Kontentə keç

Mündəricatı göstər

Nəyə görə insanlar arasında hörmət qalmayıb?

Nəyə görə insanlar arasında hörmət qalmayıb?

BAŞQALARINA HÖRMƏT GÖSTƏRMƏK NƏYƏ GÖRƏ VACİBDİR?

Hörmət göstərmək gərginliyi azaldır və vəziyyətin daha da pisləşməsinin qarşısını alır.

  • Müqəddəs Kitabdakı bir məsəldə deyilir: «Mülayim cavab hirsi yatırar, kobud söz qəzəb oyadar» (Məsəllər 15:1). Hörmətsiz danışıq və rəftar odun üstünə benzin tökməyə bənzəyir və adətən axırı çox pis olur.

  • Allahın Kəlamında deyilir: «İnsan ürəyində aşıb-daşan fikirləri dilə gətirir» (Mətta 12:34). Biz qarşımızdakı insana hörmətsizlik edəndə bu daha dərin problemi, yəni irqi, qəbiləsi, milliyyəti və ya həyat tərzi bizimkindən fərqli olan insanlar barədə əslində nə düşündüyümüzü aşkara çıxarır.

    Bu yaxınlarda 28 ölkədən olan 32 000 nəfər arasında aparılan sorğuya əsasən iştirakçıların 65 faizi vurğulayıb ki, insanlar arasında nəzakət və hörmət indiyə qədər bu cür azalmamışdı.

HÖRMƏT GÖSTƏRMƏYƏ SİZƏ NƏ KÖMƏK EDƏ BİLƏR?

Məktəbdə, yaxud işdə insanların fikirləri ilə razılaşmasanız da, onlara hörmət edin. Müəyyən edin görün hansı məsələlərdə fikriniz üst-üstə düşə bilər. Bu sizə tənqidi yanaşmamağa və ya insanları qınamamağa kömək edəcək.

«Daha insanları mühakimə etməyin, yoxsa özünüz də mühakimə olunarsınız» (Mətta 7:1).

Özünüzə qarşı necə münasibət gözləyirsinizsə, o cür də davranın. Əgər siz başqaları ilə mülayim və yaxşı rəftar etsəniz, onlar da sizinlə mehriban davranacaqlar.

«İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31).

Bağışlayan olun. Kimsə sizinlə xoşagəlməz tərzdə davransa, düşünməyin ki, həmin insan bunu qəsdən edir.

«Anlayış hiddəti ləngidər, günahın üstündən keçmək insanın yaraşığıdır» (Məsəllər 19:11).

YEHOVANIN ŞAHİDLƏRİ NECƏ HÖRMƏT GÖSTƏRİR?

Yehovanın Şahidləri yaşadıqları və işlədikləri ərazilərdə insanlarla hörmətcil rəftar edirlər və başqalarını da buna təşviq edirlər.

Bütün insanlara Müqəddəs Kitabdan pulsuz bilik təklif edirik, amma heç kimə öz inanclarımızı və ya fikirlərimizi yeritməyə çalışmırıq. Əksinə, biz Müqəddəs Kitabdakı bir məsləhətə uyğun davranaraq bu biliyi insanlara «həlimliklə və dərin hörmətlə» çatdırırıq (1 Butrus 3:15; 2 Timutiyə 2:24).

Biz ayrı-seçkilik etmirik və ibadət görüşlərimizə gələn, Müqəddəs Kitab təlimlərini öyrənmək istəyən hər kəsi milliyyətindən asılı olmayaraq xoş qarşılayırıq. Biz tolerant olmağa can atırıq və «hər cür insana hörmət» edirik (1 Butrus 2:17).

Biz yaşadığımız ölkənin hakimiyyət dairələrinə hörmət edirik (Romalılara 13:1). Biz qanunlara tabe oluruq və vergiləri ödəyirik. Bununla belə, siyasi məsələlərdə bitərəf qalırıq və başqalarının şəxsi qərarlarına və siyasi mövqelərinə hörmət göstəririk.