Kontentə keç

Mündəricatı göstər

DÜNYADAN XƏBƏRLƏR

Amerika qitəsi diqqət mərkəzində

Amerika qitəsi diqqət mərkəzində

Qərb yarımkürəsindəki xəbərlər Allahın Kəlamındakı hikmətin nə qədər dəyərli olduğunu göstərir.

MESAJLARI AZ YOXLA — STRESSİ AZALT

Vankuver şəhərində (Kanada) aparılan bir tədqiqata əsasən, insanlar elektron ünvanlarına gələn məktubları dəqiqə başı yox, gündə cəmi 3 dəfə yoxlasalar, daha az gərginlik keçirərlər. Tədqiqatın rəhbəri Kostadin Kuşlev belə bir nəticəyə gəlib: «Düzdür, elektron ünvanını tez-tez yoxlamaq vərdişindən yaxa qurtarmaq elə də asan deyil, amma buna nail olduqda stressinizi azaltmış olacaqsınız».

DÜŞÜNÜN: Yaşadığımız bu zəmanə onsuz da «son dərəcə» çətindir, buna görə də mümkün qədər stressi azaltmaq yaxşı olmaz? (2 Timutiyə 3:1).

BALIQ EHTİYATLARININ BƏRPASI

Vəhşi Təbiətin Mühafizəsi Cəmiyyətinin (VTMC) verdiyi məlumata əsasən, Belizdəki və Vest-Hində daxil olan digər ərazilərdəki «qoruqlarda dəniz ilbizinin, xərçəngin və balıqların sayında artım müşahidə olunub». Orada həmçinin deyilir: «Balıq tutulan ərazilərlə müqayisədə qoruqlarda nəsli kəsilməkdə olan növlərin bərpası üçün cəmi 1—6 il lazımdır, ancaq tam şəkildə bərpa olunması üçün... onilliklər lazım ola bilər». VTMC-in direktoru Canet Gibson Belizdəki qoruqlar haqda belə deyir: «Aydın məsələdir ki, qoruqlar bu ölkənin balıqçılıq sənayesinin inkişafına və növlərin çoxalmasına kömək edə bilər».

DÜŞÜNÜN: Məgər təbiətin özünübərpa qabiliyyəti müdrik Yaradanın olmasından xəbər vermir? (Zəbur 104:24, 25).

BRAZİLİYADA ZORAKILIQ

Braziliya xəbər agentliyinin verdiyi məlumata əsasən, Braziliyada zorakılıq hallarının sayı getdikcə artır. 2012-ci ildə qəsdən adam öldürmə cinayətinin sayı 56 000-i ötmüşdü. Bu rəqəm Səhiyyə Nazirliyi tərəfindən indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. İctimai təhlükəsizlik mütəxəssisi Luis Sapori hesab edir ki, bu, mənəvi böhrandan xəbər verir. Onun sözlərinə görə, insanların sivil cəmiyyətin qanunlarına olan hörməti itəndə onlar «öz istəklərini həyata keçirmək üçün zorakılığa əl atırlar».

DÜŞÜNÜN: Müqəddəs Kitabda qabaqcadan yazılıb ki, axırzamanda «insanlarda məhəbbət soyuyacaq» və hərc-mərclik baş alıb gedəcək (Mətta 24:3, 12).