OXUCULARIMIZ SORUŞUR...
Allahı kimsə yaradıb?
Bir təsəvvür et: Ata yeddi yaşlı oğlu ilə söhbət edir. Ona yaradılışdan danışır: «Çoxdan, lap çoxdan Allah göydə Günəşi, Ayı və ulduzları yaratdı. Sonra bizim Yeri və Yerdə olan hər şeyi yaratdı». Oğlan bir qədər düşünür və sonra soruşur: «Atacan, bəs Allahı kim yaradıb?»
«Allahı heç kim yaratmayıb», — deyə ata cavab verir, — «O, həmişə var olub». Bu sadə cavab uşağı hələlik qane edir. Amma böyüdükcə, bu sual onu rahat buraxmır. O, heç cür anlaya bilmir, axı necə ola bilər ki, kiminsə əvvəli, başlanğıcı olmasın. Məsələn, Kainat. Axı onun da bir başlanğıc nöqtəsi olub. «Bəs Allah? O necə var olub?» — deyə artıq böyüyüb boya-başa çatmış oğlan hey düşünür.
Müqəddəs Kitab bu suala necə cavab verir? Təxminən nümunəmizdəki atanın oğluna cavab verdiyi kimi. Musa peyğəmbər yazmışdı: «Ey Yehova,.. dağlar doğulmazdan əvvəl, Sən dünyanı, torpağı var etməzdən əvvəl əzəldən əbədiyyətə Allah Sənsən» (Zəbur 90:1, 2). Əşiya peyğəmbər də buna bənzər fikir söyləmişdi: «Məgər xəbərin yoxdur? Məgər eşitməmisən? Yerin hüdudlarını yaradan Yehova əbədiyyən Allahdır» (Əşiya 40:28). Yəhudanın yazdığı məktubda da Allah «əzəldən əbədiyyətə qədər» var olan kimi təsvir edilir (Yəhuda 25).
Bu ayələrdən aydın göründüyü kimi, Allah «əbədiyyət Hökmdarı»dır. Həvari Bulus Allahı bu cür təsvir etmişdi (1 Timutiyə 1:17). Bu o deməkdir ki, zaman xəttində nə qədər geriyə getsək də, Allah həmişə var olub və həmişə də var olacaq (Vəhy 1:8). Beləcə görürük ki, əbədiyyən mövcud olması Allah-Taalanın əsas cəhətidir.
Nə üçün bu fikri dərk etmək bu dərəcədə çətindir? Çünki həyatımız qısa olduğundan biz zaman anlayışını Allahdan tamamilə fərqli şəkildə dərk edirik. Allah əbədidir, onun üçün min il bir gün kimidir (2 Butrus 3:8). Bir nümunəyə baxaq: Cəmi 50 gün ömrü olan bir çəyirtkə 70 və ya 80 illik insan ömrünü dərk edə bilərmi? Çətin ki! Müqəddəs Kitabda isə insan Böyük Yaradanla müqayisədə çəyirtkəyə bənzədilir. Bizim əqlimiz belə, onunku ilə müqayisədə cılızdır (Əşiya 40:22; 55:8, 9). Ona görə də təəccüblü deyil ki, insan Yehovanın təbiətinin müəyyən tərəflərini tam dərk etmək iqtidarında deyil.
Allahın əbədi olması fikri öz-özlüyündə çətin bir fikir olsa da, burada məntiq var. Allahı başqa bir varlıq yaratmış olsaydı, onda elə o varlıq özü Yaradan olardı. Ancaq Müqəddəs Kitab izah edir ki, «hər şeyin yaradanı» Yehovadır (Vəhy 4:11). Bundan əlavə, bildiyimiz kimi, Kainat həmişə var olmayıb (Yaradılış 1:1, 2). O, haradan peyda olub? Onu yaradan ondan əvvəl mövcud olmalı idi. Yaradan ilk şüurlu məxluqlar, məsələn, Onun ilkin Oğlu və mələklər yaranmazdan əvvəl var idi (Əyyub 38:4, 7; Koloslulara 1:15). Aydındır ki, əvvəlcə Allah tək var olub. Ola bilməz ki, Allah yaradılsın. Çünki həmin vaxt, heç bir varlıq yox idi ki, Allahı yaratsın.
Bizim və bütün Kainatın mövcudluğu əbədi Allahın var olduğunu sübut edir. Əngin Kainatı hərəkətə gətirmiş, onu nizam altında saxlamaq üçün fiziki qanunları yaratmış Kəs həmişə var olmuşdur. Yalnız O, xilqətə nəfəs verə bilər (Əyyub 33:4).