Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 3

Həyatı yaxşılaşdıran faydalı məsləhətlər

Həyatı yaxşılaşdıran faydalı məsləhətlər

TƏSƏVVÜR EDİN Kİ, yaşadığınız əraziyə təzə həkim təyin olunub. Ola bilsin, əvvəlcə siz onun yanına getməyə ehtiyat edəcəksiniz. Ancaq bu həkimin dost-tanışlarınıza köməyi dəydiyini biləndə və onların sağlamlığının xeyli dərəcədə yaxşılaşdığını görəndə, yəqin müayinə üçün siz də həmin həkimi seçərdiniz.

Müqəddəs Yazıları müəyyən mənada bu həkimlə müqayisə etmək olar. Bəzi insanlar bu yazılara müraciət etməyə əvvəl-əvvəl tərəddüd edirlər. Lakin orada olan müdrik məsləhətləri tətbiq edəndə həyatları yaxşılığa doğru xeyli dəyişir. Gəlin bəzi nümunələri nəzərdən keçirək.

Ailədəki problemlərin həllində

Səriyyə adlı bir qadın bölüşür: «Evliliyimizin ilk dönəmlərində həyat yoldaşım Həbib mənə qarşı laqeyd idi. Mən hirsimdən qışqır-bağır salır, onu təhqir edir, əlimə keçəni üstünə atır, hətta ona əl qaldırırdım. Bəzən o dərəcədə özümdən çıxırdım ki, huşumu itirirdim.

Həbib Müqəddəs Kitabı öyrənməyə başlayanda mən onu ələ salırdım. Lakin dərs zamanı o biri otaqdan gizlicə qulaq asırdım. Bir gün onların Müqəddəs Kitabdan oxuduqları bəzi ayələri eşitdim: “Qoy arvadlar Ağaya tabe olur kimi ərlərinə tabe olsunlar... Arvad... ərinə dərin hörmət bəsləsin” (Efeslilərə 5:22, 33). Bu sözlər ürəyimə təsir etdi. Allaha yalvarırdım ki, ərimlə kobud rəftar etdiyimə görə məni bağışlasın. Yaxşı arvad olmağım üçün dua edib kömək diləyirdim. Tezliklə Müqəddəs Kitabı birlikdə öyrənməyə başladıq».

Həbib və Səriyyə

Müqəddəs Kitabda həmçinin deyilir: «Ər də arvadını öz bədənini sevdiyi kimi sevməlidir» (Efeslilərə 5:28). Səriyyə sözünə belə davam edir: «Öyrəndiklərimiz hər ikimizə müsbət təsir etdi. O, işdən gələndə mən ona çay gətirməyə və onunla mülayim danışmağa başladım. Həbib də, öz növbəsində, mənimlə daha nəvazişli davranırdı və ev işlərində mənə kömək edirdi. Hər ikimiz də çalışırdıq ki, bir-birimizə qarşı xeyirxah, şəfqətli olaq və bir-birimizi ürəkdən bağışlayaq (Efeslilərə 4:32). Bunun sayəsində bir-birimizə məhəbbətimiz və hörmətimiz artdı. Artıq 40 ildən çoxdur ki, xoşbəxt ailəyə sahibik. Allahın Kəlamındakı hikmətli məsləhətlər nikahımızı xilas etdi!»

Qəzəbi cilovlamaqda

Tayib deyir: «Mən özümdən tez çıxır, dalaşır və başqalarını silahla hədələyirdim. Həmçinin arvadım Zöhrəni döyürdüm, hətta elə vururdum ki, yerə sərilirdi. Çoxları məndən qorxurdu.

Zöhrə və Tayib hər axşam birlikdə Allaha dua edirlər

Bir gün mən İsa peyğəmbərin sözlərini oxudum: “Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Bir-birinizi mən sizi sevdiyim kimi sevin” (Yəhya 13:34). Bu mənə güclü təsir bağışladı və mən o andan dəyişmək qərarına gəldim. Daxilimdə qəzəb yarandığını hiss edəndə sakitləşmək üçün Allaha dua edib Ondan kömək istəyirdim. Dərhal qəzəbim soyuyurdu. Həyat yoldaşımla birgə Efeslilərə 4:26, 27 ayələrindəki məsləhəti tətbiq etdik: «Qəzəblənsəniz də günah işləməyin, gün batana qədər hirsli qalmayın, İblisə fürsət verməyin». Hər axşam birlikdə Müqəddəs Kitabı oxuyur və bizə kömək etməsi üçün Allaha dua edirdik. Bu, gün ərzində yaşadığımız stresi aradan qaldırır və bizi bir-birimizə yaxınlaşdırırdı.

İndi hamı məni sülhpərvər insan kimi tanıyır. Həyat yoldaşımla uşaqlarım məni sevir və hörmət edirlər. Hal-hazırda çoxlu dostlarım var və özümü Allaha yaxın hiss edirəm. Mən sözün əsl mənasında xoşbəxtəm».

