Həvarilərin işləri 15:1—41
15 Yəhudiyyədən gələn bəzi adamlar qardaşları: «Əgər Musanın qoyduğu adət üzrə sünnət edilməsəniz,+ xilas olmayacaqsınız», — deyə öyrətməyə başladılar.
2 Lakin bu adamlarla Bulus və Barnəba arasında ciddi fikir ayrılığı yarandı və onlar mübahisəyə başladılar. Buna görə də belə qərara alındı ki, Bulus, Barnəba və bir neçə başqa qardaş bu məsələ ilə əlaqədar Yerusəlimə+, həvarilərin və ağsaqqalların yanına getsinlər.
3 Yığıncaq onları bir qədər ötürdü. Onlar Finikiya və Səməriyyədən keçərkən digər xalqlardan olan adamların imana necə gəldiklərini təfərrüatı ilə danışır və bütün qardaşların ürəyini şad edirdilər.
4 Yerusəlimə çatanda yığıncaq, həvarilər və ağsaqqallar onları mehribanlıqla qarşıladılar. Bulusla Barnəba Allahın onların vasitəsilə gördüyü çoxsaylı işlərdən danışdılar.
5 Lakin əvvəllər fərisi təriqətinin üzvü olmuş bəzi imanlılar ayağa qalxıb dedilər: «Onlar sünnət edilməlidirlər. Onlardan tələb olunmalıdır ki, Musanın Qanununa riayət etsinlər».+
6 Onda həvarilər və ağsaqqallar bu işə baxmaq üçün toplaşdılar.
7 Qızğın müzakirələrdən sonra Butrus ayağa qalxıb sözə başladı: «Qardaşlar, sizə yaxşı məlumdur ki, Allah digər xalqlardan olan adamların müjdəni eşidib iman gətirmələri üçün ilk günlərdən sizin aranızdan məni seçib.+
8 Ürəkləri bilən Allah,+ bizə verdiyi kimi, bu adamlara da müqəddəs ruhunu verməklə onları qəbul etdiyini göstərdi.+
9 O, bizimlə onların arasında heç bir fərq qoymadı+ və iman vasitəsilə onların ürəyini təmizlədi.+
10 Belə isə, nəyə görə nə əcdadlarımızın, nə də bizim daşıya bilmədiyimiz+ boyunduruğu+ şagirdlərin boynuna qoyub Allahı sınayırsınız?
11 Axı biz özümüz də o insanlar kimi,+ Ağamız İsanın lütfü sayəsində xilas olacağımıza inanırıq»+.
12 O zaman bütün toplaşanlar susub Barnəba ilə Bulusu dinləməyə başladılar. Bu iki qardaş Allahın digər xalqlar arasında onların əli ilə göstərdiyi çoxlu möcüzə və əlamətlərdən danışdılar.
13 Onlar danışıb qurtaranda Yaqub sözə başladı: «Qardaşlar, məni dinləyin.
14 Allahın digər xalqlardan Öz adını daşıyan bir xalq+ təşkil etmək üçün onlara ilk dəfə necə nəzər saldığını Şəmun*+ ətraflı nəql etdi.
15 Peyğəmbərlərin kitabında yazılanlar da bununla üst-üstə düşür:
16 “Bundan sonra qayıdıb Davudun yıxılmış çardağını yenidən quracağam, xarabalıqlarını bərpa edib, əvvəlki halına qaytaracağam ki,
17 bu xalqdan qalmış adamlar digər xalqlardan olub Mənim adımı daşıyan insanlarla birgə Yehovanı ürəkdən axtarsınlar.
18 Ta qədimdən bəlli olan+ bu şeyləri edən Yehova belə deyir”.+
19 Buna görə də belə hesab edirəm ki, digər xalqlardan Allaha tərəf dönən insanlar üçün çətinlik yaratmamalıyıq.+
20 Gəlin onlara yazaq ki, bütpərəstliklə murdarlanmış şeylərdən+, əxlaqsızlıqdan*+, boğulmuş heyvan ətindən və qandan+ uzaq dursunlar.
