Kontentə keç

Mündəricatı göstər

Ömür-gün yoldaşını itirəndə

Ömür-gün yoldaşını itirəndə

MÜQƏDDƏS KİTABDA aydın şəkildə deyilir ki, ər «arvadını özünü sevdiyi kimi [sevməlidir]». Arvad da «ərinə dərin hörmət [bəsləməlidir]». Onlar «bir bədən» olduqları üçün öz vəzifələrini tam şəkildə yerinə yetirməlidirlər (Efes. 5:33; Yar. 2:23, 24). Vaxt keçdikcə cütlük arasında möhkəm bağlılıq yaranır, onların bir-birinə olan məhəbbəti daha da artır. Bunu yan-yana böyüyən iki ağacın kökü ilə müqayisə etmək olar. Xoşbəxt nikahda ərlə arvadın hissləri bir-birinə ayrılmaz tellərlə bağlanır.

Bəs onlardan biri vəfat edəndə necə? Ərlə arvad arasındakı məhəbbət telləri qopur. Həyat yoldaşını itirən kəs çox vaxt ürəkağrısı və tənhalıq hiss edir, hətta bəzən qəzəblənir və hər şeydə özünü günahlandırır. 58 il evli olmuş Danielanın * həyat yoldaşını itirən çoxlu tanışı olub. Amma əri öləndən sonra o demişdi: «Əvvəllər bu hisslər mənə çatmırdı. Başına gəlməyincə insan heç vaxt bunu başa düşmür».

DİNMƏK BİLMƏYƏN AĞRI

Bəzi mütəxəssislərin fikrincə, insan üçün sevimli həyat yoldaşının ölümündən ağır stress yoxdur. Bu itkini yaşayanların çoxu bununla razılaşır. Ərini uzun illər öncə itirmiş Mili öz vəziyyətini belə təsvir edir: «Elə bil şikəstəm». O, 25 il bir yastığa baş qoyduğu həyat yoldaşını itirdiyinə görə keçirdiyi emosional sarsıntını belə ifadə etmişdi.

 İllərlə ərinin yasını tutan bir çox dul qadınlar kimi, Syuzan da həddən artıq kədər içində idi. O vaxt onun 38 il birgə ömür sürdüyü həyat yoldaşı vəfat etmişdi. Üstündən 20 ildən çox keçməsinə baxmayaraq, o deyir: «Bir gün belə olmur ki, mən onun barəsində düşünməyim». Syuzan onun üçün o qədər darıxır ki, çox vaxt göz yaşlarını saxlaya bilmir.

Müqəddəs Kitab da təsdiq edir ki, həyat yoldaşını itirmək insana uzunmüddətli ağrı verir. İbrahim peyğəmbər arvadı Sara vəfat edəndə onun üçün «yas tutub [ağlamışdı]» (Yar. 23:1, 2). Dirilməyə inanmasına baxmayaraq, ömür-gün yoldaşının ölümü onu dərin kədərə qərq etmişdi (İbr. 11:17—19). Çox sevdiyi arvadı Rəhilə öləndən sonra Yaqub uzun müddət onu unuda bilmirdi. O, öz oğullarına Rəhilə barəsində nəvazişlə danışırdı (Yar. 44:27; 48:7).

Müqəddəs Yazıların bu nümunələrindən nə öyrənirik? Çox vaxt dul qadınlar və kişilər itirdikləri həyat yoldaşlarına görə uzun illər ağrı hiss edirlər. Biz başa düşməliyik ki, onların göz yaşları və kədərə qərq olmaları zəiflik əlaməti deyil, üzləşdikləri böyük itkinin nəticəsidir. Onlar uzun müddət bizim şəfqətimizə və köməyimizə ehtiyac duya bilərlər.

ÖLƏNLƏ ÖLÜNMƏZ

Dul qalmış kəslərə tənhalığa öyrəşmək elə də asan olmur. Çünki uzun illər birgə ömür sürdükdən sonra, adətən, ər arvadına necə dəstək olacağını, kədərli və ya məyus vaxtlarında onun əhvalını necə qaldıracağını bilir. O, öləndə isə arvadının təsəlli və məhəbbət mənbəyi də onunla birgə ölür. Eynilə, illər ərzində qadın da ərinin özünü rahat və xoşbəxt hiss etməsi üçün nə edəcəyini öyrənir. Onun ərini nəvazişlə qucaqlaması və xoş sözlər söyləməsi, onun qayğısına qalması nəyə desən dəyər. Arvadı öləndə ərin həyatında boşluq yaranır. Bu səbəbdən həyat yoldaşını itirən kəslər gələcəyə ümidsiz və qorxu ilə baxırlar. Rahatlıq və əmin-amanlıq tapmaqda onlara hansı Müqəddəs Kitab prinsipi kömək edər?

«Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (Mat. 6:34). İsanın bu sözləri əsasən maddi tələbatlara tətbiq edilsə də, onlar bir çoxlarına əzizlərinin itkisinə tab gətirməyə kömək edir. Arvadını itirdikdən bir neçə ay sonra Çarlz adlı kişi demişdi: «Mən hələ də Monika üçün çox darıxıram və bu hisslər hərdən daha da güclənir. Ancaq başa düşürəm ki, bu normaldır və vaxt keçdikcə yaram yavaş-yavaş sağalacaq».

Bəli, Çarlz vaxtın keçməsini gözləməli idi. Bəs o bunu necə bacardı? O deyir: «Yehovanın köməyi sayəsində mən sabahın dərdini çəkmədən yaşayırdım». Çarlz qəm dəryasında batıb qalmadı. Yarası bir göz qırpımında sağalmasa da, Çarlz yol vermədi ki, dərdi onu yeyib-bitirsin. Əgər siz də həyat yoldaşınızı itirmisinizsə, yavaş-yavaş özünüzü toxtayıb gələcəyə baxmağa çalışın. Çünki bilmirsiniz, sabah özü ilə hansı xoşbəxtliyi gətirəcək.

 Yehovanın əzəli niyyətində ölüm yox idi. Əksinə, bu, «İblisin işlərini»n bir hissəsidir (1 Yəh. 3:8; Rom. 6:23). Şeytan ölümdən istifadə edir və ölüm qorxusu bir çoxlarını heç bir ümidi olmayan qula çevirir (İbr. 2:14, 15). Şeytan insanın, Allahın yeni dünyasında belə, həqiqi xoşbəxtlik və məmnunluq tapa biləcəyinə ümidini itirməsinə sevinir. Deməli, həyat yoldaşını itirməyin gətirdiyi kədər Adəmin günahının və Şeytanın fitnə-fəsadının nəticəsidir (Rom. 5:12). Yehova Şeytanın vurduğu bütün zərəri tamamilə aradan qaldıracaq, onun əsas silahı olan ölümü yox edəcək. Həyat yoldaşını itirən bir çoxları kimi, siz də Şeytanın yaratdığı qorxudan azad ola bilərsiniz.

Yer üzündə yaşamaq üçün dirildiləcək adamlar da daxil olmaqla, insanlar arasındakı münasibətdə böyük dəyişikliklər olacaq. Məsələn, həyata qaytarılacaq ata-analar, nənə-babalar və ulu valideynlər öz əsil-nəcabəti ilə birlikdə kamilliyə qovuşacaqlar. Qocalığın bütün fəsadları aradan qaldırılacaq. Ola bilsin, gənc nəsil dədə-babalarının onlarınkından fərqli olan dünya görüşünü öyrənməyə çalışacaq. Bu dəyişikliklər bəşər ailəsinin çiçəklənməsinə töhfə verəcək.

Dirilənlər barəsində saysız-hesabsız suallar yaranır. Məsələn, iki və ya daha çox həyat yoldaşını itirmiş insanlarla nə baş verəcək? Sadukeylər birinci əri öldükdən sonra bir neçə dəfə ərə getmiş və onları da itirmiş qadınla bağlı sual  qaldırmışdılar (Luka 20:27—33). Diriləndən sonra onlar arasında hansı münasibətlər olacaq? Biz dəqiq heç nə bilmirik və bu məsələ ilə bağlı fərziyyələr irəli sürmür və ya dəqiq bilmədiyimiz şeyləri yaymırıq. Bu məsələdə biz Allaha etibar etməliyik. Ancaq bir şey məlumdur: Gələcəkdə Yehova nə edirsə etsin, bunun axırı yaxşı olacaq, qorxu yox, ümid gətirəcək.

DİRİLMƏ ÜMİDİ BİZƏ TƏSƏLLİ VERİR

Allahın Kəlamında olan aydın təlimlərdən biri ölənlərin yenidən həyata qayıtmasıdır. Keçmişdə baş vermiş dirilmə hadisələrinin Müqəddəs Kitabda qələmə alınması zəmanət verir ki, «qəbirlərdə olanların hamısı onun [İsanın] səsini eşidəcək,.. diriləcəklər» (Yəh. 5:28, 29). Həmin vaxt sağ olan insanlar ölümün caynağından azad olanları qarşılamağın sevincini yaşayacaqlar. Lakin biz heç təsəvvürümüzə belə gətirə bilmərik ki, diriləcək insanlar nə qədər sevinəcəklər.

Ölülər ölüm yuxusundan oyananda yer üzündə heç vaxt olmayan şadlıq olacaq. Milyardlarla insanlar dirilib digər insanlara qaynayıb-qarışacaq (Mark 5:39—42; Vəhy 20:13). Əzizlərini itirmiş hər bir insan bu möhtəşəm ümidin üzərində düşünərək təsəlli tapa bilər.

Bu möhtəşəm dirilmə baş verən zaman kiminsə kədərlənməsi üçün səbəb olacaqmı? Müqəddəs Kitaba əsasən, bu, qətiyyən ola bilməz. Çünki Yeşaya 25:8 ayəsində deyilir ki, Yehova «ölümü əbədi olaraq yox edəcək». Bura ölümün vurduğu bütün əzab-əziyyətin tamamilə aradan qaldırılması da daxildir, çünki peyğəmbərlikdə növbəti sözlər deyilir: «Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək». Ömür-gün yoldaşınızı itirdiyinizə görə kədərə qərq olmusunuzsa, sözsüz ki, dirilmə sizə sevinc gətirəcək.

