Mömin qadın Yuhənnə
ÇOXLARI İsa Məsihin 12 həvarisi olduğunu yaxşı bilir. Ancaq onlar bilmirlər ki, İsanın şagirdləri arasında onunla yaxın ünsiyyətdə olan qadınlar da var idi. Bu qadınlardan biri Yuhənnə idi (Mət. 27:55; Luka 8:3).
Gəlin görək o, İsa Məsihə necə dəstək olmuşdu və biz onun nümunəsindən nə öyrənə bilərik.
YUHƏNNƏ KİM İDİ?
Yuhənnə Hirod Antipanın evində eşikağası olan Huzanın arvadı idi. O, İsanın sağaltdığı qadınlardan biri idi. Yuhənnə digər qadınlarla birlikdə İsa və onun həvariləri ilə səyahət edirdi (Luka 8:1—3).
Yəhudi ravvinlərin qanunlarına görə qadınlar qohumları olmayan kişilərlə söhbət edə bilməzdilər, o ki qalmışdı onlarla səyahət etmək. Ümumiyyətlə, həmin cəmiyyətdə yəhudi kişilərin qadınlarla çox danışmasına pis baxırdılar. İsa Məsih isə bu adətlərə fikir vermirdi, Yuhənnəyə və digər imanlı qadınlara təbliğ səfərlərində onları müşayiət etməyə icazə verirdi.
Yuhənnə cəmiyyətin qınağını gözə alaraq İsayla və onun həvariləri ilə ünsiyyət edirdi. İsanın ardınca gedənlərin hamısı vərdiş etdikləri həyat tərzini dəyişməyə hazır olmalı idi. Amma onların bu cür qurbanları mükafatsız qalmırdı. İsa onlar haqda demişdi: «Mənim anam və qardaşlarım Allahın sözünü dinləyib ona əməl edənlərdir» (Luka 8:19—21; 18:28—30). İsanın qurbanlar verib ardınca gələn insanlara doğmaları kimi baxması sizi ruhlandırmır?
NƏLƏRİ VARDISA, ONLARLA BÖLÜŞÜRDÜ
Yuhənnə və digər qadınlar İsaya və on iki həvariyə qulluq edir, nələri vardısa onlarla bölüşürdü (Luka 8:3). Bir yazıçı qeyd edir: «Luka öz oxucularına bu qadınların yemək bişirdiyini, qab yuduğunu, paltar tikdiyini demirdi. Yəqin ki, onlar bu işləri görürdülər,.. ancaq Lukanın dediyi bu deyildi». Bu qadınlar öz pulları, əmlakları ilə onlara kömək edirdilər.
Nə İsa, nə də həvarilər təbliğ səfərləri zamanı işləmirdilər. Ancaq təxminən 20 nəfərlik bu dəstənin yeməyi var idi, digər zəruri tələbatları var idi. Düzdür, onları qonaq dəvət edirdilər. Amma İsagilin özləri ilə pul qutusu gəzdirmələrindən görünür ki, onlar həmişə başqalarının Yəh. 12:6; 13:28, 29). Yuhənnə və digər qadınlar xərcləri ödəməyə kömək edirdi.
qonaqpərvərliyinə arxayın olmurdular (Bəzilərinin fikrincə, yəhudi qadınların nə pulu, nə də əmlakı olurdu. Lakin əldə olan mənbələr göstərir ki, yəhudi qadının əmlakı ola bilərdi. 1) Qardaşı olmadığı təqdirdə, atasından ona miras qala bilərdi, 2) ona əmlak verə bilərdilər, 3) boşananda nikah şərtlərinə görə, qadına pul verilə bilərdi, 4) ölən ərindən ona əmlak qala bilərdi və ya 5) o, öz zəhmətilə pul qazana bilərdi.
Şübhəsiz, İsanın ardınca gedənlər bacardıqları qədər özləri özlərinin maddi tələbatlarını ödəyirdilər. Ola bilsin, onu müşayiət edənlər arasında varlı qadınlar da var idi. Yuhənnə ya həmin vaxt Hirodun eşikağasının arvadı idi, ya da ondan qabaq onun arvadı olmuşdu. Buna görə də bəziləri onun imkanlı olduğunu düşünür. Ola bilsin, İsaya tikişsiz bahalı paltarı da o, yaxud onun kimi varlı bir adam vermişdi. Bir yazıçı qeyd edir ki, «balıqçı arvadının belə bir hədiyyəyə gücü çatmazdı» (Yəh. 19:23, 24).
Müqəddəs Kitabda Yuhənnənin maddi cəhətdən kömək etdiyi konkret deyilmir. Lakin o, əlindən gələni edirdi və bu, bizim üçün gözəl nümunədir. Padşahlıq işinin irəliləməsi üçün nə qədər ianə edəcəyimiz və ya ümumiyyətlə ianə edib-etməyəcəyimiz öz ixtiyarımızdadır. Allah üçün ən vacibi odur ki, biz gücümüz çatanı verək, həm də bunu ürəkdən edək (Mət. 6:33; Mark 14:8; 2 Kor. 9:7).
İSANIN EDAMI VAXTI VƏ SONRA
Yuhənnə bir çox başqa qadınlarla birlikdə Cəlilədə İsaya xidmət edir və onu müşayiət edirdi. Sonra isə onlar İsa ilə birlikdə Yerusəlimə gəlmişdilər. İsa edam olunanda, görünür, Yuhənnə də onlarla orada idi (Mark 15:41). İsanın cəsədini dirəkdən endirib dəfn edəndən sonra «gedib sərdabəyə və cəsədin necə qoyulduğuna baxdılar. Onlar qayıdıb xoş iyli otlar və ətirli yağlar hazırladılar». Lukanın «Məcdəlli Məryəm, Yuhənnə və Yaqubun anası Məryəm» adlandırdığı bu qadınlar şənbə günündən sonra qayıtdılar və sərdabədə mələkləri gördülər. Mələklər onlara İsanın dirildiyini xəbər verdilər (Luka 23:55—24:10).
Eramızın 33-cü ilinin Əllinci gün bayramında, İsanın anası və qardaşları da daxil olmaqla, şagirdlər Yerusəlimdə yığışmışdılar. Ehtimal ki, Yuhənnə də onların arasında idi (Həv. 1:12—14). Sarayla əlaqəsi olduğu üçün, bəzilərinin fikrincə, Luka Hirod Antipa ilə bağlı məlumatları Yuhənnədən almışdı. Onların belə düşünməsinə səbəb həm də odur ki, Yuhənnənin adı yalnız Lukanın yazdığı Müjdədə çəkilir (Luka 8:3; 9:7—9; 23:8—12; 24:10).
Yuhənnədən çox şey öyrənə bilərik. O, əlindən gəldiyi qədər İsaya qulluq edirdi. Yəqin o, çox sevinirdi ki, İsaya, on iki həvariyə və digər şagirdlərə birlikdə səyahət etməyə və təbliğ etməyə maddi cəhətdən kömək edə bilir. Yuhənnə İsaya qulluq edirdi. Sınaqlar zamanı ona sadiq qalmışdı. Məsihi qadınlar bu mömin qadından çox şey öyrənə bilərlər.