Kontentə keç

Mündəricatı göstər

Bu, sadəcə kiçik anlaşılmazlıqdır?

Bu, sadəcə kiçik anlaşılmazlıqdır?

Balaca qız görür ki, zavodun bacasından çıxan tüstü bulud topaları əmələ gətirir. Qıza elə gəlir ki, bu zavod bulud yaradır. Bu kimi kiçik anlaşılmazlıqlar insanda gülüş doğurur. Lakin bəzən elə anlaşılmazlıqlar ola bilər ki, bütün həyatımıza təsir etsin. Məsələn, dərman qutusunun üstündə yazılanları səhv başa düşmək böyük fəsadlar gətirə bilər.

Allahın Kəlamında yazılanları səhv başa düşmək isə xüsusilə təhlükəlidir. Misal üçün, İsa peyğəmbərin dövründə yaşayan bəzi insanlar peyğəmbərin öyrətdiklərini yanlış başa düşmüşdülər (Yəhya 6:48—68). Lakin onlar peyğəmbərin sözlərinin mənasını öyrənmək əvəzinə, onun bütün dediklərini rədd etdilər. Heyif, onlar çox şey itirdilər!

Siz Allahın Kəlamını oxuyursunuz? Əgər belədirsə, bu, tərifəlayiqdir. Bəs elə ola bilərmi ki, siz nəyisə səhv başa düşəsiniz? Bu normaldır. Gəlin Müqəddəs Kitabda çox vaxt səhv başa düşülən üç fikrə nəzər salaq.

  • Bəziləri Müqəddəs Kitabda yazılan «Allahdan qorx» əmrini səhv başa düşürlər. Onlar elə bilirlər ki, Allahdan vahiməli dərəcədə qorxmaq lazımdır (Vaiz 12:13). Ancaq Allah insanların Ondan bu cür qorxmalarını istəmir. Əksinə, Öz Kəlamında deyir: «Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm» (Əşiya 41:10). Allahdan qorxmaq Ona dərin hörmət və ehtiram bəsləmək deməkdir.

  • Dünya alovla məhv olacaq?

    Digərləri Müqəddəs Kitabda yazılan növbəti sözləri düzgün başa düşmürlər: «Hər şeyin öz vaxtı var,.. doğulmağın öz vaxtı, ölməyin öz vaxtı». Onların fikrincə, Allah bu sözlərlə demək istəyir ki, O, hər bir insanın ölüm gününü əvvəlcədən müəyyən edir (Vaiz 3:1, 2). Əslində isə, bu ayədə insan həyatının axarından söz açılır: doğulan insan nə vaxtsa ölür. Müqəddəs Kitaba əsasən, insanın nə qədər yaşayacağına çox vaxt verdiyi qərarlar təsir edir. Məsələn, orada yazılıb: «Yehovadan qorxmaq ömrü uzadır» (Məsəllər 10:27; Zəbur 90:10; Əşiya 55:3). Bu necə ola bilər? Allahın Kəlamına hörmət edən insan əyyaşlıq və əxlaqsızlıq kimi zərərli əməllərdən uzaq duracaq (1 Korinflilərə 6:9, 10).

  • Bəzi insanlar Müqəddəs Kitabda yazılmış «göylər və yer... hökm gününün alovu üçün saxlanılır» sözlərini hərfi mənada başa düşüb deyirlər ki, Allah yaşadığımız bu planeti məhv edəcək (2 Butrus 3:7). Ancaq Allah Öz Kəlamında yer kürəsini məhv etməyəcəyinə dair zəmanət verir. Orada yazılıb: «Yeri möhkəm təməllər üzərində qurmusan, heç vaxt yerindən tərpənməz» (Zəbur 104:5; Əşiya 45:18). 2 Butrus 3:7 ayəsində söhbət planetin məhv olmasından yox, bu dünya düzəninin, öz cızığından çıxmış insan cəmiyyətinin məhvindən gedir. Göy üzü ifadəsi isə hərfi mənada səmanı, ulduzlu Kainatı, Allahın məskənini bildirir. Bunların heç bir məhv olmayacaq!

NƏYƏ GÖRƏ BƏZƏN MÜQƏDDƏS KİTAB SƏHV BAŞA DÜŞÜLÜR?

Yuxarıdakı nümunələrdən gördüyümüz kimi, insanlar Müqəddəs Kitabdan oxuduqları ayələri bəzən səhv başa düşürlər. Bəs Allah buna nə üçün yol verir? Bəziləri belə deyir: «Əgər Allahın hikməti və müdrikliyi misilsizdirsə, Kəlamını elə yazdırmalı idi ki, hər kəs asanlıqla başa düşsün. Bəs niyə belə deyil?» Gəlin görək hansı üç səbəbə görə Müqəddəs Kitab adətən səhv başa düşülür.

