Kontentə keç

 Ailə xoşbəxtliyinin açarları

Nikahda sadiqliyi qoruyun

Nikahda sadiqliyi qoruyun

Mariya *: «Bir ara hiss edirdim ki, yoldaşım Maykl məndən uzaqlaşıb, uşaqlarla da soyuq rəftar edir. İnternetə qoşulmağımızdan çox keçmədi ki, onda bu cür dəyişiklik müşahidə olunmağa başladı. Mən onun kompüterdə pornoqrafiyaya baxmasından şübhələnirdim. Bir gecə uşaqlar yatandan sonra onu danışmağa məcbur etdim və o etiraf etdi ki, pornoqrafik saytlara baxır. Çox pərişan oldum. Başıma belə şey gəldiyinə inana bilmirdim. Ona etibarımı tamamilə itirdim. Ən pisi isə o idi ki, iş yoldaşım mənə maraq göstərməyə başlamışdı».

Maykl: «Bir qədər əvvəl arvadım Mariya kompüterdə şəkil tapdı və məni sorğu-suala tutmağa başladı. Etiraf edəndə ki, tez-tez pornoqrafik saytlara baxıram, o, yaman qəzəbləndi. Mən çox pərt olmuşdum, özümü günahkar hiss edirdim. Fikirləşirdim ki, ailəmiz dağılacaq».

SİZCƏ, Mayklla Mariyanın münasibətlərində nə baş verirdi? Yəqin düşünürsünüz ki, Mayklın əsas problemi pornoqrafiyaya baxmaq idi. Lakin sonradan Mayklın da başa düşdüyü kimi, bu vəziyyət onların nikahındakı daha ciddi problemin — nikaha kifayət qədər sadiqliyin olmamasının nəticəsi idi *. Mayklla Mariya təzə ailə quranda sevgi və xoş anlarla dolu həyat yaşayacaqlarına ümid edirdilər. Ancaq bir çox ər-arvadlar kimi, onların da nikaha olan sədaqətləri vaxt keçdikcə azaldı və bir-birinə olan maraqları sanki itməyə başladı.

Sizə elə gəlirmi ki, həyat yoldaşınızla aranızdakı bağlılıq illər ötdükcə zəifləyir? Münasibətlərinizin yenidən möhkəmlənməsini istəyərdinizmi? Əgər belədirsə, sizə üç sualın cavabını bilmək lazımdır: nikaha sadiq qalmaq nə deməkdir? Sadiqliyinizi nə zəiflədə bilər? Həyat yoldaşınıza sadiqliyi necə möhkəmləndirə bilərsiniz?

Sadiqlik nədir?

Nikahda sadiqliyin nə olduğunu necə izah edərdiniz? Yəqin çoxları deyər ki, bu, borc hissindən doğur. Məsələn, ərlə arvad  uşaqlarına, yaxud nikahın Banisi olan Allah qarşısında duyduqları borc hissinə görə nikahlarına sadiq qala bilərlər (Tövrat, Yaradılış 2:22—24). Əlbəttə, bu, tərifəlayiqdir və çətin anlarda nikahı qorumağa kömək edə bilər. Lakin xoşbəxt olmaq üçün ərlə arvadın təkcə bir-birləri qarşısında borc hissi duyması kifayət deyil.

Yehova Allah nikahın ərlə arvada dərin sevinc və məmnunluq gətirməsini nəzərdə tutmuşdu. O istəyirdi ki, kişi arvadı ilə xoşbəxt yaşasın, qadın da ərini sevsin və ərinin də onu öz bədəni kimi sevdiyini hiss etsin (Süleymanın məsəlləri 5:18; İncil, Efeslilərə 5:28). Bu cür bağlılığı yaratmaq üçün ərlə arvad bir-birinə etibar etməyi öyrənməlidir. Onların ömürlük dostluq yaratmaları da eyni dərəcədə vacibdir. Qadınla kişi bir-birinin etibarını qazananda və bir-birlərinə ən yaxın dost olmağa çalışanda, onların nikahlarına sədaqətləri də artacaq. Onlar bir-birinə bağlanacaqlar. Müqəddəs Kitabda bu möhkəm bağlılıq iki nəfərin sanki «bir bədən» olması kimi təsvir olunur (İncil, Matta 19:5).

Buna görə də sədaqəti evin kərpiclərini bir-birinə möhkəm yapışdıran suvağa bənzətmək olar. Suvağı qum, sement və sudan hazırlayırlar. Eyni tərzdə, sədaqət də borc hissini, etibar və dostluq kimi amilləri özündə birləşdirir. Bu bağlılığı nə zəiflədə bilər?

Hansı çətinliklər mövcuddur?

