Zəkəriyyə 8:1—23

  • Yehova Siona əmin-amanlıq verir (1—23)

    • Həqiqət şəhəri Yerusəlim (3)

    • Bir-birinizə həqiqəti söyləyin (16)

    • Oruc günləri şadlığa dönəcək (18, 19)

    • Gəlin gedək, Yehovanı axtaraq (21)

    • On adam yəhudinin ətəyindən yapışacaq (23)

8  Mənə yenə ordular Allahı Yehovanın sözü nazil oldu:  «Ordular Allahı Yehova deyir: “Coşğun qeyrətlə Sionun qeyrətini çəkəcəyəm.+ Kükrəyən qəzəblə onun qeyrətini çəkəcəyəm”.  Yehova deyir: “Siona qayıdacağam,+ Yerusəlimdə məskən salacağam.+ Yerusəlimə həqiqət* şəhəri,+ ordular Allahı Yehovanın dağına müqəddəs dağ deyiləcək”.+  Ordular Allahı Yehovanın sözü budur: “Yerusəlim meydanlarında yenə ahıl kişilər, qoca qarılar əyləşəcək. Yaşları çox olduğundan hər biri əlində çəlik tutacaq.+  Şəhər meydanları atılıb-düşən oğlan və qız uşaqları ilə dolacaq”.+  Ordular Allahı Yehovanın sözü budur: “Əgər o günlərdə xalqın sağ qalanlarının gözündə bu iş müşkül görünərsə, məgər Mənə də müşkül görünməlidir?” — bəyan edir ordular Allahı Yehova.  Ordular Allahı Yehovanın sözü budur: “Bax, Mən Öz xalqımı gündoğan və günbatan torpaqlarından çıxaracağam.+  Onları Yerusəlimə gətirəcəyəm, orada yaşayacaqlar.+ Onlar Mənim xalqım olacaq, Mən də sədaqətlə, ədalətlə onların Allahı olacağam”.+  Ordular Allahı Yehovanın sözü budur: “Ey ordular Allahı Yehovanın evini, məbədi tikmək üçün təməl qoyulan gün deyilən sözləri bu gün peyğəmbərlərin dilindən eşidənlər,+ cəsur olun!+ 10  O günlərə qədər nə insanın, nə də heyvanın zəhməti üçün haqq verilmirdi.+ Düşmənlərin əlindən heç kəs rahat gedib-gələ bilmirdi. Çünki insanları bir-birinin üstünə qaldırmışdım”. 11  Ordular Allahı Yehova bəyan edir: “Ancaq indi xalqın sağ qalanları ilə əvvəlki kimi rəftar etməyəcəyəm.+ 12  Çünki sülh toxumu əkiləcək, tənək bəhrəsini, yer məhsulunu,+ göylər isə şehini verəcək. Bütün bunları xalqın sağ qalanlarına irs verəcəyəm.+ 13  Sizi qurtaracağam, ey Yəhuda və İsrail evi. Siz xalqlar arasında lənətli olmuşdunuz,+ indi isə nemət olacaqsınız.+ Qorxmayın,+ cəsur olun!”+ 14  Ordular Allahı Yehovanın sözü budur: “Atalarınız Məni qəzəbləndirdiyi üçün başınıza fəlakət gətirməyi qət etdim və peşman olmadım, — deyir ordular Allahı Yehova.+ — 15  Bu günlərdə isə Yerusəlimə və Yəhuda evinə+ yaxşılıq etməyi qət etmişəm. Qorxmayın!”+ 16  “Belə edin: bir-birinizə həqiqəti söyləyin.+ Şəhər darvazasında verilən hökmlər haqq-ədaləti, sülhü ucaltmalıdır.+ 17  Ürəyinizdə bir-birinizə qəsd qurmayın,+ yalandan and içməyin*,+ çünki Mən bütün bunlara nifrət edirəm”,+ — bəyan edir Yehova». 18  Mənə yenidən ordular Allahı Yehovanın sözü nazil oldu: 19  «Ordular Allahı Yehovanın sözü budur: “Dördüncü,+ beşinci,+ yeddinci+ və onuncu+ ayların orucu Yəhuda evi üçün sevinc, şadlıq, toy-bayram günləri olacaq.+ Odur ki, haqq-ədaləti və sülhü sevin”. 20  Ordular Allahı Yehovanın sözü budur: “Hələ çox xalqlar, çox şəhərlərin sakinləri gələcək. 21  Bir şəhərin sakinləri gedib o biri şəhərin sakinlərinə deyəcək: “Gəlin, gəlin gedək, Yehovadan lütf diləyək, ordular Allahı Yehovanı axtaraq. Bax, biz gedirik”.+ 22  Çox xalqlar və qüdrətli ümmətlər ordular Allahı Yehovanı axtarmaq və Yehovadan lütf diləmək üçün Yerusəlimə axışacaq”.+ 23  Ordular Allahı Yehovanın sözü budur: “O günlərdə bütün xalqlardan olan, müxtəlif dillərdə danışan on adam+ bir yəhudinin ətəyindən* yapışıb deyəcək: “Biz də sizinlə gedirik,+ çünki eşitmişik, Allah sizinlədir”».+

Haşiyələr

Yaxud sədaqət.
Hərfən: yalandan and içməyi sevməyin.
Yaxud paltarından.