  1. Müqəddəs Kitab təvazökar və öyrənməyə hazır olan insanlar üçün nəzərdə tutulub. İsa peyğəmbər Allaha dua edərək demişdi: «Ata, ey yerin, göyün Sahibi! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı adamlardan bərk-bərk gizlədib körpələrə açdın» (Luka 10:21). Müqəddəs Kitab elə tərzdə yazılıb ki, onu yalnız düzgün niyyətdən irəli gələrək oxuyan insanlar başa düşə bilər. Ayədəki «hikmətli və ağıllı adamlar» adətən özlərindən razı olduqları üçün Müqəddəs Kitabı səhv başa düşürlər. «Körpələr», yəni təvazökar və öyrənməyə meyilli olan insanlar isə Allahın Kəlamını düz başa düşürlər. Həqiqətən də, Allah Öz Kəlamını çox məharətlə tərtib edib!

  2. Müqəddəs Kitab onu başa düşmək üçün Allahın köməyini axtaran insanlara ünvanlanıb. İsa Məsih bildirmişdi ki, onun öyrətdiklərini tam başa düşmək üçün insanların köməyə ehtiyacı olacaq. Bəs onlar köməyi haradan alacaqdılar? Məsih izah etmişdi: «Köməkçi, yəni Atanın mənim adımla göndərəcəyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək» (Yəhya 14:26). Allah Öz müqəddəs ruhunu, yəni fəaliyyətdə olan qüvvəsini verməklə insanlara Müqəddəs Kitabı başa düşməyə kömək edir. Ancaq Allah Onun köməyini axtarmayan insanlara müqəddəs ruhunu vermir. Buna görə də Allahın Kəlamı belə insanlar üçün qaranlıq qalır. Müqəddəs ruh həmçinin Müqəddəs Kitabı yaxşı bilən insanları istiqamətləndirir ki, bu kitabı anlamaq istəyən insanların köməyinə çatsınlar (Həvarilərin işləri 8:26—35).

  3. Bəzi ayələrin açıqlanmasının öz vaxtı var. Misal üçün, Dənyal peyğəmbər gələcəkdə baş verəcək bir hadisəni qələmə alanda mələk ona demişdi: «Sən, ey Dənyal, bu sözləri sirr olaraq saxla və kitabı axırzamana qədər möhürlə». Əsrlər boyu insanlar Dənyal peyğəmbərin Müqəddəs Kitabda yazılmış bu sözlərini oxumuş, ancaq başa düşə bilməmişdilər. Əslində, Dənyal peyğəmbərin özü də yazdıqlarının hansı məna kəsb elədiyini başa düşmürdü. Peyğəmbər təvazökarlıqla qeyd etmişdi: «Mən eşitdim, lakin anlamadım». İnsanlar Dənyal peyğəmbərin yazdığı sözlərin nə demək olduğunu başa düşəcəkdilər, ancaq Allah bunun üçün xüsusi bir vaxt təyin etmişdi. Mələk izah edir: «Get, ey Dənyal, çünki bu sözlər axırzamanadək sirr olaraq saxlanıb möhürlü qalmalıdır». Bəs Allahın sözlərini kim başa düşəcəkdi? «Pislərin heç biri bu sözləri anlamayacaq, ağıllı adamlarsa dərk edəcək» (Dənyal 12:4, 8—10). Burdan belə nəticəyə gəlmək olar ki, Allah, təyin etdiyi vaxt yetişməyincə, Müqəddəs Kitabın bəzi ayələrinin mənasını sirr olaraq saxlayır.

Bəs elə bir vaxt olub ki, Yehovanın Şahidləri Müqəddəs Kitabı səhv başa düşsünlər? Bəli, olub. Ancaq Allah təyin etdiyi vaxtda bu məsələlərə aydınlıq gətirəndə Yehovanın Şahidləri öz qənaətlərində dəyişiklik ediblər. Onlar inanır ki, bu cür davranmaqla İsa Məsihin həvarilərinin yolu ilə getmiş olurlar. Çünki İsa peyğəmbər həvarilərinə düzəliş edəndə onlar bu düzəlişləri həmişə təvazökarcasına qəbul edirdilər (Həvarilərin işləri 1:6, 7).

Məqalənin əvvəlindəki balaca qızcığazın tüstü ilə bağlı gəldiyi qənaət kiçik bir anlaşılmazlıq idi. Müqəddəs Kitabın öyrətdiklərini isə düzgün başa düşmək mütləqdir, çünki orada yazılanlar bizim üçün olduqca vacibdir. Buna görə də tək oxuyub onu başa düşməyə cəhd göstərməkdənsə, kimdənsə kömək istəyin. Elə insanlardan kömək istəyin ki, öyrənməyə meyilli olsun, Allahdan Kəlamını başa düşmək üçün müqəddəs ruhun köməyini istəsin və əmin olsun ki, Allah bizim Müqəddəs Kitabı yaxşı başa düşməyimizi indi xüsusilə istəyir. Buna görə də Yehovanın Şahidləri ilə söhbət etməyə çəkinməyin və jw.org saytındakı dəqiqliklə araşdırılmış məlumatları oxuyun. Allahın Kəlamı vəd edir: «Əgər dərrakəni çağır»san, onda «Allahın elminə yetişərsən» (Məsəllər 2:3—5).