Narkotik asılılığından qurtulmaqda

Qalib

Qalib deyir: «Mən avara gənclərə qoşulmuşdum. Çoxlu siqaret çəkirdim və gecələri sərxoş halda küçələrdə sərilib qalmaq məndə adət halını almışdı. Həmçinin qeyri-qanuni narkotikdən — marixuanadan və ekstazidən istifadə edirdim, həm də onların satışı ilə məşğul olurdum. Onları gülləkeçirməz jiletimin altında gizlədirdim. Bu qədər sərt görünməyimə və davranmağıma baxmayaraq, qorxu içində yaşayırdım.

Sonra bir nəfər mənə Müqəddəs Kitabdan növbəti ayələri göstərdi: “Oğlum, nəsihətimi unutma... Onlar sənin ömrünü, gününü uzadar, həyatına rahatlıq gətirər” (Məsəllər 3:1, 2). Mən uzun ömür və dinc həyat arzulayırdım. Həmçinin Kəlamdan bu sözləri oxudum: “Əzizlərim, bizə verilmiş vədlərin müqabilində gəlin cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək” (2 Korinflilərə 7:1). Beləliklə, narkotik maddələrdən istifadə etməyi tərgitdim, pis dostlarımla əlaqəmi kəsdim və Allaha xidmət etməyə başladım.

Artıq 17 ildir ki, narkotikdən canımı qurtarmışam. İndi mənim xoşbəxt ailəm, gözəl dostlarım var, vicdanım da təmizdir. Artıq hər axşam sərxoş halda küçələrdə yatmıram, dinc şəkildə öz çarpayımda yatıram».

İrqçilik ruhuna üstün gəlməkdə

«Yeniyetmə yaşlarında cinayətkarlıqla məşğul olurdum və qurbanlarımın çoxu nifrətlə yanaşdığım bir etnik qrupdan olan insanlar idi»,— deyə Harun adlı bir nəfər etiraf edir.

«Lakin müəyyən vaxtdan sonra Allahı axtarmağa başladım. Nəticədə, Müqəddəs Yazıları araşdıran bir qrupa rast gəldim. Orada əvvəllər nifrətlə yanaşdığım etnik qrupdan olan insanlar var idi. Onlar məni gülərüzlə salamlayırdılar! Həmçinin diqqət yetirdim ki, orada müxtəlif irqdən olan insanlar bir-birinə qaynayıb-qarışırlar. Bu məni heyrətləndirdi! Sonra Müqəddəs Kitabda yazılan bu sözlərin mənasını başa düşdüm: “Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır” (Həvarilərin işləri 10:34, 35).

Bu gün ürəyimdə heç kimə qarşı nifrət bəsləmirəm. Ən yaxın dostlarımın arasında əvvəllər nifrət etdiyim etnik qrupdan olan insanlar da var. Müqəddəs Kitab vasitəsi ilə Allah mənə başqalarını sevməyi öyrətdi».

Harun indi müxtəlif irqlərdən olan insanlarla ünsiyyət etməkdən məmnunluq duyur

Zorakılıqdan əl çəkməkdə

Mənsur adlı bir nəfər deyir: «Mən yeniyetmə olanda iki dəfə oğurluğa görə, bir dəfə isə bir nəfəri qəddarcasına döydüyümə görə həbsə düşmüşəm. Sonralar qiyamçı dəstəyə qoşuldum və çoxlu insanın həyatına bais oldum. Münaqişə və toqquşmalar bitdikdən sonra insanları soymaq və məlumat almaq üçün hədə-qorxu gələn dəstəyə başçılıq etməyə başladım. Cangüdənlərim hər yerdə məni müşayiət edirdilər. Mən çox zorakı və təhlükəli insan idim.

Mənsur artıq zorakılıq etmir, indi ona Allahın Kəlamının müəllimi kimi hörmət edirlər

Bir gün növbəti ayələri oxudum: “Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, qürrələnmir, nalayiq davranmır, öz xeyrini güdmür, tez özündən çıxmır, ona edilən pisliyin hesabını tutmur” (1 Korinflilərə 13:4, 5). Bu sözlər mənə güclü təsir bağışladı. Mən başqa yerə köçdüm, Müqəddəs Kitabı öyrənməyə və oradakı məsləhətlərə əməl etməyə başladım.

Artıq zorakılıqdan əl çəkmişəm. İndi mənə Allahın Kəlamının müəllimi kimi hörmət edirlər. Mən mənalı və xoşbəxt ömür sürürəm».

Allahın Kəlamı qüdrətlidir

Bu və digər saysız-hesabsız nümunələr göstərir ki, «Allahın sözü canlı və qüdrətlidir» (İbranilərə 4:12). Onun məsləhətləri sadə, faydalı və tərbiyəvidir.

Bəs Müqəddəs Kitab sizə də kömək edə bilər? Əlbəttə, qarşılaşdığınız problemdən asılı olmayaraq, onun sizə böyük köməyi dəyə bilər: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və təlim, tənbeh, islah üçün, həm də salehliyə uyğun tərbiyə üçün faydalıdır. Bunun sayəsində Allah bəndəsi tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər» (2 Timutiyə 3:16, 17).

Buna görə də gəlin Müqəddəs Kitabın əsas təlimlərindən bəzilərini nəzərdən keçirək.