BİOQRAFİYA
Yehova Ona güvənənlərin sığınacağıdır
İNSANLAR məndən Yehovaya xidmətim barədə danışmağımı istəyəndə çox vaxt belə deyirəm: «Mən Yehovanın əlində bir çamadanam». Necə ki mən çamadanımı götürüb istədiyim yerə aparıram, qoy Yehova və təşkilatı da məni istədiyi vaxt, istədiyi yerə aparsın. Mən çətinliklərlə dolu çox təyinatda olmuşam, hətta bəzən təhlükələrlə də üzləşmişəm. Amma bu təyinatlar zamanı Yehovaya etibar etməyin əsl sığınacaq olduğunu öyrənmişəm.
YEHOVAYA XİDMƏTİMİN BAŞLANĞICI
Mən 1948-ci ildə Nigeriyanın cənub-qərbində balaca bir kənddə dünyaya gəlmişəm. Həmin vaxtlar Mustafa əmim, ardınca da böyük qardaşım Vahabi vəftiz olunub Yehovanın Şahidi oldular. 9 yaşımda atam vəfat etdi. Çox kədərli idim. Qardaşım mənə dedi ki, dirilmə zamanı atamızı yenidən görə bilərik. Bu sözlər mənə çox təskinlik verdi və mən Müqəddəs Kitabı öyrənməyə başladım. 1963-cü ildə vəftiz oldum. Çox keçməmiş digər üç qardaşım da vəftiz oldu.
1965-ci ildə Laqosa, o biri qardaşım Vilsonun yanına getdim. «İqbobi yığıncağı»nın öncülləri ilə vaxt keçirmək mənə çox xoş idi. Bu bacı-qardaşların sevinci, şövqü sayəsində mən də 1968-ci ilin yanvar ayında öncüllərin sırasına qoşuldum.
Beyteldə xidmət edən Albert Oluqbebi qardaş gənclər üçün xüsusi görüş təşkil etdi. Görüşdə Nigeriyanın şimalında xüsusi öncüllərə tələbat olduğundan danışılırdı. Albert qardaşın dediyi sözlər heç yadımdan çıxmır. O demişdi: «Nə qədər ki cavansınız, nə qədər ki gücünüz var, vaxtınızı Yehovaya sərf edin. Sahədə sizin kimi gənclərə çox ehtiyac var». Mən Əşiya peyğəmbər kimi Yehovanın Əşy. 6:8).
dediyi hər yerə getməyə hazır idim. Ona görə də xüsusi öncül blankını doldurdum (1968-ci ilin may ayında mən Nigeriyanın şimalına, Kano şəhərinə xüsusi öncül təyinatı aldım. Həmin vaxt «Biafra müharibəsi» (1967—1970) gedirdi. Nigeriyanın şimalında gedən bu döyüşdə çoxlu qanlar tökülmüşdü. Daha sonra isə ölkənin şərqi döyüş meydanına çevrildi. Bir qardaş mənim üçün narahat olduğuna görə ora getməyimi istəmirdi. Mən isə ona dedim: «Bilirəm ki, məni fikirləşdiyin üçün deyirsən. Amma Yehova mənim bu təyinatda olmağımı istəyirsə, əminəm ki, məni tək qoymayacaq».
MÜHARİBƏNİN VİRAN QOYDUĞU ƏRAZİDƏ PƏNAHIM YEHOVADIR
Kano şəhərində vəziyyət adamın ürəyini dağlayırdı. Vətəndaş müharibəsi bu böyük şəhəri yerlə-yeksan etmişdi. Biz bəzən xidmət zamanı döyüşdə həlak olan insanların cəsədlərinə rast gəlirdik. Əvvəllər Kanoda bir neçə yığıncaq olsa da, artıq bacı-qardaşların çoxu qaçmışdı. 15 təbliğçi qalardı ya yox. O yazıqlar da qorxu içində idilər, ruhdan düşmüşdülər. Onlar altı xüsusi öncülün gəldiyini görəndə çox sevindilər. Bu bacı-qardaşlara ürək-dirək verəndən sonra onlar bir az toxtaqlıq tapdılar. Onlara ibadət görüşlərini və xidməti bərpa etməyə kömək etdik. Beləcə, dindaşlarımız filiala yenidən təbliğ xidməti haqda hesabatlar və nəşrlərin sifarişini göndərməyə başladılar.
