ÜZ QABIĞINDA | PİS ŞEYLƏR YAXŞI İNSANLARIN BAŞINA GƏLİR?
Pis şeylər yaxşı insanların başına gəlir. Axı niyə?
Yehova * Yaradan və Qadir Allah olduğu üçün bir çox insanlar düşünürlər ki, dünyada pis, yaxşı nə varsa — hamısı Ondandır. Ancaq gəlin görək Müqəddəs Kitabda Allah haqqında nə deyilir:
-
«Rəbb bütün yollarında adildir» (Məzmur 145:17).
-
«[Allahın] bütün yolları haqdır, sadiq Allahdır, heç zaman haqsızlıq etməz, adil və doğru olan Odur» (Qanunun təkrarı 32:4).
-
«Yehova çox nəvazişli və mərhəmətlidir» (Yaqub 5:11).
Allah pislik etmir. Bəs ola bilərmi ki, O, başqalarını buna təhrik etsin? Qətiyyən! Müqəddəs Kitabda deyilir: «Sınaqlarla üzləşəndə qoy heç kəs: “Allah məni sınağa çəkir”, — deməsin». Niyə? «Çünki Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil» (Yaqub 1:13). Allah insanları sınamaq üçün qabaqlarına pislik çıxarmır. O nə Özü pislik edir, nə də ki başqalarını buna təhrik edir. Bəs onda müqəssir kimdir, yaxud nədir?
YANLIŞ VAXTDA YANLIŞ YERDƏ
İnsanın başına bədbəxt hadisə gəlməsinin səbəblərindən biri Müqəddəs Kitabda belə izah olunur: «Hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11, Yeni Dünya tərcüməsi). İnsanın başına bədbəxt hadisənin gəlibgəlməyəcəyi onun daha çox həmin vaxt harada olacağından asılıdır. Təxminən 2000 il bundan əvvəl İsa peyğəmbər bir bədbəxt hadisədən danışmışdı. Həmin hadisəyə görə, 18 adam uçmuş qüllənin altında qalaraq ölmüşdü (Luka 13:1—5). Bu insanlar pis həyat tərzi sürdüklərinə görə bu hadisənin qurbanı olmamışdılar; sadəcə qüllə uçanda orada idilər. 2010-cu ilin yanvar ayında Haitidə viranedici zəlzələ baş vermişdi; Haiti hökumətinin verdiyi məlumata əsasən, 300 000 adam bu təbii fəlakətin qurbanı olmuşdu. Kimliyindən asılı olmayaraq, hamısı həlak olmuşdu. Xəstəlik də hər an hər kəsi yaxalaya bilər.
Allah niyə yaxşı bəndələrini hifz etmir?
Kimsə soruşa bilər: «Məgər Allah bu ölümsaçan fəlakətlərin qarşısını ala bilmir? Nəyə görə O, yaxşı bəndələrini qorumur?» Onda elə çıxır ki, Onun bədbəxt hadisənin baş verəcəyindən qabaqcadan xəbəri olur. Düzdür, Allah-Taala gələcəyi görə bilir. Bəs O, bu qabiliyyətindən hər zamanmı istifadə edir? (Yeşaya 42:9).
Allahın Kəlamında deyilir: «Allahımız göylərdədir, Öz istədiyini edir» (Məzmur 115:3). Yehova Allah bacardığı yox, istədiyi şeyi edir. Buna görə də O, gələcəyə dair nəyi görmək istəyib-istəmədiyinə Özü qərar verir. Məsələn, Allah qədim Sodom və Homorra şəhərlərində pisliyin baş alıb getdiyini görəndə İbrahim peyğəmbərə dedi: «Aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim» (Yaradılış 18:20, 21). Yehova bu şəhərlərdə pisliyin nə qədər geniş yayıldığını bir müddət bilməmək qərarını vermişdi. Eynilə, Yehova istəyəndə hər şeyi qabaqcadan bilməməyi seçə bilər (Yaradılış 22:12). Bu, Onun qüsurlu, yaxud zəif olduğunu göstərmir. «İşləri kamil» olduğu üçün Allah yalnız niyyəti üçün zəruriyyət yarandıqda gələcəyi görmə qabiliyyətindən istifadə edə bilər; O, heç vaxt insanları hansısa yol ilə getməyə məcbur etmir * (Qanunun təkrarı 32:4). Bundan hansı nəticəyə gəlirik? Allah gələcəyi görmə qabiliyyətindən seçici şəkildə və istədiyi kimi istifadə edir.
BƏS İNSANLARDA TƏQSİR VAR?
Dünyada olan pisliklərə görə məsuliyyətin bir qismi insanların payına düşür. İnsanlara zərər vuran hərəkətin necə meydana gəldiyi Müqəddəs Kitabda belə təsvir edilir: «Hər kəs öz nəfsinin toruna düşərək yoldan çıxıb sınanır. Sonra nəfs boylu qalıb günah doğur, törədilmiş günah isə öz növbəsində ölümə aparır» (Yaqub 1:14, 15). İnsan yanlış arzularının arxasınca düşəndə, ya da ki nəfsinə uyanda başına bəla açır. İnsanın miras aldığı qeyri-kamillik yanlış arzuları gücləndirir, bunun axırı isə pis qurtarır (Romalılara 7:21—23). Tarix ərzində insanlar dəhşətli hadisələr törətmiş və bu, misli görünməmiş iztirablara səbəb olmuşdur. Üstəlik, pis insanlar başqalarını yoldan çıxararaq pisliyi daha da artırırlar (Süleymanın məsəlləri 1:10—16).
