Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTABIN BAXIŞI

Göy üzü

Göy üzü

Göy üzü mövzusu əsassız fərziyyələrə və qızğın mübahisələrə səbəb olub. Amma bu mövzu ilə əlaqədar Allahın baxışı ilə insan baxışı arasında yerlə göy qədər fərq var.

Göy üzü deyiləndə nə nəzərdə tutulur?

İNSANLAR NƏ DEYİR?

Göy üzü və onun hansı məqsədlə yaradılması ilə bağlı fərqli fikirlər mövcuddur. Məsələn:

  • «Yeni Katolik Ensiklopediyası»nda deyilir ki, göy üzü «Ağanın yolunda ölən insanın son mənzilidir». Xristian aləmi bu fikirlə razıdır.

  • Bentzon Krevits adlı bir ravvinin sözlərinə əsasən, iudaizmdə ölümdən sonrakı həyatdan çox indiki həyata diqqət yetirilir. Ancaq o, belə də ehtimal irəli sürür ki, «göydə ruha ən böyük şərəf nəsib olur — daha üstün zəkaya malik olur və Allaha daha yaxın olur. İudaizm dini göylər həyatına inansa da, Tövratda bu haqda çox az bəhs olunur».

  • Hinduizm və buddizmə görə, çoxlu ruhani, səmavi aləm mövcuddur. Bu, müvəqqəti dayanacaqdır. Bundan sonra insan ya yer üzündə yenidən doğulur, ya da ki, göydən də uca bir qata, nirvanaya gedib çıxır.

  • Bəziləri isə göy üzü ilə bağlı istənilən dini ehkamları rədd edirlər və bütün bu fərziyyələri uşaq cahilliyi adlandırırlar.

Göy üzü mövzusu çoxlu fərziyyələrə səbəb olub

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Allahın Kəlamında «göy üzü» ifadəsinin bir neçə mənası var. Məsələn:

  • Yaradılış 1:20 ayəsində «göy üzündə» uçan quşların yaradılması haqda bəhs olunur. Bu ayədə «göy üzü» deyilərkən atmosfer, yəni görünən səma nəzərdə tutulur.

  • Əşiya 13:10 ayəsində isə «göydəki ulduzlar, bürclər» haqda danışılır. Burada «göy» sözü Kainata işarə edir.

  • Müqəddəs Kitabda Allahın «göylərdəki məskənindən» danışılır və orada mələklərin olduğu deyilir (1 Padşahlar 8:30; Mətta 18:10). Diqqət edin ki, burada «göylər» deyildikdə sadəcə metafora yox, mövcud olan yaşayış yeri təsvir olunur *.

«Göylərdən nəzər sal, müqəddəs, ehtişamlı, gözəl məskənindən bax» (Əşiya 63:15).

Bütün yaxşı insanlar öləndən sonra göyə gedir?

Müqəddəs Kitabda insanların yer üzündə müvəqqəti yaşadığı, hamının ölüb göyə getdiyi deyilmir. Orada aydın deyilir ki, ölüm heç vaxt Allahın əzəli niyyətinə daxil olmayıb. Fikirləşin:

  • Allah ilk insan cütünə demişdi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun» (Yaradılış 1:28). Yer üzü bəşəriyyətin əbədiyyən yaşayacağı məskən olmalı idi. Yalnız onlar Allaha qarşı itaətsizlik edəcəkləri təqdirdə öləcəkdilər. Təəssüf ki, ilk insan cütü itaətsiz davranmağı seçdi (Yaradılış 2:17; 3:6).

  • Onların itaətsizliyi nəinki özlərinin, həmçinin bütün nəslinin ölümünə səbəb oldu (Romalılara 5:12). Bu, bəşəriyyəti ümidsizmi qoydu?

  • Müqəddəs Kitabda deyilir ki, biz Allahın «vədinə görə yeni bir göy və yeni yer * gözləyirik» (2 Butrus 3:13). Allah yer üzü ilə bağlı əzəli niyyətini həyata keçirəcək və beləcə, «artıq ölüm olmayacaq» (Vəhy 21:3, 4). Söhbət göy üzündən gedir, yoxsa yer üzündən? Nəyinsə artıq olmayacağını deyiriksə, deməli, o, əvvəllər olub. Ancaq göydə heç vaxt ölüm olmayıb. Deməli, bu ayədə söhbət yer üzündən gedir. Allah bizi yer üzündə yaşamaq üçün yaradıb və biz də sevdiyimiz insanlarla birlikdə burada yaşamaq istəyirik. Müqəddəs Kitabda həmçinin deyilir ki, ölənlər diriləcək və əzizlərinə qovuşacaq (Yəhya 5:28, 29).

Müqəddəs Kitabın göy üzü ilə bağlı əslində nə öyrətdiyini bilmək əksər insanları valeh etmişdi. Məsələn, keçmişdə katolik olan Corc adlı bir nəfər deyir: «Allahın Kəlamından insanların yer üzündə əbədi yaşayacağını öyrənəndə xeyli rahatlıq tapdım. Bu, mənə göyə getməkdən * daha ağlabatan gəldi».

«Göylər Yehovanındır, yeri isə bəşər oğullarına verib» (Zəbur 115:16).

^ abz. 13 Allah ruhani varlıqdır (Yəhya 4:24). Buna görə də Onun məskəni görünən aləm yox, ruhani aləmdir.

^ abz. 19 «Yeni yer» hərfən yeni planet demək deyil, bu, məcazi ifadədir. Bu ifadə altında yer üzündə yaşayan və Allahın rəğbətini qazanan insan cəmiyyəti nəzərdə tutulur (Zəbur 66:4).

^ abz. 20 Müqəddəs Kitab öyrədir ki, Allahın Padşahlığında İsa Məsihlə birlikdə göydə hakimiyyət sürmək üçün məhdud sayda insan seçilib. Onların sayı 144 000 nəfərdir (1 Butrus 1:3, 4; Vəhy 14:1).