21 Çünki ta qədimdən hər şəhərdə Musanın yazdıqlarını izah edən adamlar var. Onlar hər şənbə günü onun kitablarını sinaqoqlarda ucadan oxuyurlar».+
22 Bundan sonra həvarilər, ağsaqqallar və bütün yığıncaq öz aralarından Barsəbas adlanan Yəhudanı və Silanı+ seçib Bulus və Barnəba ilə Antakyaya göndərmək qərarına gəldilər. Seçilənlər yığıncaqda məsul qardaşlar idilər.
23 Onlarla bu məktubu göndərdilər:
«Qardaşlarınız həvarilər və ağsaqqallardan Antakya+, Suriya və Kilikiyadakı digər xalqlardan olan qardaşlara salam!
24 Aramızdan bəzilərinin öz sözləri ilə sizi təlaşa saldığını,+ imanınızı sarsıtmağa çalışdığını eşitmişik, halbuki biz onlara heç bir göstəriş verməmişdik.
25 Biz yekdilliklə qərara aldıq ki, iki nəfər seçib
26 Ağamız İsa Məsihin adı uğrunda canlarını təhlükəyə atan əzizlərimiz Barnəba və Bulusla yanınıza göndərək.+
27 Beləliklə, Yəhuda və Silanı yanınıza göndəririk, onlar bu məktubda yazdıqlarımızı sizə şifahi çatdıracaqlar.+
28 Biz müqəddəs ruhun köməyi ilə+ qərara gəldik ki, üzərinizə bu zəruri şeylərdən əlavə yük qoymayaq:
29 bütlərə qurban gətirilmiş şeylərdən+, qandan+, boğulmuş heyvan ətindən+ və əxlaqsızlıqdan+ uzaq durun. Əgər diqqətli olub özünüzü bu şeylərdən uzaq saxlasanız, xeyir taparsınız. Sağlıqla qalın!»
30 Sonra qardaşları yola saldılar. Bu qardaşlar Antakyaya gəlib şagirdləri topladılar və məktubu onlara verdilər.
31 Onlar məktubda yazılan bu ruhlandırıcı sözləri oxuyanda sevindilər.
32 Yəhuda və Sila, həm də peyğəmbər olduqlarından, qardaşları bir çox sözlərlə ruhlandırıb möhkəmləndirdilər.+
33 Bir müddət orada qalandan sonra qardaşlar onları geriyə, onları göndərmiş qardaşların yanına sağ-salamat yola saldılar.
34 *——
35 Amma Bulusla Barnəba Antakyada qalıb bir çox şagirdlə bərabər Yehovanın sözü haqqındakı müjdəni təbliğ edir və öyrədirdilər.
36 Bir neçə gündən sonra Bulus Barnəbaya dedi: «Gəl indi* Yehovanın sözünü təbliğ etdiyimiz bütün şəhərlərə qayıdaq və oradakı qardaşlara baş çəkək, görək necədirlər».+
37 Barnəba Mark ləqəbli Yəhyanı+ da götürmək fikrində idi.
38 Amma Bulus onu bu səyahətə götürməyi münasib bilmədi, çünki o, Pamfiliyada həvarilərdən ayrılmış və onlarla bu işi davam etdirməmişdi.+
39 Bu məsələ onların arasında qızğın çəkişməyə səbəb oldu və onlar bir-birindən ayrıldılar. Barnəba+ Markı özü ilə götürüb Kiprə yollandı.
40 Bulus isə Silanı seçdi. Qardaşlar Bulusu Yehovanın lütfünə əmanət etdikdən sonra o, yola çıxdı.+
41 O, Suriya və Kilikiyadan keçərək yığıncaqları möhkəmləndirirdi.
Haşiyələr
^ Şimon (Butrus) adının digər forması.
^ Yun. porneya. Lüğətdə «əxlaqsızlıq» sözünə bax.
^ A3 əlavəsinə bax.
^ Digər variant: nə olursa, olsun.