Kontentə keç

ÜZ QABIĞINDAKI MÖVZU

Vaxtınızın qədrini bilin

Vaxtınızın qədrini bilin

«Kaş bir az da vaxtım olardı». Yəqin, siz də bu ifadəni dəfələrlə işlətmisiniz. Vaxt və ya zaman hamını bərabərləşdirir; dövlətli, nüfuzlu adamın da, kasıbın da vaxtı eyni qədərdir. Heç kim, istər varlı olsun, istər kasıb, vaxtı yığıb toplaya bilməz. Vaxt getdisə, onu tutub geri qaytarmaq olmaz. İnsanın da hikməti ondadır ki, vaxtının qədrini bilsin. Bunu necə etmək olar? Dörd tövsiyəyə fikir verək. Onlar bir çoxlarına vaxtdan səmərəli istifadə etməyə kömək edir.

Tövsiyə 1. Nizam-intizamlı olun

İşlərinizi vacibliyinə görə sıralayın. Müqəddəs Kitab məsləhət görür ki, daha vacib şeyləri ayırd edək (Filippililərə 1:10). Həm vacib olan, həm də təcili olan işlərinizin siyahısını tutun və unutmayın ki, vacib bir iş, məsələn, nahar üçün ərzaq almaq, təcili olmaya bilər. Təcili kimi görünən iş isə, məsələn, sevimli teleproqramın başlanmasını qaçırmamaq, əslində, heç o qədər də vacib olmaya bilər.

Planlaşdırın. «Balta kütdürsə, ağzı itilənmirsə, çoxlu güc tələb olunar», — deyə «Vaiz» kitabı aşkar həqiqəti təsdiqləyir. Sonra isə əlavə edir: «Hikmət isə uğur gətirər» (Vaiz 10:10). Bundan hansı nəticəni çıxarmaq olar? Baltanızı itiləyin, başqa sözlərlə, işlərinizi qabaqcadan planlaşdırın, onda vaxtınızdan səmərəli istifadə edəcəksiniz. Vaxtınızı və gücünüzü alan əhəmiyyətsiz işləri qırağa qoyun və ya ümumiyyətlə siyahınızdan çıxarın. Əgər işinizi vaxtından əvvəl başa çatdırmısınızsa və boş vaxtınız qalıbsa, siyahınızdakı növbəti işə keçə bilərsiniz. Qabaqcadan planlaşdırsanız, işlərinizi vaxtında görüb qurtaracaqsınız. Onda siz alətlərini qabaqcadan itiləyən ağıllı ustaya bənzəyəcəksiniz.

Həyatınızı sadələşdirin. Əhəmiyyətsiz və çoxlu vaxt aparan işlərə yox deməyi öyrənin. Çoxsaylı işlər və görüşlər sizi stresə sala və sevincinizi ala bilər.

Tövsiyə 2. Vaxtınızı oğurlayan şeylərdən uzaq durun

Təxirəsalma və qərarsızlıq. «Küləyə baxan toxum səpməz, buluda baxan biçin biçməz» (Vaiz 11:4). Bu hikmətli sözlər nəyə işarə edir? İşi sonraya saxlamaq vərdişi oğru kimidir; həm insanın vaxtı gedir, üstəlik də heç bir işi çatdırmır. İdeal hava şəraitini gözləyən əkinçi heç vaxt toxum əkib, məhsulunu yığmayacaq. Həyat da belədir; qeyri-müəyyənlik ucbatından çoxları qətiyyətlə davranmağa tərəddüd edir. Bəziləri düşünür ki, müəyyən bir qərar vermək üçün gərək əllərində ən son və hərtərəfli məlumat olsun. Bunun üçün də uzun müddət gözləyirlər. Əlbəttə, vacib qərar qəbul etmək üçün hərtərəfli götür-qoy etmək lazımdır. Müqəddəs Kitabda da elə bu fikir vurğulanır: «Uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Ancaq reallıq ondan ibarətdir ki, istənilən qərarı verərkən insan hər şeyi hərtərəfli, dəqiq bilmir (Vaiz 11:6).

Maksimalist olmaq. Yaqub 3:17 ayəsində yazılıb: «Yuxarıdan [Allahdan] nazil olan hikmət» mülayimdir. Əlbəttə, hər işi yüksək səviyyədə görməyə can atmaq təqdirəlayiqdir! Amma bəzən özümüz üçün elə yüksək meyarlar qoyuruq ki, məyus oluruq, sonda isə müvəffəqiyyətsizliyə düçar oluruq. Məsələn, xarici dil öyrənən insan səhv etməyə hazır olmalıdır, o bilməlidir ki, dili səhv edə-edə öyrənəcək. Ancaq maksimalist insanı səhv etmək fikri dəhşətə gətirir. Bu cür düşüncə onun inkişafına mane olur. Ona görə də həddindən artıq tələbkar olmayın! Məsəllər 11:2 ayəsində deyilir: «Hikmət... təvazökar insanladır». Təvazökar, sadə insanlar özlərinə həddən artıq ciddi yanaşmır və yeri gələndə özlərinə gülə bilirlər.

