Pandemiya yorğunluğu ilə necə mübarizə aparmaq olar?
COVID-19 xəstəliyinə tutulmaq qorxusu ilə hər gün yaşamaqdan yorulmusunuz? Elə isə, siz tək deyilsiniz. Aylardır bütün dünyada insanlar pandemiya qorxusu ilə yaşamağa uyğunlaşmalı olublar. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüqenin sözlərinə görə, çoxları «COVID-19-un yayılmasının qarşısını almaq üçün böyük qurbanlar veriblər... Belə vəziyyətdə süstlük, həvəssizlik və yorğunluq hiss etmək təbiidir».
Əgər siz də pandemiya yorğunluğu hiss edirsinizsə, ruhdan düşməyin. Müqəddəs Kitab çoxlarına bu çətin vaxtlarda gərginlik və streslə mübarizə aparmağa kömək edir və sizə də kömək edə bilər.
Pandemiya yorğunluğu nədir?
Pandemiya yorğunluğu tibbi xəstəlik deyil. Bu, pandemiya ucbatından uzun çəkən qeyri-müəyyənliyə və həyat tərzinin dəyişməsinə təbii reaksiyadır. Hər insan pandemiya yorğunluğuna bir cür reaksiya verir, amma onun bəzi ümumi əlamətləri var. Bunlar aşağıdakılardır:
Həvəssizlik
Qidalanma və yuxu rejiminin dəyişməsi
Əsəbilik
Adi vəziyyətdə problem olmayan işin stres yaratması
Fikri bir şeyə cəmləyə bilməmək
Ümidsizlik hissi
Nəyə görə pandemiya yorğunluğu ciddi məsələdir?
Pandemiya yorğunluğu həm özümüz, həm də ətrafdakı insanlar üçün ciddi təhlükə yaradır. Ehtiyatı əldən versək, yavaş-yavaş COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına əməl etmək həvəsindən düşə bilərik. Bir müddət sonra isə virusun hələ də yayılmasına və insan tələfatına səbəb olmasına baxmayaraq, onu ciddi qəbul etməyəcəyik. Məhdudiyyətlərdən təngə gələrək daha çox azadlığa can atacağıq, bununla da həm özümüzü, həm də başqalarını təhlükəyə məruz qoymuş olacağıq.
Bu gərgin vaxtlarda çoxları Müqəddəs Kitabın növbəti ayəsində deyilənlərin doğruluğuna əmin oldu: «Dar gündə ruhdan düşsən, gücün tükənər» (Məsəllər 24:10). Müqəddəs Kitabda pandemiya kimi cansıxıcı vəziyyətlərin öhdəsindən gəlməyə kömək edən prinsiplər var.
Pandemiya yorğunluğu ilə mübarizədə kömək edən Müqəddəs Kitab prinsipləri
Sosial yox, fiziki məsafə saxlayın
Müqəddəs Kitabda deyilir: «Əsil dost... dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).
Bu, nəyə görə vacibdir? Əsl dost bizi möhkəmləndirir (1 Salonikililərə 5:11). Uzun çəkən qapanma isə sağlamlıq üçün təhlükəlidir (Məsəllər 18:1).
Məsləhət. Dostlarınızla videoçat, telefon, elektron poçtu və mesaj vasitəsilə daima əlaqə saxlayın. Özünüzü pis hiss edəndə dostlarınızla danışın, mütəmadi olaraq onların hal-əhvalını tutun. Pandemiya ilə mübarizədə sizə kömək edən məsləhətləri dostlarınızla bölüşün. Dostunuz üçün xoş bir şey edin, onda hər ikinizin günü daha yaxşı keçəcək.
Yaranmış vəziyyətdən düzgün istifadə edin
Müqəddəs Kitabda deyilir: «Vaxtınızın qədrini bilin» (Efeslilərə 5:16).
Bu, nəyə görə vacibdir? Vaxtdan düzgün istifadə etsəniz, müsbət əhval-ruhiyyəni qoruyacaqsınız və həddən artıq narahatçılıq keçirməyəcəksiniz (Luka 12:25).
Məsləhət. Edə bilmədiyiniz şeylərin fikrini çəkmək əvəzinə, edə biləcəyiniz yaxşı şeylər barədə düşünün. Məsələn, indiyədək görməyə vaxt tapmadığınız işlər və ya sevimli məşğuliyyətləriniz var? Ailənizlə daha çox vaxt keçirə bilərsiniz?
