Kontentə keç

Mündəricatı göstər

WBBR radiostansiyası, 1924-cü il

ARXİVİMİZDƏN

Xoş xəbərin yayımı

Xoş xəbərin yayımı

 1924-cü il fevralın 24-ü bazar günü Müqəddəs Kitab Tədqiqatçılarının a WBBR adlı radiostansiyası fəaliyyətə başladı. İlk yayım necə baş tutmuşdu? Onun ilk dinləyiciləri kimlər idi? Yehovanın Şahidləri Padşahlıq haqqındakı müjdənin bütün yer üzündə yayılması işində son texnologiyadan necə yararlanır? (Mətta 24:14).

WBBR-da idarəetmə panelinə nəzarət edən texnik

«Yayıma başladıq»

 İlk yayım saat 20:30-da başladı və iki saat davam etdi. Proqram Steyton-Aylenddəki (Nyu-York) yeni tikilmiş studiyadan yayımlanırdı. Baş səs operatoru Ralf Lefler bölüşmüşdü ki, studiyadakılar həyəcan içində idilər. «Görəsən, bizə qulaq asa biləcəklər?» — deyə o narahat olurdu. Qardaş əlavə etmişdi: «Mən aparatı qoşdum və böyük ümidlərlə yayıma başladıq».

 Bu tarixi yayımın aparıcısı və studiyanın idarəçisi Viktor Şmit qardaş idi. O, proqrama bir neçə qabiliyyətli Müqəddəs Kitab Tədqiqatçısının təqdimatı ilə başladı. İlk növbədə solist pianoda klassik musiqi çaldı. Sonra isə Kora Velman İsanın itmiş quzu məsəlinə əsaslanmış «Doxsan doqquz» adlı mahnını oxudu (Luka 15:4—7). Daha sonra digər təqdimatlar da oldu. Onlardan biri də Frederik Vilyam Frans qardaşın ifasında İsanın itmiş oğul məsəlinə əsaslanan «Peşmançılıq» adlı mahnı oldu (Luka 15:11—25).

WBBR-ın açılış günü proqramı

 Həmin vaxt Müqəddəs Kitab Tədqiqatçılarının işini idarə edən Cozef Ruterford radiostansiyanı «Məsihin padşahlığının işinə» həsr edərək məruzə ilə çıxış etdi. O dedi: «Əgər Yehova insanlara radio icad etməyə yol veribsə, deməli, O istəyir ki, biz ondan istifadə edərək Onun peyğəmbərliklərinin yerinə yetməsi barədə insanlara çatdıraq».

«Bir dəfə də olsun, yayım kəsilməmişdi»

 Birləşmiş Ştatların şimal-şərqində yaşayanların çoxu ilk yayımı dinləmişdilər. Radiostansiyadan 320 kilometrdən çox məsafədə yerləşən Vermont ştatının Morisvil şəhərindən olan bir dinləyici belə demişdi: «Çox şadam ki, yayıma aydın şəkildə qulaq asa bildim... Xüsusilə də Cozef Ruterford qardaşın səsi çox yaxşı eşidilirdi... Bir dəfə də olsun, yayım kəsilməmişdi». Hətta Florida Ştatının Montisello şəhərindən olan bir dinləyici də yayıma qulaq asa bilmişdi. Yeni radiostansiya çox uğurlu alındı və minnətdarlıq məktublarının sayı hesabı yox idi.

Cozef Ruterford WBBR studiyasında mikrofon arxasında. Aparıcı Viktor Şmit qardaşdır

 Radiostansiya 33 il b Birləşmiş Ştatların şimal-şərqindəki ərazilərdə Padşahlıq haqda xoş xəbəri yaymağa davam etdi. Lakin bəzən WBBR başqa radiostansiyalara calanırdı və beləcə, Birləşmiş Ştatlardan, Kanadadan və digər ərazilərdən də milyonlarla dinləyicinin yayıma qulaq asmaq imkanı olurdu. «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 1975-ci il buraxılışında qeyd olunub: «1933-cü ildə dinləyicilərin ən yüksək sayı qeydə alınıb. Altı kontinentə müjdəni çatdırmaq və Müqəddəs Kitaba əsaslanmış 23 783 nitqi yayımlamaq üçün 408 radiostansiyadan istifadə olunmuşdu. Həmin günlərdə insan sadəcə radionun düyməsini çevirərək müxtəlif stansiyalardan “Gözətçi qülləsi” yayımını dinləyə bilərdi. Hər yerdə radio dinləyiciləri Allaha izzət gətirən həqiqət sözlərini eşidə bilərdilər».

