Birinci Butrus 4:1—19
4 Beləliklə, Məsih cismən əzab çəkdiyi+ üçün siz də eyni düşüncə ilə* silahlanın. Çünki cismən əzab çəkən insan daha günah etmir.+
2 Belə insan qalan ömrünü insani istəklər üçün yox,+ Allahın iradəsi üçün yaşayır.+
3 Yetər ki, siz keçmişdə xalqların istəyi ilə oturub-durur,+ azğın hərəkətlərə*, əyyaşlığa, kef məclislərinə, sərxoşluğa və mənfur bütpərəstliyə qurşanırdınız.+
4 Onlar məəttəl qalırlar, axı siz artıq onlarla birlikdə həmin pozğunluq girdabına qaçmırsınız. Buna görə də barənizdə pis danışırlar.+
5 Onlar diriləri və ölüləri mühakimə etməyə hazır olanın qarşısında cavab verəcəklər.+
6 Məhz elə buna görə də müjdə ölülərə bəyan edilmişdi+ ki, onlar insanların gözündə cismən mühakimə edilsinlər, ancaq Allahın gözündə ruhən yaşaya bilsinlər.
7 Hər şeyin sonu yaxındır. Buna görə də sağlamdüşüncəli olun+ və duaya həmişə önəm verin.+
8 Ancaq hər şeydən ziyadə bir-birinizi hərarətlə sevin,+ çünki məhəbbət çoxlu günahın üstünü örtür.+
9 Bir-birinizə deyinmədən qonaqpərvərlik göstərin.+
10 Hər kəs aldığı ənama əsasən, Allahın müxtəlif yollarla ifadə olunan lütfünün nümunəvi nökərbaşısı kimi bir-birinə xidmət etsin.+
11 Danışan qoy Allahın müqəddəs sözlərini danışantək danışsın; xidmət edən qoy Allahın verdiyi gücə arxalanaraq xidmət etsin.+ Beləcə, Allah hər şeydə İsa Məsih vasitəsilə ucalacaq.+ Calal və qüdrət əbədiyyən Ona məxsusdur. Amin.
12 Əzizlərim, qəribə bir şey baş verirmiş kimi, başınıza gələn odlu-alovlu sınaqlara təəccüblənməyin.+
13 Əksinə, Məsihin əzablarına bir belə şərik olduğunuz üçün sevinin.+ Onda Məsihin calalı zühur edəndə sevinib-şadlanacaqsınız.+
14 Əgər sizi Məsihin adına görə təhqir edirlərsə, xoşbəxtsiniz,+ çünki şərəf ruhu, yəni Allahın ruhu üzərinizdədir.
15 Təki sizlərdən heç kim qatil, oğru, cani və ya başqalarının işinə qarışan adam kimi əzab çəkməsin.+
16 Əgər insan məsihi olaraq əzab çəkirsə, qoy utanmasın,+ əksinə, bu adı daşıdığı üçün Allaha şükür etsin.
17 Hökm Allahın evindən başlayacaq və bunun vaxtı artıq yetişdi.+ Əgər hökm bizdən başlayacaqsa,+ gör Allahın müjdəsinə itaət etməyənlərin axırı necə olacaq?+
18 «Əgər saleh güc-bəla ilə xilas olursa, gör kafirləri və günahkarları nə gözləyir?!»+
19 Buna görə də qoy Allahın izni ilə əzab çəkənlər yaxşı işlər görərək özlərini sədaqətli Yaradana tapşırsınlar.+
Haşiyələr
^ Yaxud qətiyyətlə, əzmlə.
^ Yaxud abırsız hərəkətlərə. Yun. aselgeya (cəm halda). Lüğətdə «azğınlıq» sözünə bax.