Oxucuların sualları
Süleymanın məbədindəki eyvanın hündürlüyü nə qədər idi?
Eyvan məbədin Müqəddəs yerinə keçmək üçün dəhliz rolunu oynayırdı. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin 2023-cü ilə qədərki nəşrlərinə əsasən «eyvanın uzunluğu evin eninə müvafiq olaraq, 20 qulac, hündürlüyü 120 qulac idi» (2 Saln. 3:4). Digər tərcümələrdə də eyvanın hündürlüyünün «120 qulac» olduğu deyilir. Bu isə 53 metrlik qüllə deməkdir!
Amma «Yeni Dünya Tərcüməsi»nin 2023-cü il nəşrində Süleymanın məbədinin eyvanı ilə bağlı deyilir ki, «onun hündürlüyü 20 qulac idi», yəni təxminən 9 metr a. Bu dəyişikliyin edilməsinə bir neçə səbəb var. Gəlin onlara nəzər salaq.
1 Padşahlar 6:3 ayəsində eyvanın hündürlüyü ilə bağlı heç nə deyilmir. Həmin ayədə Ərəmya eyvanın uzunluğunu və enini qeyd etsə də, hündürlüyündən söz açmır. Növbəti fəsildə o, məbədin vacib hissələrini — dairəvi tökmə çəni, on mis arabanı və eyvanın çöl tərəfində olan iki mis sütunu xırdalığına kimi təsvir edir (1 Pad. 7:15—37). Əgər eyvan, həqiqətən də, 50 metrdən hündür idisə və məbədin qalan hissələrindən yüksək idisə, onda nəyə görə Ərəmya onun hündürlüyü ilə bağlı heç nə yazmamışdı? Hətta əsrlər sonra yəhudi yazıçılar eyvanın məbədin digər hissələrindən hündür olmadığını qeyd etmişdilər.
Məbədin divarlarının ensiz olduğunu nəzər alsaq, çətin ki, eyvanın hündürlüyü 120 qulac olsun. Qədim dövrdə daşdan və kərpicdən olan hündür tikililərin çox enli bünövrəsi olurdu və yuxarıya doğru daralırdı. Misirdəki məbəd darvazasını buna misal çəkmək olar. Amma Süleymanın məbədinin və onun eyvanının divarları çox ensiz idi. Alimlərin fikrincə, onun divarlarının qalınlığı 6 qulacdan, yəni 2,7 metrdən çox deyildi. Odur ki, tarixçi-memar Teador Byusinq belə bir qənaətə gəlir: «[Məbədin girişindəki] divarların qalınlığını nəzərə alsaq, eyvanın hündürlüyü 120 qulac ola bilməzdi».
Ola bilsin, 2 Salnamələr 3:4 ayəsinin mətni səhv köçürülüb. Bəzi qədim əlyazmalarda bu ayədə «120» rəqəmi yazılsa da, digər mötəbər mənbələrdə, məsələn, V əsrə aid «İsgəndəriyyə kodeksi»ndə və VI əsrə aid «Ambrosian kodeksi»ndə «20 qulac» yazılıb. Görəsən, nəyə görə köçürücü səhvən «120» yazmışdı? İbrani dilində 120 rəqəmi «yüz iyirmi» kimi, 20 qulac isə «qulac iyirmi» kimi yazılır. «Yüz» sözü ilə «qulac» sözü ibrani dilində bir-birinə oxşadığı üçün, ola bilər ki, köçürücü səhvən «qulac» sözü əvəzinə «yüz» sözünü yazıb. Elə buna görə, yəqin, bəzi əlyazmalarda bu ayədə «yüz iyirmi» yazılıb.
Düzdür, biz bütün bu detalları başa düşməyə və Süleymanın məbədini dəqiq təsvir etməyə çalışırıq, amma əsas diqqətimizi bu məbədin nəyin kölgəsi olduğuna cəmləyirik. O, Yehovanın böyük ruhani məbədinin timsalı idi. Yehovaya şükr olsun ki, bütün xidmətçilərini bu məbəddə Ona ibadət etməyə dəvət edib! (İbr. 9:11—14; Vəhy 3:12; 7:9—17).
a Ayənin haşiyəsində izah olunur: «Bəzi qədim əlyazmalarda 120, digər əlyazmalarda və tərcümələrdə isə 20 qulac yazılıb».