Kontentə keç

Mündəricatı göstər

Dost əhatənizi genişləndirin

Dost əhatənizi genişləndirin

Problem

Əgər xoşumuza gəlməyən insanlardan həmişə uzaq gəzsək, ürəyimizdə qərəz hissini daha da alovlandıracağıq. Yalnız özümüzə bənzəyən insanlarla dostlaşsaq, düşünəcəyik ki, təkcə biz düzgün fikirləşirik, düzgün davranırıq və təkcə bizim hisslərimiz önəmlidir.

Müqəddəs Kitabdan məsləhət

«Ürəyinizi geniş açın» (2 KORİNFLİLƏRƏ 6:13).

Mənası: Ayədəki «ürək» sözü insanın hisslərini, duyğularını bildirir. Əgər yalnız özümüzə bənzəyən insanları seviriksə, bizə geniş ürəkli insan demək olmaz. Odur ki, bizdən fərqlənən insanlarla da dostlaşmalıyıq.

Dost əhatəsini genişləndirməyin faydası

Başqaları ilə şəxsən tanış olanda onların nəyə görə bizdən fərqləndiyini başa düşürük. Münasibətlərimiz yaxın olduqca isə onlara artıq özümüzünkü kimi baxırıq. Onların qədrini bilirik, sevinclərinə, kədərlərinə şərik oluruq.

Məsələn, Nazarinin nümunəsinə baxaq. O, bir vaxtlar mühacirlərə qərəzli yanaşırdı. Görün ona nə kömək elədi. Nazari deyir: «Mən onlarla işləyirdim, bir yerdə vaxt keçirirdik. Elə adamlarla tanış oldum ki, cəmiyyətdə onlar haqda deyilənlərin tam əksi idilər. Fərqli mədəniyyətdən olan insanlarla tanış olanda görürsən ki, heç də hamı eyni deyil. Onları sevməyə, dəyərləndirməyə başlayırsan».

Nə edə bilərsiniz?

Başqa ölkədən, millətdən olan, yaxud başqa dildə danışan adamlarla söhbət etməyə çalışın. Məsələn,..

  • Özləri barədə danışmağı xahiş edin.

  • Onları nahara dəvət edin.

  • Həyatları barədə danışdıqlarını dinləyin, nələrə dəyər verdiklərini öyrənin.

Başa düşməyə çalışsanız ki, onların şəxsiyyətini formalaşdıran həyatda yaşadıqları şeylərdir, həmin cəmiyyətdən olan insanlara münasibətiniz yaxşılaşacaq.