«Əslində aldığımız şeylərin dəyərini pulla ödəmirik, vaxtla ödəyirik» («Beşikdən məzaradək nə ilə məşğul olmalı»)

Tövsiyə 3. Təmkinli və realist olun

İşə və istirahətə tarazlı yanaşın. «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6). Həyatını tamamilə işə həsr edən adam özünü iki ovuc zəhmətin bəhrəsindən məhrum edir. İşdən sonra nə gücü qalır, nə vaxtı. Tənbəl isə iki ovuc istirahətin dalınca qaçır və dəyərli vaxtını buna itirir. Müqəddəs Kitab işə tarazlı yanaşmağa səsləyir: Çalışqan ol, sonra da əməyinin bəhrəsini dad. Bu cür sevinc «Allahın bəxşişidir» (Vaiz 5:19).

Kifayət qədər yatın. «Rahat uzanıb yataram», — deyə məzmurçu yazmışdır (Zəbur 4:8). Yetkin insanlar təxminən səkkiz saat yatmalıdır, onda insanın fiziki, emosional və zehni funksiyaları tam bərpa olunur. Zehni funksiyaların bərpası məsələsinə gəldikdə kifayət qədər yatanda insan əslində vaxta qənaət edir. Belə ki, bunun sayəsində insan diqqətini daha yaxşı cəmləyə bilir və yaddaşı möhkəmlənir. Beləcə öyrənmə prosesi sürətlənir. Yuxusuzluq isə əksinə öyrənmə prosesini ləngidir, insan daha çox səhvlərə yol verir, əsəbi olur. Yuxusuzluğa görə hətta qəzalar da baş verir.

Qarşınıza real məqsədlər qoyun. «Gözlə görmək xəyal dalınca düşməkdən yaxşıdır» (Vaiz 6:9). Vaiz bu sözlərlə nə demək istəyirdi? Müdrik adam qoymur xəyallar, özü də reallıqdan uzaq, həyata keçməsi mümkün olmayan xəyallar onun bütün həyatını idarə etsin. Buna görə də belə adamı reklam və ya asan kredit imkanları yoldan çıxarmır. O, «gözü ilə gördüyünə», başqa sözlə, əlçatan şeylərə qane olmağı bacarır.

Tövsiyə 4. Yüksək dəyərlərə sahib olun

Dəyərləriniz üzərində düşünün. Dəyərlərin köməyilə insan nəyin yaxşı, nəyin vacib və faydalı olduğunu təyin edir. Əgər insan həyatını oxa bənzətsək, dəyərlər bu oxu hədəfə istiqamətləndirir. Yüksək dəyərlər sayəsində insan həyatında düzgün məqsədlər qoyur, həyatının hər gününü, hər saatını dəyərli şeylərə həsr edir. Bəs bu cür dəyərləri harada tapmaq olar? Bir çoxları onları Müqəddəs Kitabda tapmışlar və bu kitabın ali hikmət qaynağı olduğunu dərk etmişlər (Məsəllər 2:6, 7).

Məhəbbət həyatınızda əsas yeri tutsun. Koloslulara 3:14 ayəsində yazılıb: «Məhəbbət insanlar arasında kamil birlik yaradır». İnsan məhəbbətsiz sözün tam mənasında xoşbəxt ola bilməz. Ailədə məhəbbətin olması xüsusilə vacibdir. Məhəbbət varsa, insan özünü arxayın hiss edir. Buna məhəl qoymayanlar, misal üçün, pul, karyera dalınca qaçanlar əslində özlərini bədbəxt edirlər. Elə buna görədir ki, Müqəddəs Kitabda məhəbbətə bu dərəcədə önəm verilib, bu söz orada yüz dəfələrlə işlənir (1 Korinflilərə 13:1—3; 1 Yəhya 4:8).

Ruhani işlərə vaxt ayırın. Cef xoşbəxt ailə sahibi idi. Onun gözəl arvadı, iki uşağı, yaxşı dostları və sevimli işi vardı. O, tibb işçisi idi. Ancaq işdə o, tez-tez əzabın və ölümün şahidi olurdu. «Həyat elə belə də olmalıdır?», — deyə hey özündən soruşurdu. Bir gün Cef Yehovanın Şahidlərinin dərc etdiyi nəşrlərdən oxudu və orada suallarına cavab tapdı.

Cef öyrəndiklərini arvadına və uşaqlarına danışdı, onlarda da maraq oyandı. Müqəddəs Kitabı öyrənməyə başlamaqla bu ailənin həyatı daha da zənginləşdi, onlar vaxtlarından daha səmərəli şəkildə istifadə etməyi öyrəndilər. Müqəddəs Kitab həm də onlara gözəl ümid verdi. Öyrəndilər ki, qarşıda insanları əzab-əziyyətdən azad əbədi həyat gözləyir (Vəhy 21:3, 4).

Cefin nümunəsi bizə İsa Məsihin sözlərini xatırladır: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mətta 5:3). Siz də ruhani işlərə vaxt ayırmağa hazırsınız? Belə etsəniz, bir gününüzü yox, bütün həyatınızı mənalı edəcək hikmətə yiyələnəcəksiniz.