Müqəddəs Kitab həyatları dəyişir
«İllərlə düşünmüşəm ki, biz niyə mövcuduq» (ROZALİND CON).
DOĞULDUĞU İL: 1963
ÖLKƏ: BRİTANİYA
KEÇMİŞDƏ: PRESTİJLİ İŞİ OLUB
KEÇMİŞİM.
Mən Cənubi Londonun Kroydon bölgəsində doğulmuşam. Ailədə doqquz uşaqdan altıncısı idim. Valideynlərim əslən Karib dənizində yerləşən Sent-Vinsent adasından idilər. Anam metodist kilsəsinə gedirdi. Mənim isə Allah barədə öyrənməyə heç marağım yox idi. Ancaq elm almağa böyük həvəsim var idi. Məktəb tətillərini yaxınlıqdakı gölün kənarında keçirirdim. Orada oturub kitabxanadan götürdüyüm kitabları oxuyurdum.
Məktəbi bitirdikdən bir neçə il sonra başa düşdüm ki, məzlum insanlara kömək etmək istəyirəm. Elə işə düzəldim ki, orada evsiz-eşiksizlərə, fiziki qüsurlu və öyrənmədə çətinliyi olanlara kömək edirdim. Sonra universitetdə tibb sahəsi ilə əlaqəli fakültəyə daxil oldum. Universiteti bitirdikdən sonra ard-arda prestijli işlərdə işlədim. Dəbdəbə içində yaşayırdım. Sərbəst məsləhətçi və sosial tədqiqatçı idim. İş üçün mənə təkcə notbuk və internetə çıxış lazım idi. Vaxtaşırı bir neçə həftəliyə xarici ölkələrə uçurdum, xoşuma gələn hotellərdə qalırdım, gözəl yerlərdə olurdum, formada qalmaq üçün spa salonlarına, idman zallarına gedirdim. Həyatımdan çox razı idim. Amma məzlum insanlar da heç vaxt yadımdan çıxmırdı.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ.
İllərlə düşünmüşəm ki, biz niyə mövcuduq, həyatın mənası nədir. Amma heç vaxt bu suallara Müqəddəs Kitabdan cavab tapmağa çalışmamışam. 1999-cu ildə, artıq Yehovanın Şahidi olan kiçik bacım Marqaret bir rəfiqəsi ilə mənə baş çəkməyə gəldi. Rəfiqəsi mənə çox diqqət, qayğı göstərdi. Onunla Müqəddəs Kitabı öyrənməyə razılaşdım. Amma çox yavaş inkişaf edirdim. Karyeram, həyat tərzim vaxtımı çox alırdı.
2002-ci ilin yayında İngiltərənin cənub-qərbinə köçdüm. Orada doktorluq dərəcəsini almaq üçün yenidən universitetdə təhsilimi davam etdirdim. Oğlumu da götürüb tez-tez ibadət görüşlərinə getməyə başladım. Ali təhsili çox sevirdim. Amma Müqəddəs Kitabı öyrəndikcə dünyadakı problemləri və onların həlli yolunu daha yaxşı başa düşürdüm. Mətta 6:24 ayəsindəki sözlərin mənasını dərk etməyə başladım. Orada deyilir ki, insan iki ağaya qulluq edə bilməz. Ya Allaha qulluq etməlidir, ya da var-dövlətə. Anlayırdım ki, artıq seçim etməliyəm.
Ondan əvvəlki il tez-tez evdə qrup şəklində keçirilən Müqəddəs Kitab dərsinə gedirdim. Orada Yehovanın Şahidləri «Qayğıkeş Yaradan mövcuddurmu?» * nəşrini araşdırırdılar. Mən əmin oldum ki, yalnız Yaradan Allahımız Yehova bəşəriyyətin problemlərini həll edə bilər. Universitetdə bizə öyrədirdilər ki, insanın Allaha ehtiyacı yoxdur. Bu mənim heç xoşuma gəlmədi. İki aydan sonra universitetdən çıxdım və ruhani məqsədlərə can atmaq qərara gəldim.
Məsəllər 3:5, 6 ayələri məni təşviq etdi ki, həyat tərzimi dəyişim. Orada yazılıb: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər». Səmavi Atamız barədə öyrənmək doktorluq dərəcəsinin gətirəcəyi var-dövlətdən və vəzifədən qat-qat dəyərli idi. Yehovanın yer üzü ilə bağlı niyyəti haqda, İsa Məsihin bizim uğrumuzda həyatını qurban verməsi barədə öyrəndikcə həyatımı Ona həsr etmək istəyirdim. 2003-cü ilin aprel ayında vəftiz olundum. Sonra isə tədricən həyatımı sadələşdirməyə başladım.
MƏNƏ FAYDASI.
Yehova ilə dostluq misilsiz bir nemətdir. Onu tanıdıqdan sonra qəlbimə rahatlıq, sevinc hakim kəsilib. Həmçinin Yehovanı sevən insanlarla dostluq etmək də həyatıma sevinc qatır.
Hələ də öyrənməyi sevirəm və Müqəddəs Kitab, ibadət görüşləri bu həvəsimi tam təmin edir. Etiqadımı sevə-sevə insanlarla bölüşürəm. Bu, həyatımda ən vacib işdir, çünki bunun sayəsində insanlara kömək edirəm ki, həm indi xoşbəxt olsunlar, həm də gələcəyə gözəl ümidləri olsun. 2008-ci ilin iyun ayından tamvaxtlı xidmət edirəm. İndi daha xoşbəxtəm. Həyatın mənasını tapmışam. Buna görə Yehovaya ürəkdən minnətdaram.
^ Yehovanın Şahidləri tərəfindən dərc edilib.