Biz hausa dilini öyrənməyə başladıq. Müjdəni doğma dillərində eşidəndə çoxları bizə qulaq asırdı. Bununla belə, Kanodakı aparıcı dinin üzvləri fəaliyyətimizin əleyhinə idi. Ona görə də biz çalışırdıq ehtiyatlı olaq. Bir dəfə bir kişi əlində bıçaqla mənim və əməkdaşımın dalınca düşmüşdü. Yaxşı ki, ondan sürətli qaçdığımız üçün canımızı qurtara bildik. Təhlükələrə baxmayaraq, Yehovanın sayəsində «arxayın» yaşayırdıq. Getdikcə təbliğçilərin sayı artırdı (Zəb. 4:8). Hal-hazırda Kanoda 11 yığıncaqda 500-dən çox təbliğçi xidmət edir.
NİGERDƏ ÜZLƏŞDİYİMİZ TƏQİBLƏR
Kanoda bir neçə ay xidmət edəndən sonra məni 1968-ci ilin avqust ayında iki xüsusi öncül qardaşla birlikdə Niger Respublikasının paytaxtı Niameyə göndərdilər. Ora çatar-çatmaz başa düşdük ki, dünyanın ən qızmar yerlərindən birinə gəlmişik. Biz həm istiyə uyğunlaşmağı öyrənməli idik, həm də ölkənin rəsmi dili olan fransız dilini. Bu kimi çətinliklərimiz olsa da, biz Yehovaya arxalandıq və orada yaşayan bir neçə təbliğçi ilə birgə çiyin-çiyinə xidmət etməyə başladıq. Qısa müddət ərzində Niameydə oxumağı bacaranların demək olar ki, hamısında «Əbədi həyata aparan həqiqət» kitabı var idi. Hətta bu kitabı əldə etmək üçün bəziləri özləri bizi axtarıb tapırdılar.
Çox keçməmiş gördük ki, hökumət Yehovanın Şahidlərinə qarşıdır. 1969-cu ilin iyulunda Nigerdə ilk rayon toplantısı keçirildi. Orada təxminən 20 nəfər iştirak edirdi. Toplantıda iki təbliğçi vəftiz olunacaqdı. Amma elə toplantının ilk günü polis gəlib görüşü dayandırdı. Onlar xüsusi öncüllərlə rayon nəzarətçisini məntəqəyə apardılar. Bizi sorğu-sual edib dedilər ki, sabah yenə gələk. Ürəyimizə damdı ki, hökumət bizə problem yaradacaq. Ona görə də vəftiz nitqinin söylənilməsi üçün bir nəfərin evinə yığışdıq və həmin iki təbliğçini gizlincə çayda vəftiz etdik.
Bir neçə həftə sonra Daxili İşlər Nazirliyi məni və digər beş xüsusi öncülü ölkədən qovdu. Onlar ölkədən çıxmağımız üçün bizə 48 saat vaxt verdilər. Bütün xərclərimizi də özümüz qarşılamalı idik. Biz onların əmrinə tabe olduq və birbaşa Nigeriya filialına getdik. Orada bizə yeni təyinat verdilər.
Mən Nigeriyanın Orisunbari kəndinə təyin olundum. Oradakı kiçik qrupla gözəl əməkdaşlığımız alındı. Amma altı ay sonra filial mənim yenidən Nigerə getməyimi istədi. Bu təyinatı alanda çaş-baş qaldım. Əvvəl-əvvəl ora getməyə ürək etmirdim. Amma Nigerdəki bacı-qardaşları yenidən görəcəyimə görə çox sevinirdim.
Mən Niameyə qayıtdım. Çatdığım günün səhəri nigeriyalı bir biznesmen mənim Yehovanın Şahidi olduğumu bildi və Müqəddəs Kitab barədə suallar verməyə başladı. Onunla dərs keçdim. Bir müddət sonra o, siqareti tərgitdi, sərxoşluğun daşını atdı və vəftiz olundu. Sevinirəm ki, Nigerin müxtəlif ərazilərində təbliğ etmək və oradakı ruhani inkişafı görmək imkanım oldu. Bu ölkəyə ilk dəfə gedəndə orada cəmi 31 Yehovanın Şahidi var idi. Qayıdanda isə bu say artıb 69 nəfərə çatmışdı.