Sədaqət çox çalışmağı və fədakarlığı tələb edir. Lazım gələrsə, həyat yoldaşınızı razı salmaq üçün öz maraqlarınızdan keçməyə hazır olmalısınız. Lakin kiminsə arzularına «bunun mənə nə faydası var?», deyə soruşmadan güzəştə getmək dəbdən düşüb. Çoxları üçün bu, hətta ağlasığmazdır. Ancaq özünüzə sual verin: «Xudbin ola-ola, nikahda xoşbəxt olan nə qədər adam tanıyıram?» Çox ehtimal ki, cavab verəcəksiniz: «Tanıyıramsa da, tək-tük». Nə üçün? Şəxsi maraqlarının qurban verilməsi tələb olunanda, xüsusilə də güzəştə getdiyi hər xırda şeyə görə dərhal mükafat almayanda, xudbin insan, çox güman ki, nikaha sadiq qalmayacaq. Sədaqət olmayan yerdə isə, ərlə arvadın bir-birlərinə yenicə vurulduqları vaxt duyduqları romantik məhəbbətin nə dərəcədə güclü olmasından asılı olmayaraq, münasibətlər korlanacaq.

Müqəddəs Kitab açıq-aydın göstərir ki, nikah asan iş deyil. Orada deyilir ki, «evli... arvadını razı salmaq üçün, dünyəvi işlərin qayğısını çəkir», eləcə də «ərli qadın... ərini razı salmaq üçün dünyəvi işlərin qayğısını çəkir» (1 Korinflilərə 7:33, 34). Təəssüf ki, xudbin olmayan adamlar da hərdən ailədə bir-birlərinin qayğılarını başa düşmür, yaxud həyat yoldaşının verdiyi qurbanları qiymətləndirmir. Ərlə arvad bir-birini qiymətləndirməyəndə nikah, çox ehtimal ki, onlara daha çox əziyyət verir, nəinki qiymətləndirəndə (İncil, 1 Korinflilərə 7:28).

Əgər siz nikahınızın çətin anlarda qorunmasını və yaxşı vaxtlarda çiçəklənməsini istəyirsinizsə, ona ömürlük bağlılıq kimi baxmalısınız. Belə münasibətə necə sahib ola bilərsiniz və həyat yoldaşınızı sizə sadiq qalmağa necə təşviq edə bilərsiniz?

Sədaqəti necə möhkəmləndirmək olar?

Əsas amil Allahın Kəlamı olan Müqəddəs Kitabdakı məsləhətə təvazökarlıqla əməl etməkdir. Belə etməyin həm sizə, həm də həyat yoldaşınıza xeyri dəyəcək (Peyğəmbərləri kitabı, Yeşaya 48:17). Gəlin cəmi iki praktiki addımı nəzərdən keçirək.

1. Nikahınızı birinci yerə qoyun. Həvari Pavel ən üstün dəyərləri ayırd etməyi məsləhət görürdü (İncil, Filipililərə 1:10). Ərlə arvadın bir-biri ilə necə rəftar etməsi Allahın gözündə çox vacibdir. Arvadı ilə iltifatla davranan kişi ilə Allah da iltifatla davranacaq. Ərinə hörmət edən qadın isə  «Allahın qarşısında çox qiymətlidir» (İncil, 1 Peter 3:1—4, 7).

Həyat yoldaşınıza vaxt ayırın

Nikahınız sizin üçün nə dərəcədə vacibdir? Adətən nəyi vacib hesab ediriksə, ona daha çox vaxt sərf edirik. Özünüzdən soruşun: «Keçən ay həyat yoldaşımla nə qədər vaxt keçirmişəm? Yoldaşımı hələ də yaxın dost olduğumuza əmin etmək üçün konkret olaraq nə etmişəm?» Əgər nikahınızı qorumaq üçün az vaxt sərf etmisinizsə, yaxud da heç sərf etməmisinizsə, həyat yoldaşınız üçün nikaha sadiq qaldığınıza inanmaq çətin ola bilər.

Həyat yoldaşınız nikaha sadiq olduğunuzu düşünürmü? Bunu necə bilmək olar?

MƏSLƏHƏT. Bir vərəqə növbəti beş bəndi yazın: pul, iş, nikah, əyləncə və dostlar. İndi yoldaşınızın onlara hansı ardıcıllıqla üstünlük verdiyini düşünürsünüzsə, onları o qaydada sıralayın. Həyat yoldaşınızdan da sizinlə bağlı eyni şeyi etməsini xahiş edin. Yazıb qurtarandan sonra vərəqləri bir-birinizlə dəyişin. Əgər həyat yoldaşınız ailəyə kifayət qədər vaxt və güc sərf etmədiyinizi düşünürsə, bir-birinizə sədaqəti möhkəmləndirmək üçün hansı addımlar ata biləcəyinizi müzakirə edin. Həmçinin özünüzdən soruşun: «Həyat yoldaşımın vacib saydığı şeylərə daha çox maraq göstərmək üçün nə edə bilərəm?»

2. Hər cür xəyanətdən qaçın. İsa Məsih demişdi: «Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» (İncil, Matta 5:28). Nikahdan kənarda kiminləsə cinsi əlaqəyə girmək ailə tellərini qırır və boşanmaq üçün Müqəddəs Kitaba əsaslanan səbəb olur (İncil, Matta 5:32). Ancaq İsanın yuxarıda gətirilən sözləri göstərir ki, yanlış arzu insanın zina etməsindən çox əvvəl ürəyində yuva qura bilər. Belə yanlış arzunu ürəkdə saxlamağın özü də xəyanətin bir növüdür.