Heç bir insan Allahın yeni dünyada görəcəyi bütün işləri axıra kimi anlaya bilməz. Yehova deyir: «Göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir» (Yeşaya 55:9). İsanın gələcəkdə baş verəcək dirilmə haqdakı vədinə iman etməklə, İbrahim peyğəmbər  kimi, biz də Yehovaya etibar etdiyimizi göstəririk. Hər bir məsihçi üçün ən vacibi Allahın tələblərinə cavab vermək, bununla da diriləcək kəslərlə birgə «gələcək dövrdə yaşamağa layiq görülənlər» arasında olmaqdır (Luka 20:35).

ÜMİD ÜÇÜN ƏSAS

Qorxudan azad olub, gələcəyə ümidlə baxın. İnsanlar üçün gələcək dumanlıdır. Amma Yehova parlaq gələcəyə ümid verir. Biz Yehovanın istək və arzularımızı necə həyata keçirəcəyini dəqiq bilmirik, ancaq biz Onun bunu edəcəyinə şübhə etməməliyik. Həvari Pavel yazmışdı: «Ümid sanılan bir şey gözlə görünürsə, o artıq ümid deyil. Məgər insan gözlə gördüyü şeyə ümid edir? Ancaq gözlə görmədiyimiz şeyə ümid ediriksə, dözüm göstərib onu gözləyirik» (Rom. 8:24, 25). Allahın vədlərinə möhkəm ümid sizə tab gətirməyə kömək edəcək. Dözüm göstərməklə Yehovanın sizi ürəyinizin istəklərinə çatdıracağı möhtəşəm gələcəyi öz gözlərinizlə görəcəksiniz. O, hər kəsin istək və arzusunu çin edəcək (Məz. 37:4; 145:16; Luka 21:19).

İsanın ölümünə az qalmış şagirdləri narahatçılıq keçirirdilər. İsa onlara bu sözlərlə təsəlli verdi: «Qoy ürəyiniz narahat olmasın. Allaha da iman edin, mənə də». O, onlara dedi: «Sizi yetim qoymayacağam, mütləq yanınıza gələcəyəm» (Yəh. 14:1—4, 18, 27). İsanın sözləri onun məsh olunmuş davamçılarına əsrlər boyu ümid və dözüm verəcəkdi. Əzizlərinin diriləcəyini görmək həsrətində olan insanlar üçün də məyusluğa qapılmağa heç bir əsas yoxdur. Yehova və Oğlu onları boynu bükük qoymayacaq. Siz buna tam əmin ola bilərsiniz!

^ abz. 3 Adlar dəyişdirilib.

[29-cu səhifədəki şəkil]

Gələcəklə bağlı suallarınız varmı?

Yehovanın vədlərinin yerinə yetəcəyi ilə maraqlanmaq təbiidir. İbrahim peyğəmbər Allahın ona övlad verməklə bağlı vədi üzərində tez-tez düşünürdü. Yehova onu səbirli olmağa təşviq edirdi. Bu sadiq insanın ümidləri puç olmadı (Yar. 15:2—5; İbr. 6:10—15).

Yusifin ölüm xəbərini eşidən Yaqub oğlu üçün çox kədərləndi. İllər keçsə də, o, öldüyünü sandığı oğlu üçün qəm-kədər içində idi. Amma Yehova sadiq Yaquba ağlına belə gətirə bilməyəcəyi böyük bir xeyir-dua verəcəkdi. Xeyli vaxt keçdikdən sonra Yaqub Yusifə qovuşdu və nəvələrini gördüyünə görə çox sevindi. Yaqub nida etdi: «Düşünmürdüm ki, üzünü bir də görərəm, amma Allah mənə sənin övladlarını da göstərdi» (Yar. 37:33—35; 48:11).

Bu hadisələrdən biz nə öyrənə bilərik? Birincisi, öyrənirik ki, Külli-İxtiyar Allaha Öz iradəsini yerinə yetirməyə heç nə mane ola bilməz. İkincisi, əgər biz dua edir və Yehovanın iradəsinə uyğun davranırıqsa, O, hal-hazırda bizim qayğımıza qalacaq, gələcəkdə isə bütün tələbatlarımızı və arzularımızı tam həyata keçirəcək. Pavel yazmışdı: «Bizdə fəaliyyət göstərən gücü vasitəsilə xahiş etdiyimiz, hətta düşündüyümüz hər bir şeydən qat-qat artığını etməyə qadir olan Allaha nəsildən-nəslə əbədiyyət boyu yığıncaq və Məsih İsa vasitəsilə eşq olsun. Amin!» (Efes. 3:20, 21).

[31-ci səhifədəki şəkil]

Yehovanın gələcəyə dair vədinə iman etmək sevinc mənbəyidir