Bilirsiniz?
Qədim İsraildə musiqi nə dərəcədə vacib sayılırdı?
MUSİQİ qədim İsrail mədəniyyətinin ayrılmaz bir hissəsi idi. Müqəddəs Kitabda insanların həm musiqi alətlərində ifa etdiyi, həm də nəğmə oxuduğu ilə bağlı çoxlu nümunələr var. Əslində, Müqəddəs Yazıların onda bir hissəsi nəğmələrdən ibarətdir. Buna «Zəbur», «Nəğmələr nəğməsi» və «Mərsiyələr»i misal çəkmək olar. Bir mənbəyə əsasən, «Müqəddəs Kitabda musiqinin musiqi ilə əlaqəsi olmayan fəaliyyətlərdə belə vacib rol oynadığı bir cəmiyyətin parlaq mənzərəsi təsvir olunub» («Music in Biblical Life»).
Gündəlik həyatda musiqi. İsraillilər bəzən öz hisslərini musiqi ilə ifadə edirdilər (Əşy. 30:29). Yeni padşah taxta çıxanda, bayramlarda və ordu döyüşdən qələbə ilə qayıdanda qadınlar əllərində qaval, sevinclə mahnı oxuyub rəqs edirdilər (Hak. 11:34; 1 İşm. 18:6, 7; 1 Pad. 1:39, 40). Həmçinin israillilər yas zamanı çox təsirli mərsiyələr oxuyurdular (2 Saln. 35:25). Söz yox ki, «ibranilər çox musiqisevər xalq idi», deyə Mak-Klintok və Stronqsun ensiklopediyasında qeyd olunur.
Padşah sarayında musiqi. İsrail padşahları musiqi dinləməyi çox sevirdi. Talut padşah Davudu musiqiçi kimi xidmət etməsi üçün öz sarayına gətizdirmişdi (1 İşm. 16:18, 23). Davud özü padşah olanda musiqi alətləri icad etmişdi, gözəl nəğmələr bəstələmişdi və orkestr yaratmışdı; bu orkestr sonralar Yehovanın məbədində ifa etmişdi (2 Saln. 7:6; Ams. 6:5). Süleyman padşahın sarayında həm kişi, həm qadın xanəndələr var idi (Vaiz 2:8).
İbadətdə musiqi. Ən əsası isə israillilər ibadət zamanı musiqi ifa edirdilər. Yerusəlimdəki məbəddə 4000 nəfər musiqi alətlərində ifa edirdi (1 Saln. 23:5). Onlar sinc, telli alətlər, cəng və kərənay çalırdılar (2 Saln. 5:12). Amma Yehovaya ibadət zamanı nəğmə oxuyanlar və alətlərdə çalanlar təkcə peşəkar musiqiçilər deyildi, israillilərin əksəriyyəti illik bayramları qeyd etmək üçün Yerusəlimə gedəndə yol boyu nəğmə oxuyurdu. Bunlar şəhərə qalxarkən oxunan nəğmələr kimi tanınırdı (Zəb. 120—134). Yəhudi əlyazmalarına əsasən israillilər Pasxa yeməyi zamanı həmd nəğmələri a oxuyurdular.
Musiqi bu gün də Yehovanın xalqının həyatında vacib rol oynayır (Yaq. 5:13). Nəğmə oxumaq ibadətimizin bir hissəsidir (Efes. 5:19). Musiqi dindaşlarımızla aramızda möhkəm bağ yaradır (Kol. 3:16). Musiqi çətinliklər zamanı bizə güc verir (Həv. 16:25). Musiqi Yehovaya imanımızı, Ona olan sevgimizi ifadə etməyin gözəl yollarından biridir.
a Yəhudilər Yehovaya həmd etmək üçün 113-dən 118-ə kimi məzmurları ifa edirdilər.