Kontentə keç

Müqəddəs Kitab həyatları dəyişir

Müqəddəs Kitab həyatları dəyişir

Müqəddəs Kitab həyatları dəyişir

Küpünə girirdim (LUKA ŞUTS).

DOĞULDUĞU İL: 1975

ÖLKƏ: SLOVENİYA

KEÇMİŞDƏ: İÇKİ DÜŞKÜNÜ

KEÇMİŞİM. Mən Sloveniyanın paytaxtı Lyublianada anadan olmuşam. Dörd yaşıma kimi qayğısız həyat sürmüşəm. Həmin vaxt atam canına qəsd etdi. Bu faciədən sonra anam məni və böyük qardaşımı böyütmək üçün min bir əziyyətlə işləməli oldu.

On beş yaşımda nənəmgillə yaşamağa başladım. Onlarda qalmaq xoşuma gəlirdi. Dostlarımın çoxu onların qonşuluğunda yaşayırdı. Həm də burda özümü daha azad hiss edirdim, nəinki evdə olanda. On altı yaşım olanda həftəsonları içki içən insanlarla oturub-durmağa başladım. Həmin vaxt saçımı uzadırdım, üsyankarlığı əks etdirən geyimlər geyinirdim, sonradan isə siqaret çəkməyə başladım.

Bir neçə növ narkotik qəbul eləsəm də, ən çox içki içməyi sevirdim. Əvvəllər bir neçə qədəh şərab içirdimsə, getdikcə bir dəfəyə bir neçə butulka qurtarırdım. Çox içsəm də, içkili olduğumu məharətlə gizlədə bilirdim. İçkili olduğumu yalnız ağzımdan spirtin iyi gələndə bilirdilər. Bununla belə heç kəs bir neçə litr şərab və pivə, üstündən də araq içdiyimi tuta bilmirdi.

Diskotekadan evə qayıdanda çox vaxt mən dostlarımın qoluna girirdim ki, yıxılmasınlar. Halbuki mən onlardan ikiqat çox içirdim. Bir dəfə bir dostumun mənim barəmdə «o, küpünə girəndir» dediyini eşitdim. Onun bu sözləri qəlbimi yaraladı.

Həmin vaxtdan sonra həyatım barədə ciddi düşünməyə başladım. Özümü çox dəyərsiz hiss edirdim. Mənə elə gəlirdi ki, mən bu həyatda heç bir işə yaramıram.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ. Həyatımı boş şeylərə sərf etdiyimi düşünəndən qısa müddət sonra fikir verdim ki, sinif yoldaşlarımdan biri daha mülayim insan olub. Onun bu cür dəyişməsi marağıma səbəb oldu. Odur ki, bunun səbəbini öyrənmək üçün onu kafeyə dəvət elədim. Söhbət əsnasında o dedi ki, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayıb. Öyrəndiyi şeylərdən bəzilərini mənə danışdı. Danışdıqlarının hamısı mənim üçün yeni idi, çünki heç vaxt kilsəyə getməmişdim, Müqəddəs Kitabı əlimə alıb oxumamışdım. Yehovanın Şahidlərinin ibadət görüşlərinə getməyə və Müqəddəs Kitabı öyrənməyə başladım.

Müqəddəs Kitabdan çoxlu həqiqətlər öyrəndim. Bunların sayəsində həyatımda dəyişiklik etmək üçün özümdə güc tapdım. Məsələn, Müqəddəs Kitabdan öyrəndim ki, biz axırzamanda yaşayırıq (2 Timutiyə 3:1—5). Həm də öyrəndim ki, Allah tezliklə yer üzündən pis insanların kökünü kəsəcək, mömin insanlara isə Cənnətdə əbədi yaşamaq imkanı verəcək (Zəbur 37:29). Bütün bunlar məndə həyatımı dəyişib, mömin insanların arasında olmaq istəyi yaratdı.

Müqəddəs Kitabdan öyrəndiyim bilikləri dostlarımla bölüşməyə başladım. Çoxları məni buna görə ələ salırdı, amma onların bu cür münasibəti mənə gözləmədiyim tərzdə kömək elədi. Başa düşdüm ki, onlar əsl dost deyillərmiş və mənim içki problemim əsas etibarilə kimlərlə oturub-durmağımdan asılı imiş. Onlar həftəsonunu həsrətlə gözləyirdilər ki, sərxoş olanacan içsinlər.

Bu dostlarımla əlaqəmi kəsdim. Yehovanın Şahidlərinin arasından qazandığım yeni dostlarla vaxt keçirməyə başladım. Allahı sevən, Onun qayda-qanunları ilə yaşayan insanlarla oturub-durmaq məni çox ruhlandırırdı. Tədricən sərxoşluq etmək vərdişimin öhdəsindən gəldim.

MƏNƏ FAYDASI. Yehovaya şükür, xoşbəxtliyi daha içkidə axtarmıram. Əgər sərxoşluq etməyə davam eləsəydim, kim bilir, axırım necə olacaqdı. Amma əminliklə deyə bilərəm ki, indi daha mənalı həyat sürürəm.

Yeddi ildir ki, Yehovanın Şahidlərinin Sloveniyadakı filialında xidmət edirəm. Yehovanı tanıyandan və Ona ibadət edəndən bəri həyatım indi daha mənalıdır.