İnsanlar misli görünməmiş əzablara səbəb olan dəhşətli əməllər törətmişlər
Allah insanların pis əməllərinin qarşısını almağa borcludur? Görək insan necə yaradılıb. Müqəddəs Kitabda deyilir ki, Allah insanı Öz surətində yaradıb. Deməli, insanların Allahın xüsusiyyətlərini əks etdirmək qabiliyyəti var (Yaradılış 1:26). Yaradan insana iradə azadlığı bəxş edib; bunun sayəsində biz özümüz Allahı sevməyi, eləcə də Onun gözündə düzgün olan hərəkətləri edərək Ona bağlı qalmağı seçə bilərik (Qanunun təkrarı 30:19, 20). Əgər Allah insanları Ona itaət etməyə məcbur etsəydi, iradə azadlığının nə mənası olardı? Onda insanın maşından fərqi olmazdı, o sadəcə proqramlaşdırılmış şəkildə hərəkət edərdi! Deyilən şeylər tale, yəni qismətə də aiddir. Biz necə də xoşbəxtik ki, Allah öz yolumuzu seçməyə icazə verir! Bu o demək deyil ki, insanların səhv seçimləri və vurduqları zərər ömür boyu insan övladına bəla gətirəcək.
ƏZAB ÇƏKMƏYİMİZİN SƏBƏBİ KARMADIR?
Bu jurnalın üz qabığındakı sualı hinduistə və ya buddistə versəniz, buna bənzər cavab eşidərsiniz: «Pis şeylər yaxşı insanların başına gəlir. Belələri əvvəlki həyatlarında etdiklərinin əvəzini alırlar. Bu, karma qanunudur» *.
Karma təliminə gəlincə, yaxşı olardı ki, Müqəddəs Kitabda ölüm haqda deyilənlərə diqqət yetirək. Bəşəriyyətin beşiyi olan Eden bağında ilk insan Adəmin Xaliqi olan Allah demişdi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:16, 17). Əgər Adəm Allahın əmrini pozub günah işlətməsəydi, əbədi yaşayardı. Ölüm Allahın əmrindən çıxmağın cəzası idi. Onların övladları dünyaya gələndə «ölüm bütün adamlara keçdi» (Romalılara 5:12). Buna görə demək olar ki, «günahın ödədiyi haqq ölümdür» (Romalılara 6:23). Müqəddəs Kitabda həmçinin deyilir: «Ölmüş adam günahdan azaddır» (Romalılara 6:7). Yəni insan öləndən sonra günahlarının əvəzini ödəməyə davam etmir.
İndiki dövrdə milyonlarla insanlar iztirab gətirən problemləri karma ilə əlaqələndirirlər. Adətən, dindar adamlar həm özlərinin, həm də başqalarının iztirab çəkməsinə normal baxırlar. Amma fakt fakt olaraq qalır: bu təlim pisliklərin nə vaxtsa bitəcəyinə ümid yeri qoymur. Yeganə çıxış yolu düzgün davranmaqla və xüsusi biliyə yiyələnməklə yenidəndoğulma dövriyyəsindən azad olmaqdır. Bu fikirlər, əlbəttə ki, Müqəddəs Kitabda deyilənlərə tamamilə ziddir *.
ƏSAS MÜQƏSSİR!
Ancaq pisliklərin əsas səbəbkarı insanlar deyil. Başlanğıcda Allahın sadiq mələyi olmuş Şeytan İblis «həqiqətə bağlı qalmadı» və onun ucbatından günah dünyaya girdi (Yəhya 8:44). Adəmlə Həvvanı da üsyana təhrik edən o oldu (Yaradılış 3:1—5). İsa Məsih onu «Şərir» və «bu dünyanın hökmdarı» adlandırdı (Matta 6:13; Yəhya 14:30). Bəşəriyyət Yehova Allahın gözəl yollarından imtina etməklə ümumilikdə Şeytanın yolu ilə gedir (1 Yəhya 2:15, 16). 1 Yəhya 5:19 ayəsində deyilir: «Bütün dünya... Şəririn əlindədir». Şeytan dönük çıxan yeganə mələk deyildi, digər mələklər də ona qoşulmuşdu. Müqəddəs Kitabda deyilir ki, Şeytan cinləri ilə birgə «bütün dünyanı [aldadır]» və insanlara qan uddurur (Vəhy 12:9, 12). Əsas müqəssir Şeytan İblisdir.
Aydın məsələdir ki, Allah nə insanların başına gələn pisliklərə görə məsuliyyət daşıyır, nə də onlara əzab verir. Allah pisliyin kökünü kəsəcəyini vəd edir. Bunu növbəti məqalədən öyrənəcəyik.
^ abz. 3 Yehova Allahın adıdır. Bu, Müqəddəs Kitabda yazılıb.
^ abz. 11 Allahın əzablara nəyə görə yol verdiyini öyrənmək üçün Yehovanın Şahidlərinin dərc etdiyi «Müqəddəs Kitab əslində nə öyrədir?» adlı kitabın 11-ci fəslinə baxın.
^ abz. 16 Karma qanununun kökü haqda Yehovanın Şahidlərinin dərc etdiyi «İnsan öləndə nə baş verir?» adlı broşüranın 8—12 səhifələrindən oxuya bilərsiniz.
^ abz. 18 Müqəddəs Kitabda ölülərin vəziyyəti və onlar üçün olan ümid haqda deyilənləri «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 6-cı və 7-ci fəsillərindən öyrənə bilərsiniz.