Yuşə 1:1—18
1 Yehovanın qulu Musanın ölümündən sonra Yehova Musanın xidmətçisi+ Nun oğlu Yuşəyə*+ dedi:
2 «Artıq qulum Musa yoxdur.+ İndi sən qalx, xalqla birlikdə İordan çayını keç, onlara, İsrail xalqına verdiyim torpağa get.+
3 Musaya vəd etdiyim kimi, ayaq basdığınız hər yeri sizə verəcəyəm.+
4 Səhradan Livana, böyük çaya — Fərat çayına kimi hetlərin bütün ölkəsi,+ qərbdə Böyük dənizə* qədər ərazi sizin olacaq.+
5 Nə qədər ki sağsan, heç kim sənə bata bilməyəcək.+ Necə ki Musaya arxa olmuşdum, sənə də arxa olacağam,+ səni heç vaxt atmayacağam+.
6 Cəsur və möhkəm ol!+ Ata-babalarınıza and içib söz verdiyim torpağı almağa+ xalqın başında sən gedəcəksən.
7 Cəsur ol, möhkəm ol! Qulum Musanın tapşırdığı kimi, bütün qanunlara dəqiqliklə əməl et. Onlardan nə sağa, nə sola bir addım belə, atma ki, hər işini ağılla görə biləsən.+
8 Tövratda* yazılanlar dilindən düşməsin.+ Gecə-gündüz onları oxu* ki, hər kəlməsinə dəqiqliklə əməl edəsən.+ Onda hər işin avand olar və hikmətlə hərəkət edərsən.+
9 Bir də deyirəm, cəsur ol, möhkəm ol. Qorxma, təlaşa düşmə, çünki Mən, Allahın Yehova hər yerdə səninlə olacağam».+
10 Yuşə xalqın məmurlarına tapşırdı:
11 «Bütün düşərgəni dolaşıb xalqa söyləyin: “Yola tədarük görün. Üç gündən sonra Allahınız Yehovanın sizə mülk verdiyi torpağa sahib olmaq üçün İordanı keçəcəksiniz”».+
12 Yuşə rubənlilərə, cadlılara və Mənəssə qəbiləsinin yarısına dedi:
13 «Yehovanın qulu Musanın sizə nə söylədiyini yadınıza salın: “Allahınız Yehova sizi rahatlığa çıxaracaq. O, bu torpağı sizə verib.+
14 Qoy arvad-uşağınız, mal-heyvanınız İordanın bu tərəfində*, Musanın sizə verdiyi ərazidə qalsın.+ Siz igidlər+ isə, soydaşlarınızdan* qabaqda döyüş nizamı ilə o taya keçin.+ Onlara kömək edin,
15 ta o vaxta qədər ki, Yehova sizintək onları da rahatlığa çıxarsın, onlar da Allahınız Yehovanın verdiyi torpağa sahib olsunlar. Sonra isə Yehovanın qulu Musanın İordanın şərqində sizə mülk verdiyi torpağa qayıdıb orada yaşayın”».+
16 Onlar Yuşəyə dedilər: «Nə desən, edəcəyik, hara göndərsən, gedəcəyik.+
17 Musa kimi, sənin də hər sözünə qulaq asacağıq. Qoy Allahın Yehova Musaya dayaq olduğu kimi, sənə də dayaq olsun.+
18 Kim sənin əmrindən çıxarsa, əmrlərindən birinə belə, tabe olmazsa, öldürüləcək.+ Təki sən cəsur və möhkəm ol!»+
Haşiyələr
^ Mənası: Yehova xilasdır.
^ Aralıq dənizi.
^ Yaxud onları alçaq səslə oxu; onların üzərində düşün.
^ Yəni şərq tərəfində.
^ Hərfən: qardaşlarınızdan.