MÜQƏDDƏS KİTABIN BAXIŞI | DƏQİQLİK
Dəqiqlik
Bu xüsusiyyəti hətta həmişə gecikən insanlar da qiymətləndirir. Allahın Kəlamında bununla bağlı gözəl məsləhətlər var.
Dəqiq olmaq nəyə görə vacibdir?
BU, NƏ ÜÇÜN VACİBDİR?
Çox adam fikir verib ki, getdiyi yerə bir az tez gəlmək stressi azaldır. Hər yerə vaxtında gələn insan başqalarının yanında yaxşı ad qazanır. Necə?
Dəqiq insan məharətlidir. Əgər siz hər şeyi vaxtında edirsinizsə, deməli, görmək istədiyiniz işlərə nəyinsə mane olmasına yol vermirsiniz, vəziyyət maksimum dərəcədə sizin əlinizdədir.
Dəqiq insan etibarlıdır. Yaşadığımız zəmanədə insanlar çox vaxt verdiyi sözü yerinə yetirmir, boyun olduğu şeyi etmir. Buna görə də sözünün üstündə duran insanı hamı bəyənir. Etibarlı insana dostu da hörmət qoyur, ailəsi də. İşə vaxtında gəldiyi, ona verilən işi vaxtında qurtardığı üçün belə insanı müdiri də qiymətləndirir; hətta bəzən maaşını qaldırır, ona daha çox şey etibar edir.
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
Allahın Kəlamında dəqiqliyə aid ayələr var. Misal üçün, orada yazılıb: «Qoy hər şey ədəb-ərkanla və nizamla olsun» (1 Korinflilərə 14:40). Görüş təyin edən iki tərəf həmin məkana vaxtında gəlmək üçün ədəb-ərkanlı və nizamlı olmalıdır. Müqəddəs Kitabda həmçinin yazılıb: «Hər şeyin öz vaxtı var, səma altında hər işin öz vaxtı var» (Vaiz 3:1). Bu sözlərdən sonra həmçinin deyilir ki, «əkməyin öz vaxtı, əkiləni çıxartmağın öz vaxtı» var (Vaiz 3:2). Yaxşı məhsul götürmək üçün əkinçi əkini mövsümündə, vaxtında etməlidir. Başqa sözlə, əkinçinin dəqiqliyindən çox şey asılıdır.
Allahın Kəlamına əsasən, biz başqa bir səbəbə görə də dəqiq olmalıyıq. Dəqiq olmaqla biz başqalarına və onların dəyərli vaxtına hörmət etdiyimizi göstəririk (Filippililərə 2:3, 4). Həmişə başqasını gözlədən insan isə onun vaxtını oğurlamış olur.
«Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).
Dəqiq olmaq üçün nə edə bilərik?
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
Müqəddəs Kitab məsləhət görür ki, hər şeyi qabaqcadan planlaşdıraq (Məsəllər 21:5). Getdiyiniz yerlərə həmişə gecikirsinizsə, bu o deməkdir ki, sizin bütün gününüz doludur. Buna görə çalışın vacib olmayan şeylərə boş yerə vaxt sərf etməyəsiniz. Bir neçə yerə dəyməlisinizsə, getdiyiniz yerlər arasında kifayət qədər vaxt qoyun və çalışın ki, vaxtından əvvəl çatasınız. Onda nə tıxac, nə havanın pis olması, nə də başqa bir gözlənilməz hadisə getdiyiniz yerə vaxtında çatmağa mane olmayacaq.
Allahın Kəlamı həmçinin təvazökar olmağı məsləhət görür (Məsəllər 11:2). Yəni qəbul edin ki, siz hər şeyi çatdıra bilməzsiniz. Görüş təyin etməzdən və ya hansısa işi filan vaxtda qurtaracağınıza boyun olmazdan öncə düşünün, bunu etməyə həqiqətən vaxtınız çatacaq, ya yox. Gücünüz çatdı-çatmadı, hər şeyə razılıq vermək həm özünüzü, həm də başqalarını stressə salacaq və dilxor edəcək.
Allahın Kəlamında həmçinin yazılıb ki, vaxtımızın qədrini bilək (Efeslilərə 5:15, 16). Ən vacib işləri birinci yerə qoyun (Filippililərə 1:10). Məsələn, ictimai nəqliyyatla gedərkən və ya kimisə gözləyərkən vaxtdan istifadə edib nəsə oxuya və ya gününüzün qalan hissəsini planlaşdıra bilərsiniz.
«Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5).