Kontentə keç

Mündəricatı göstər

DƏRS 5

İşmuil həmişə özünü yaxşı aparırdı

İşmuil həmişə özünü yaxşı aparırdı

İşmuil lap kiçik yaşlarından müqəddəs çadırda yaşayır və xidmət edirdi. İnsanlar ora Yehova Allaha ibadət etmək üçün gəlirdilər. Bəs, necə oldu ki, İşmuil orada xidmət etməyə başladı? Gəl ilk öncə İşmuilin anası Hənnə haqda öyrənək.

Hənnənin uzun müddət övladı olmurdu və o, övlad arzusunda idi. Buna görə o, Yehova Allaha dua edib yalvarırdı ki, ona övlad versin. Hənnə Allaha söz vermişdi ki, əgər oğlu olsa, onu müqəddəs çadırda xidmət etməyə göndərəcək. Yehova Hənnənin duasını cavabsız qoymadı və onun yarlı-yaraşıqlı bir oğlu oldu. Adını İşmuil qoydular. Və artıq uşağın üç-dörd yaşı olanda Hənnə sözünün üstündə duraraq onu Allaha xidmət etmək üçün müqəddəs çadıra apardı.

Müqəddəs çadırda xidmət edən Əli adlı baş kahin var idi. Onun iki oğlu da orada xidmət edirdi. Yadındadır da, biz səninlə keçmişdik ki, müqəddəs çadırda Allaha ibadət edirlər və orada xidmət edən insan ancaq yaxşı işlər görməli idi. Ancaq çox təəssüf ki, Əlinin oğulları pis işlərlə məşğul olurdular. Üstəlik, onların nə hoqqalardan çıxdığını İşmuil də görürdü. Necə düşünürsən, İşmuil Əlinin oğullarının pis təsiri altına düşdü? ~ Xeyr. Valideynlərinin öyrətdiyi kimi, İşmuil həmişə özünü yaxşı aparırdı.

Sənin fikrincə, Əli oğullarına nə etməli idi? ~ O, onları cəzalandırmalı və Allahın müqəddəs çadırından qovmalı idi. Lakin Əli bunu etmədiyinə görə Yehova ona və oğullarına çox qəzəbləndi. Və qərara gəldi ki, onları Özü cəzalandırsın.

İşmuil Əliyə Yehovanın xəbərini çatdırdı

Bir dəfə gecə İşmuil yatarkən kiminsə onu çağırdığını eşitdi. O, cəld Əlinin yanına qaçdı və onu çağırıb-çağırmadığını soruşdu. Ancaq Əli ona: «Yox, çağırmamışam», — dedi. Bu vəziyyət daha iki dəfə təkrarlandı. Ancaq üçüncü dəfədən sonra Əli ona dedi ki, əgər yenə o səsi eşitsə, belə desin: «Danış Yehova, qulun səni eşidir». İşmuil məhz belə də etdi. Yehova ona dedi ki, Əlini və onun ailəsini pis əməllərinə görə cəzalandıracaq. Səncə, bu xəbəri Əliyə demək İşmuil üçün asan idi? ~ Heç də yox. Çətin olsa da, İşmuil Yehovanın ona tapşırdığı işi yerinə yetirdi. Yehova necə dedisə, elə də oldu. Əli və onun iki oğlu öldü.

İşmuil bizim üçün gözəl örnəkdir. Hətta ətrafındakı insanlar pis davransalar da, o, həmişə düzgün davranırdı. Bəs, sən necə? Sən də İşmuil kimi, həmişə özünü yaxşı aparacaqsan? Əgər belə etsən, onda həm Yehovanın, həm də valideynlərinin ürəyini şad edərsən.

MÜQƏDDƏS KİTABDAN OXU