Gündəlik rejimə əməl edin
Müqəddəs Kitabda deyilir: «Qoy hər şey... nizamla olsun» (1 Korinflilərə 14:40).
Bu, nəyə görə vacibdir? Gündəlik rejimi olan bir çox insanlar özlərini daha rahat və xoşbəxt hiss edirlər.
Məsləhət. İndiki vəziyyətinizə uyğun cədvəl qurun. Məktəb dərsləri, iş, ev işləri və ruhani işlər üçün vaxt təyin edin. Həmçinin cədvəlinizə sağlamlıq üçün faydalı olan məşğuliyyətlər də daxil edin, məsələn, ailənizlə vaxt keçirin, açıq havada gəzin, idman edin. Vaxtaşırı cədvəlinizə nəzər salın və ehtiyac yarandıqda ona dəyişiklik edin.
Mövsüm dəyişikliyinə uyğunlaşın
Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3).
Bu, nəyə görə vacibdir? Təmiz hava almaq və günəş altında gəzmək fiziki və emosional sağlamlıq üçün vacibdir. Amma yaşadığınız ərazidən asılı olaraq, mövsüm dəyişikliyi buna əngəl törədə bilər.
Məsləhət. Sizin yaşadığınız ərazidə indi qış mövsümüdürsə, qonaq otağına və ya işlədiyiniz yerə daha çox gün işığı düşsün deyə otaqda yerdəyişmə edin. Çöldə soyuq havada görə biləcəyiniz işlər barədə düşünün. Mümkünsə, çöldə daha çox vaxt keçirmək üçün daha isti qış paltarı alın.
Yaşadığınız ərazidə yay mövsümüdürsə, nəzərə alın ki, insanlar çöldə daha çox vaxt keçirir, ona görə daha ehtiyatlı olun. Hara gedəcəyinizi qabaqcadan planlaşdırın və insanların az olduğu vaxtı seçin.
COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə davam edin
Müqəddəs Kitabda deyilir: «Axmaq... başısoyuqdur, özündən razıdır» (Məsəllər 14:16).
Bu, nəyə görə vacibdir? COVID-19 çox təhlükəli xəstəlikdir və ölümlə nəticələnə bilər. Ehtiyatı əldən versək, ona yoluxa bilərik.
Məsləhət. Etibarlı mənbələrdən təhlükəsizlik qaydaları ilə bağlı təlimatları öyrənin və ehtiyatı əldən verib-vermədiyinizi yoxlayın. Hərəkətlərinizin sizə, ailə üzvlərinizə və başqalarına necə təsir edəcəyi barədə düşünün.
Allahla münasibətlərinizi möhkəmləndirin
Müqəddəs Kitabda deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).
Bu, nəyə görə vacibdir? Allah sizə hər bir çətinliyin öhdəsindən gəlməyə kömək etməyə qadirdir (Əşiya 41:13).
Məsləhət. Müqəddəs Kitabı hər gün oxuyun. Müqəddəs Kitabın mütaliə cədvəli sizə başlamağa kömək edə bilər.
COVID-19 pandemiyası zamanı ibadət görüşlərində iştirak etmək üçün Yehovanın Şahidləri ilə əlaqə saxlayın. Məsələn, indi bütün dünyada onlar yığıncaq görüşlərini, İsa Məsihin ölümünü anma mərasimini və illik toplantılarını videokonfrans vasitəsilə keçirirlər.
Pandemiya yorğunluğu ilə mübarizədə kömək edən ayələr
Əşiya 30:15: «Sakitlik və etibar sizin gücünüz [olar]».
İzahı. Allahın məsləhətlərinə riayət etmək sizə bu çətin vaxtlarda qəlb rahatlığını qorumağa kömək edəcək.
Məsəllər 15:15: «Məzlumun hər günü qaradır, amma könlü şad olan üçün həmişə bayramdır».
İzahı. Fikrinizi müsbət şeylərə cəmləmək hətta bu çətin günlərdə sevincinizi itirməməyə kömək edəcək.
Məsəllər 14:15: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər».
İzahı. Sağlamlıqla bağlı təhlükəsizlik qaydalarına əməl edin və məhdudiyyətlərə gərək olmadığına dərhal inanmayın.
Əşiya 33:24: «Heç bir sakin “xəstəyəm” deməyəcək».
İzahı. Allah bütün xəstəliklərə son qoyacağını vəd edir.