BÖLMƏ 8
İsrail xalqı Kənana daxil olur
Yuşə Kənan torpağını istila etməkdə İsrail xalqına rəhbərlik edir. Yehova xalqını zülmkarlardan xilas etmək üçün hakimlər təyin edir
İSRAİLLİLƏRİN Kənan torpağına daxil olmasından əsrlər əvvəl Yehova həmin torpağı İbrahimin nəslinə verməyi vəd etmişdi. İndi israillilər Yuşənin rəhbərliyi altında Vəd olunmuş diyarı ələ keçirməyə hazır idilər.
Allah kənanlıları ölümə məhkum etmişdi. Onlar ölkəni həddindən artıq cinsi əxlaqsızlıqla və amansızcasına axıdılan insan qanı ilə doldurmuşdular. Buna görə də israillilər istila etdikləri Kənan şəhərlərini tamamilə darmadağın etməli idilər.
Lakin diyara girməzdən əvvəl Yuşə ora iki casus göndərdi. Onlar Əriha şəhərində Rahab adlı qadının evində qaldılar. Həmin adamların israilli olduğunu bilsə də Rahab onları evinə qəbul etdi və qorudu. O, israillilərin Allahına iman edirdi, çünki Yehovanın Öz xalqını xilas etmək üçün etdiyi işlər haqda eşitmişdi. Rahab özünü və ailəsini sağ buraxacaqlarına dair casuslara and içdirdi.
Bir müddət sonra israillilər Kənan diyarına girib Ərihaya hücum edəndə Yehova elə etdi ki, Ərihanın divarları möcüzəvi şəkildə dağıldı. Yuşənin qoşunu şəhərə girib oranı darmadağın etdi, ancaq Rahabı və onun ailəsini sağ buraxdı. Sonra altı il sürən gərgin döyüşlər nəticəsində Yuşə Vəd edilmiş diyarın böyük hissəsini fəth etdi. Bundan sonra torpaqlar İsrail qəbilələri arasında bölündü.
Allaha uzun illər ərzində etdiyi xidmətin sonuna yaxın Yuşə xalqı bir yerə topladı. O, israillilərin ulu babaları ilə Yehovanın necə rəftar etdiyini nəzərdən keçirdi və xalqı Yehovaya xidmət etməyə təşviq etdi. Lakin Yuşə və onun müasiri olan ağsaqqallar öləndən sonra israillilər Yehovadan üz döndərərək yalançı allahlara xidmət etməyə başladılar. Təxminən 300 il ərzində xalq heç də həmişə Yehovanın qanunlarına tabe olmurdu. Həmin illər ərzində Yehova israilliləri düşmənlərinin məsələn filiştlilərin əlinə verirdi ki, onlara zülm etsinlər. Ancaq israillilər kömək üçün Yehovaya üz tutanda O, xalqı xilas etmək üçün vaxtaşırı olaraq hakimlər təyin edirdi ki, onların da sayı ümumilikdə 12 nəfər olmuşdur.
«Hakimlər» kitabında təsvir olunan hakimlər dövrü Üsniillə başlayıb dünyada yaşamış ən güclü insan olan Şimşonla tamamlanır. Müqəddəs Yazıların maraq doğuran «Hakimlər» kitabında dönə-dönə sübuta yetirilən həqiqət bundan ibarətdir: Yehovaya itaətkarlıq xeyir-dualar, itaətsizlik isə fəlakət gətirir.
«Yuşə»; «Hakimlər» kitablarına və Lavililər 18:24, 25 ayələrinə əsaslanıb.