BÖLMƏ 9
İsraillilər padşah istəyir
İsrailin birinci padşahı Talut Yehovanın itaətindən çıxır. Ondan sonra Davud padşah olur və Allah onunla əbədi padşahlıq əhdi bağlayır
ŞİMŞONUN günlərindən sonra İşmuil İsraildə peyğəmbər və hakim kimi xidmət edirdi. İsraillilər israrla ondan başqa xalqlarda olduğu kimi, onlara da padşah təyin etməsini istədilər. Bu xahiş Yehovaya qarşı təhqir olsa da, O, İşmuilə xalqın istəyini yerinə yetirməyi tapşırdı. Allah Talut adlı təvazökar bir adamı padşah seçdi. Lakin getdikcə Talut dikbaş və itaətsiz oldu. Yehova onu rədd etdi və İşmuilə başqasını — Davud adlı gənci padşah təyin etməsini söylədi. Ancaq Davud uzun illər sonra padşah oldu.
Ehtimal ki, hələ yeniyetmə olan Davud Talutun ordusunda xidmət edən qardaşlarına baş çəkməyə getmişdi. Bütün ordu Allaha və onlara istehza edən nəhəng düşmən cəngavəri Calutun qarşısında vahimə içində idi. Hiddətlənən Davud nəhəngin təkbətək döyüşmək çağırışını qəbul etdi. Gənc Davud təxminən 3 metrlik düşmənin önünə yalnız sapand və bir neçə daşla yaraqlanaraq çıxdı. Calut onu ələ salanda Davud cavab verdi ki, o, nəhəngdən də yaxşı silahlanıb, çünki Yehova Allahın adı ilə döyüşə çıxıb! Davud Calutu cəmi bir daşla öldürdü və onun öz qılıncı ilə başını bədənindən ayırdı. Filişt ordusu qorxuya düşərək qaçdı.
Əvvəlcə Davudun şücaəti Talutda böyük təəssürat oyatdı və onu ordusuna başçı təyin etdi. Lakin Davudun uğurları Talutda güclü paxıllıq hissi oyatdı. Davud canını qurtarmaq üçün qaçdı və illərlə qaçaq kimi yaşadı. Buna baxmayaraq, onu öldürmək istəyən Talutun Yehova Allah tərəfindən təyin edilmiş Padşah olduğu üçün Davud ona sadiq qalırdı. Axırda Talut döyüşdə öldürüldü. Çox keçməmiş, Yehovanın vəd etdiyi kimi Davud padşah oldu.
«Onun padşah taxtını əbədi bərqərar edəcəyəm» (2 İşmuil 7:13).
Yehovaya məbəd tikmək Davud padşahın ən böyük arzusu idi. Lakin Yehova dedi ki, bunu onun övladlarından biri edəcək. Bu, Davudun oğlu Süleyman oldu. Amma Allah Davudla möhtəşəm əhd bağlayaraq onu mükafatlandırdı: Onun nəsli başqa padşah sülalələrindən fərqli sülalə olacaqdı. Bu nəsildən Ədən bağında vəd olunan Xilaskar, yaxud Övlad gələcəkdi. Bu, Allahın təyin etdiyi və «məsh olunmuş» mənasını verən Məsih olacaqdı. Yehova vəd etdi ki, Məsih mövcudluğu əbədi sürəcək hökumətin və ya Padşahlığın Hökmdarı olacaq.
Dərin minnətdarlıqdan irəli gələrək Davud məbədin inşası üçün çoxlu tikinti materialları və qiymətli metallar topladı. O, həmçinin bir çox ilhamlanmış məzmurlar da yazdı. Həyatının sonuna yaxın Davud bəyan etmişdi: «Yehovanın ruhu məni dilləndirdi, Onun kəlamı dilimdə idi» (2 İşmuil 23:2).
1 və 2 İşmuil; 1 Salnamələr kitablarına; Əşiya 9:7; Mətta 21:9; Luka 1:32 və Yəhya 7:42 ayələrinə əsaslanıb.