Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 7

Allah israillliləri köləlikdən azad edir

Allah israillliləri köləlikdən azad edir

Yehova Misirə bəlalar göndərir və Musa israilliləri oradan çıxarır. Allah Musa vasitəsilə İsrailə Qanun verir

İSRAİLLİLƏR uzun illər ərzində Misirdə firavan yaşayıb artdılar. Lakin hakimiyyətə yeni firon gəldi. Bu hökmdar Yusifi tanımırdı. Qaniçən hökmdar israillilərin artmasından qorxaraq onları qula çevirdi və əmr etdi ki, yeni doğulan bütün oğlan uşaqlarını Nil çayına atsınlar. Lakin cəsur bir ana körpəsinin sağ qalması üçün onu səbətə qoyub qamışların arasında gizlətdi. Fironun qızı uşağı tapdı və adını Musa qoyub, onu Misir padşahının ailəsində böyütdü.

40 yaşı olanda Musa israilli qulu misirli nəzarətçidən müdafiə etməklə özünü bəlaya saldı. Musa uzaq diyara qaçıb orada sürgündə yaşadı. 80 yaşına çatanda Yehova onu Misirə, fironun hüzuruna göndərdi ki, ondan xalqı azad etməyi tələb etsin.

Firon qəti şəkildə bunu rədd etdi. Buna görə də Allah Misirə on bəla göndərdi. Hər dəfə Musa fironun önünə gəlib, ona növbəti bəladan qaçınmaq üçün imkan yaradırdı, firon isə Musanın və onun Allahı Yehovanın tələbini qəbul etmirdi. Sonda, onuncu bəla ölkədəki ilk doğulan bütün uşaqların üzərinə ölüm gətirdi, ancaq ölüm mələyi Yehovaya tabe olub qapılarının çərçivəsinə qurban gətirilmiş quzunun qanını çəkən ailələrdən yan keçdi. Bundan sonra israillilər hər il Pasxa bayramını keçirməklə bu cür möcüzəvi şəkildə xilas olmalarını qeyd edirdilər.

İlk oğlunu itirən firon Musaya və bütün israillilərə Misiri tərk etməyi əmr etdi. Bütün xalq yığışıb dərhal Misirdən çıxdı. Ancaq firon fikrini dəyişdi. O, böyük ordu və döyüş arabaları ilə onları təqib etməyə başladı. İsraillilər Qırmızı dənizin sahilində sanki tələyə düşmüşdülər. Yehova Qırmızı dənizi araladı, israillilər dənizin quru hissəsi ilə, sulardan yaranmış divarların arasından keçdilər! Misirlilər onların arxasınca qaçanda Allah suları yerinə qaytarıb fironla ordusunu batırdı.

Bir müddət sonra israillilər Sina dağının yanında düşərgə salanda Yehova onlarla əhd bağladı. Musadan vasitəçi kimi istifadə edərək Allah İsrail xalqına, demək olar ki, həyatın bütün sahələrində rəhbərlik və müdafiə təqdim edən Qanun verdi. İsraillilər Allahın rəhbərliyini sədaqətlə qəbul etdikləri təqdirdə, Yehova onlarla olacaq və bu xalq vasitəsilə başqalarına xeyir-dua verəcəkdi.

Lakin israillilərin əksəriyyəti imansızlıq göstərməklə Onu kədərləndirdilər. Buna görə də Yehova həmin nəsli 40 il səhrada dolaşdırdı. Daha sonra Musa saleh insan olan Yuşəni öz xələfi təyin etdi. Nəhayət, israillilər Allahın İbrahimə vəd etdiyi diyara daxil olmağa hazır idilər.

«Çıxış»; «Lavililər»; «Saylar»; «Qanunun təkrarı» kitablarına; Zəbur 136:1015 və Həvarilərin işləri 7:1736 ayələrinə əsaslanıb.