Qanunun təkrarı 30:1—20

  • Yehovaya sarı dönmək (1—10)

  • Yehovanın əmrləri çətin deyil (11—14)

  • Həyatla ölüm arasında seçin (15—20)

30  Bütün bu sözlər, qarşınıza qoyduğum xeyir-dua və lənətlər+ gerçəkləşəndə və Allahınız Yehovanın sizi səpələdiyi+ xalqların arasında bunları yadınıza salanda+  özünüz və övladlarınız bütün qəlbinizlə, bütün varlığınızla+ Allahınız Yehovaya sarı dönüb+ Onun sözünə, bu gün sizə buyurduğum əmrlərə itaət etsəniz,  Allahınız Yehova əsir düşənlərinizi geri qaytaracaq.+ Allahınız Yehova rəhm edib+ sizi pərən-pərən saldığı xalqların arasından toplayacaq.+  Hətta dünyanın qurtaracağında da olsanız, Allahınız Yehova sizi yığıb geri qaytaracaq.+  Yehova Allahınız sizi ata-babalarınızın sahib olduğu ölkəyə gətirəcək, ora sizin olacaq. O, sizi ağ günə çıxaracaq, sayınızı ata-babalarınızın sayından da çox edəcək.+  Allahınız Yehova sizin də, övladlarınızın da ürəyini saf edəcək*+ ki, Allahınız Yehovanı bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və sağ qalıb yaşayasınız.+  Allahınız Yehova sizə nifrət edib zülm verən düşmənlərinizi bütün bu lənətlərə düçar edəcək.+  Onda siz düz yola gəlib Yehovanın sözünə qulaq asacaq və bu gün sizə çatdırdığım əmrlərinə riayət edəcəksiniz.  Allahınız Yehova əlinizin zəhmətinə xeyir-bərəkət verəcək,+ övlad sarıdan bol olacaqsınız. Mal-heyvanınız artımlı, torpağınızın məhsulu zəngin olacaq. Bəli, Yehova ata-babalarınızı firavanlıqda yaşatmaqdan necə zövq alırdısa, sizi də firavanlığa çıxarmaqdan elə zövq alacaq.+ 10  Çünki onda siz Allahınız Yehovanın sözünə qulaq asacaq, bu Qanun kitabında yazılmış əmrlərinə və qanunlarına riayət edəcək, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Yehovaya sarı dönəcəksiniz.+ 11  Bu gün sizə verdiyim əmr ağır, yaxud əlçatmaz deyil.+ 12  O, göydə deyil ki, deyəsiniz: “Kim göyə çıxıb onu bizim üçün gətirəcək ki, onu eşidib yerinə yetirək?”+ 13  Yaxud da dənizin o tayında deyil ki, deyəsiniz: “Kim dənizin o tayına gedib onu bizim üçün gətirəcək ki, onu eşidib yerinə yetirək?” 14  Qanunun sözü sizin lap yanınızda, dilinizdə, ürəyinizdədir+ ki, onu yerinə yetirəsiniz.+ 15  Budur, bu gün qarşınıza həyatla xoşbəxtlik, ölümlə bədbəxtlik qoyuram.+ 16  Əgər Allahınız Yehovanın bu gün sizə çatdırdığım əmrlərinə qulaq asıb Onu sevsəniz,+ Allahınız Yehovanın yolu ilə getsəniz, əmrlərinə, qanun və hökmlərinə riayət etsəniz, onda yaşayacaq,+ günü-gündən çoxalacaqsınız. Allahınız Yehova tutacağınız ölkədə sizi çoxlu nemət sahibi edəcək.+ 17  Amma əgər ürəyiniz Allahdan dönərsə,+ Onun sözünə qulaq asmayıb başqa allahlara səcdə qılar, onlara qulluq edərsinizsə,+ 18  onda bilin və agah olun, hökmən məhv olacaqsınız.+ İordanı keçib tutacağınız diyarda çox yaşamayacaqsınız. 19  Bu gün göyü və yeri sizə qarşı şahid tuturam ki, qarşınıza həyatla ölümü, xeyir-dua ilə lənəti qoydum.+ Həyatı seçin ki, özünüz də, övladlarınız da sağ qalasınız,+ 20  Allahınız Yehovanı sevib,+ sözünə qulaq asıb, Ona bağlanıb yaşayasınız.+ Çünki Yehova sizin həyatınızdır. Ulu babalarınız İbrahimə, İshaqa və Yaquba sizə verməyi and içdiyi diyarda uzun zaman yaşamağınız məhz Ondan asılıdır».+

Haşiyələr

Hərfən: sünnət edəcək.