Xəyanət ürəkdən başlayır

Nikaha sədaqəti qorumaq üçün pornoqrafiyaya baxmayacağınıza özünüzə qəti surətdə söz verin. Kim nə deyirsə-desin, pornoqrafiya nikah üçün zərərlidir. Bir qadın ərinin pornoqrafiyaya baxmasına münasibətini belə ifadə edir: «Ərim deyir ki, pornoqrafiya bizim sevişməyimizi rəngarəng edir. Ancaq mən özümü lazımsız hiss edir və düşünürəm ki, ona bəs etmirəm. O, pornoqrafiyaya baxanda mən də ağlayıb-ağlayıb yatıram». Sizin fikrinizcə, bu kişi nikaha sədaqətini möhkəmləndirir, yoxsa  əksinə, ona zərbə vurur? Sizcə, onun bu hərəkəti arvadına nikaha sadiq qalmağa kömək edirmi? O, arvadı ilə ən yaxın dostu kimi rəftar edirmi?

Sadiq Əyyub gözləri üçün əhd etməklə nikaha və Allaha sədaqətini bildirmişdi. O, heç bir qıza baxmamağa qəti qərarlı idi (Əyyub 31:1). Bəs siz Əyyubu necə təqlid edə bilərsiniz?

Pornoqrafiyadan qaçmaqdan əlavə, qoymayın ki, ürəyinizdə əks cinsdən olan adama namünasib bağlılıq yaransın. Düzdür, çoxları düşünür ki, əks cinsdən olan şəxslə eşqbazlıq etməyin nikaha heç bir zərəri yoxdur. Ancaq Allahın Kəlamı xəbərdarlıq edir: «İnsan ürəyi hər şeydən hiyləgərdir, sağalmaz xəstəliyi var. Onu kim başa düşə bilər?» (Peyğəmbərlərin kitabı, Yeremya 17:9). Ürəyiniz sizi aldatmayıb ki? Özünüzdən soruşun: «Kimə daha çox diqqət göstərirəm, həyat yoldaşıma, yoxsa əks cinsdən olan başqa bir adama? Yaxşı xəbər olanda birinci kiminlə bölüşürəm, həyat yoldaşımla, yoxsa başqası ilə? Əgər həyat yoldaşım əks cinslə ünsiyyətimi məhdudlaşdırmağı xahiş etsəydi, necə münasibət göstərərdim? Bu məni əsəbiləşdirərdi, yoxsa məmnuniyyətlə onun xahişini yerinə yetirərdim?

MƏSLƏHƏT: Əgər həyat yoldaşınızdan başqa bir şəxs sizi cəlb edirsə, onda həmin adamla ancaq lazım olanda ünsiyyət edin və qoy ünsiyyətiniz sırf rəsmi xarakter daşısın. Həmin adamın hansı sahələrdə yoldaşınızdan yaxşı olduğu barədə fikirləşməyin. Əksinə, diqqətinizi yoldaşınızın yaxşı xüsusiyyətlərinə yönəldin (Süleymanın məsəlləri 31:29). Hansı cəhətlərinə görə yoldaşınıza ürəyinizdə məhəbbət oyandığını yadınıza salın. Özünüzdən soruşun: «Doğrudanmı yoldaşım bu keyfiyyətləri itirib, yoxsa mən artıq onları görmürəm?»

Özünüz təşəbbüs göstərin

Məqalənin əvvəlində adları çəkilən Maykl və Mariya problemlərini həll etmək üçün məsləhət almaq qərarına gəldilər. Məsləhət almaq hələ ilk addımdır. Ancaq problemləri olduğunu etiraf etməklə və kömək istəməklə, həm Maykl, həm də Mariya nikahlarına sadiq olduqlarını, onu uğurlu etmək üçün əllərindən gələni etməyə hazır olduqlarını göstərdilər.

Nikahınızın möhkəm, yaxud problemli olmasından asılı olmayaraq, həyat yoldaşınızın ehtiyacı var ki, nikahınızı xoşbəxt etməyə qərarlı olduğunuzu bilsin. Həyat yoldaşınızı buna əmin etmək üçün hər nə lazımdırsa, edin. Bunu etmək istəyiniz varmı?

^ abz. 3 Adlar dəyişdirilib.

^ abz. 5 Burada pornoqrafiyaya baxan kişinin nümunəsi gətirilsə də, eyni şeyi edən qadın da nikaha sadiq qalmadığını göstərir.

ÖZÜNÜZDƏN SORUŞUN:

  • Həyat yoldaşımla daha çox vaxt keçirmək üçün hansı işlərə ayırdığım vaxtı azalda bilərəm?
  • Həyat yoldaşımı nikahımıza sadiq qaldığıma necə əmin edə bilərəm?