Kontentə keç

Mündəricatı göstər

FƏSİL 4

Ərdə olmayan qız hamilədir

Ərdə olmayan qız hamilədir

MƏTTA 1:18—25 LUKA 1:56

  • YUSİF MƏRYƏMİN HAMİLƏ OLDUĞUNU ÖYRƏNİR

  • MƏRYƏM YUSİFƏ ƏRƏ GEDİR

Məryəm dörd aydır hamilədir. Bildiyimiz kimi, o, hamiləliyinin ilk aylarını cənubda, Yəhudiyyənin dağlıq ərazisində yaşayan İlsəbanın yanında keçirib. İndi isə Nasirə şəhərinə, evinə qayıdıb. Doğma şəhərində tezliklə hamı onun hamilə olduğunu biləcək. O, yaman çətin vəziyyətdədir!

Üstəlik, Məryəmin Yusif adlı bir dülgərlə nişanlı olması onun vəziyyətini lap qəlizləşdirir. O, yaxşı bilir ki, Allahın İsrailə verdiyi qanuna əsasən, nişanlı qız başqa kişi ilə yaxınlıq edərsə, daşqalaq edilib öldürülməlidir (Qanunun təkrarı 22:23, 24). Düzdür, Məryəm əxlaqsızlıq etməyib, amma buna baxmayaraq, o, hamilə olduğunu Yusifə necə izah edəcəyinə və nələr baş verəcəyinə görə narahatdır.

Yusif Məryəmi üç aydır görmədiyi üçün onu həsrətlə gözləyir. Onlar görüşəndə Məryəm nə baş verdiyini ona danışır. O, Allahın müqəddəs ruhundan hamilə qaldığını izah etməyə çalışır. Lakin sizin də başa düşdüyünüz kimi, buna inanmaq və olanları anlayışla qarşılamaq Yusif üçün heç də asan deyil.

Yusif bilir ki, Məryəm yaxşı və ismətli qızdır. O, bu qızı ürəkdən sevir. Ancaq Məryəmin bütün izahatına baxmayaraq, Yusifə yenə də elə gəlir ki, nişanlısı yalnız başqa kişidən hamilə qala bilər. Bununla belə, Yusif Məryəmin daşlanıb öldürülməsini, yaxud el içində rüsvay olmasını istəmir. Buna görə də onu xəlvəti boşamaq istəyir. O vaxtlar nişanlı olmaq evliliyə bərabər idi və nişanı qaytarmaq üçün boşanmaq lazım gəlirdi.

Yusif bütün bunları fikirləşə-fikirləşə yuxuya gedir. Yuxuda Yehovanın mələyi ona görünüb deyir: «Arvadın Məryəmi evinə gətirməyə qorxma, çünki o, bətnindəki uşağa müqəddəs ruh vasitəsilə hamilə qalıb. Məryəm bir oğul doğacaq, uşağın adını İsa qoyarsan, çünki o, xalqını günahlardan xilas edəcək» (Mətta 1:20, 21).

Təsəvvür edirsiniz, Yusif yuxudan oyananda Allaha nə qədər şükr edir?! O, yubanmadan mələyin dediyi edir və Məryəmi öz evinə gətirir. Açıq-aşkar atılan bu addım rəsmi nikahın qurulduğunu bildirir. Beləcə, Yusiflə Məryəmin ər-arvad olduğu hamıya məlum olur. Amma Məryəm İsaya hamilə olduğu müddətdə Yusif onunla yaxınlıq etmir.

Artıq Məryəmin doğuş vaxtı yetişir, lakin onlar yaşadıqları Nasirə şəhərindən uzaq səfərə çıxmağa hazırlaşırlar. Məryəm belə halda ola-ola, görəsən, onlar hara gedirlər?