardım. İndiyədək 50-dən çox insana həqiqətə gəlməyə kömək etmişəm. Onlar mənə doğma oğlum, qızım kimidirlər. Biz böyük bir ailəyik. Həmçinin Almaniyada yaşayan və məni sevən, mənə dayaq olan Stefi xalam da var.

 Heç vaxt ailə qurmasam da, əsla özümü yalnız hiss etməmişəm. Yehova həmişə mənimlə olub. Həmçinin mənim çox gözəl dostlarım olub. Onlardan biri 17 il birgə əməkdaşlıq etdiyim Marqarit Fosterdir. Onunla çoxlu xoş xatirələrimiz var və günü bu günədək yaxın dostuq (Məsəllər 18:24).

 Düşünəndə ki, həyatımı ən dəyərli şeyə həsr etmişəm, ömrüm Yehovaya xidmətdə keçib, ürəyim fərəhlə dolur. Uşaqlıq arzum çin oldu. Yehovaya xidmət edib çoxlu xatirələr yığdım, buna görə çox xoşbəxtəm. Gələcəkdə Yehovaya əbədiyyən xidmət etməyin həsrətini çəkirəm.

a Sandino adına Milli Azadlıq Cəbhəsi 1970-ci ilin sonunda Nikaraquada çox məşhur idi. Onlar 40 ildən çox hakimiyyət sürmüş ailəni taxtdan salmışdılar.