Ev-ev təbliğ radioyayımı üstələyir

 Müqəddəs Kitab Tədqiqatçıları WBBR stansiyasının istifadəsinə başlayanda Birləşmiş Ştatlarda təxminən 1064 təbliğçi var idi. Radioyayım bu kiçik qrupa müjdəni daha çox insana çatdırmağa kömək etdi. 1957-ci ildə Birləşmiş Ştatlardakı təbliğçilərin sayı artıq orta hesabla 187 762 nəfərə, bütün dünyada isə 653 273 nəfərə çatmışdı. Bundan əlavə, yığıncaqlarda verilən təlim sayəsində canla-başla xidmət edən bacı-qardaşlar ev-ev və digər növ təbliğdə daha da səriştəli olurdular.

 Bu cür müsbət dəyişikliklər məsul qardaşları radioyayımın ev-ev təbliğlə müqayisədə hələ də effektiv olub-olmadığını götür-qoy etməyə təşviq etdi. Nəticədə onlar «Gözətçi Qülləsi Cəmiyyətinin» sahib olduğu və idarə etdiyi WBBR radiostansiyasını satmaq qərarına gəldilər. Radiostansiya 15 aprel 1957-ci il tarixində satıldı. Bundan bir gün əvvəl son yayımda Neytan Norr qardaşdan stansiyanın nəyə görə satıldığını soruşdular. O demişdi ki, Yehovanın Şahidlərinin sayının artmağının səbəbi əsas etibarı ilə ev-ev təbliğdir. Həmçinin əlavə etmişdi: «WBBR-ın yayımı çoxlarına kömək edib. Amma yayımın olmadığı ərazilərdə Yehovanın Şahidlərinin sayı daha çox artıb, nəinki yayımın olduğu ərazilərdə». Buna görə də qardaşlar nəticəyə gəldi ki, ev-ev təbliğ sayəsində daha çox insana müjdəni çatdırmaq olar. Amma bu yayımın sonu deyildi. Onilliklər sonra o bərpa olundu, lakin nisbətən fərqli formada.

Müasir dövrdə yayım

 6 oktyabr 2014-cü il tarixində Yehovanın təşkilatında maraqlı bir yenilik oldu — JW televiziyası adlanan internet televiziyası yayımlanmağa başladı. Yehovanın Şahidləri və digər insanlar aylıq buraxılışları internet saytımız, «JW Library» tətbiqi, yayım cihazları və ya peyk kanalı vasitəsilə izləyirlər. c Bununla belə, dünyanın müəyyən yerlərində Yehovanın xalqı radio və televiziyadan hələ də xidmətdə istifadə edir. Necə?

JW televiziyasının ilk buraxılışı (oktyabr, 2014-cü il)

 Son bir neçə ildir, Yehovanın təşkilatı internetin zəif və ya olmadığı ərazilərdə həftəlik yığıncaq görüşləri və toplantı proqramlarını yayımlamaq üçün digər təşkilatların televiziya və radioyayımından yararlanır. Bu tədbirlərdən Yehovanın Şahidi olmayan və həqiqətlə maraqlanan çoxlu sayda insan da faydalanır. Məsələn, 2021 və 2022-ci illər arasında radiostansiyaların menecerləri Yehovanın Şahidlərinin Şərqi Afrika filialına xəbər vermişdilər ki, Yehovanın Şahidi olmayan bir çox insan yığıncaq görüşləri ilə bağlı minnətdarlıqlarını bildirmişdilər. Keniya, Cənubi Sudan və Tanzaniyadan olan xeyli sayda dinləyici hətta Müqəddəs Kitab dərsləri keçmək istədiyini bildirib.

 Bununla belə, Yehovanın Şahidləri Padşahlıq xəbərini, əsas etibarı ilə ev-ev və araba vasitəsilə təbliğ edir, həmçinin jw.org saytı vasitəsilə insanlara çatdırırlar. Maraqlanan insanlar saytımızda Müqəddəs Kitab və ona əsaslanan nəşrləri 1080-dən çox dildə pulsuz şəkildə oxuya bilər. Onlar həmçinin Müqəddəs Kitaba aid sualların cavabını, eləcə də yığıncaq görüşlərinin ünvanını tapa bilərlər. Yehovanın Şahidlərinin zəhməti və təşəbbüsü əbəs deyil. Allahın Padşahlığı haqda xoş xəbər bəşər tarixində hələ bu qədər geniş miqyasda yayılmamışdı. Həqiqətən də, Müqəddəs Kitabda peyğəmbərlik olunduğu kimi xoş xəbər «bütün yer üzündə təbliğ» edilir (Mətta 24:14).

a Müqəddəs Kitab Tədqiqatçıları 1931-ci ildə Yehovanın Şahidləri adını qəbul ediblər.

b Bir müddət Yehovanın Şahidlərinin Kanada, Avstraliya və digər ölkələrdə də radiostansiyaları olub.