«QVİNEYADAKI TƏBLİĞ İŞİ BARƏDƏ XƏBƏR ALA BİLMİRİK»
1977-ci ilin dekabr ayında mən təlim almaq üçün Nigeriyaya qayıtdım. Üç həftəlik təlim
keçəndən sonra filial komitəsinin koordinatoru Malkom Viqo qardaş mənə Syerra-Leone filialından aldığı bir məktubu oxudu. Qardaşlar Qvineyada rayon nəzarətçisi kimi xidmət edə biləcək ingilis və fransız dillərində danışan, sağlam, subay öncül qardaş axtarırdılar. Malkom qardaş mənə dedi ki, aldığım təlim bu təyinat üçün idi. O həm də bu təyinatın asan olmadığını qeyd etdi. Mənə belə bir məsləhət verdi: «“Hə” deməmişdən əvvəl, yüz ölç bir biç». Mən dərhal dedim: «Göndərən Yehovadırsa, gedəcəyəm».Mən Syerra-Leoneyə uçdum və filialdakı qardaşlarla görüşdüm. Filial komitəsinin bir üzvü mənə dedi: «Qvineyadakı təbliğ işi barədə xəbər ala bilmirik». Oradakı təbliğ işinə nəzarət etmək bu filialın öhdəsində olsa da, ölkədəki siyasi məsələlərə görə Qvineyadakı təbliğçilərlə əlaqə saxlamaq mümkün olmayıb. Filial bir neçə dəfə ora öz nümayəndəsini göndərməyə çalışıb, amma alınmayıb. Buna görə də məndən xahiş etdilər ki, Qvineyanın paytaxtı Konakriyə gedim və orada yaşamaq üçün dövlətdən icazə alım.
«Göndərən Yehovadırsa, gedəcəyəm»
Konakriyə çatanda Nigeriya səfirliyinə gedib səfirlə görüşdüm. Ona Qvineyada təbliğ etmək istədiyimi dedim. Səfir mənə bildirdi ki, burada qalsam, həbs oluna bilərəm, mənə xətər yetirərlər. Ona görə də dedi: «Nigeriyaya qayıt, orada təbliğ et». Mən isə dedim: «Qalmaq fikrim qətidir». Səfir Qvineya Daxili İşlər Nazirliyinə məktub yazıb mənə kömək etmələrini xahiş etdi. Nazir də sağ olsun, mənə kömək etdi.
Qısa müddət sonra Syerra-Leonedəki filiala qayıtdım və qardaşlara Nazirliyin qərarını bildirdim. Mənə Qvineyada yaşamağa icazə vermişdilər! Qardaşlara Yehovanın bu işimi necə düzüb-qoşduğunu deyəndə sevincdən yerə göyə sığmadılar.
1978—1989-cu illərdə mən Syerra-Leonedə və Qvineyada səyyar xidmətdə oldum. Həmçinin Liberiyada rayon nəzarətçisinin köməkçisi kimi xidmət etdim. Əvvəl-əvvəl mən tez-tez xəstələnirdim. Bu bəzən ucqar ərazilərdə olanda baş verirdi. Amma qardaşlar əllərindən gələni edib vaxtında məni xəstəxanaya çatdırırdılar.
Bir dəfə bərk xəstələnmişdim, malyariyaya tutulmuşdum, həmçinin bağırsaqlarımda qurd tapılmışdı. Tədricən sağalmağa başlayanda öyrəndim ki, sən demə, qardaşlar bu xəstəlikdən sağalmayacağımı düşünüb, məni harada dəfn edəcəklərini müzakirə ediblərmiş. Həyatım təhlükədə olduğu vaxtlarda belə təyinatımı dayandırmaq ağlımın ucundan da keçməyib. Çünki bir şeyə əmin idim: yalnız Yehova əsl sığınacaq bəxş edə bilər. Hətta ölsək də, O bizi diriltməyə qadirdir.
YOLDAŞIM DA, MƏN DƏ YEHOVAYA BEL BAĞLAYIRIQ
1988-ci ildə təvazökar, Yehovanı çox sevən Dorkas adlı öncül bir bacı ilə tanış oldum. Biz evləndik və səyyar xidmətə birgə davam etdik. Dorkas təyinatımızı yerinə yetirmək üçün əlindən gələni edirdi, Yehova üçün
qurbanlar verməyə hazır idi. Biz bir yığıncaqdan o biri yığıncağa getmək üçün əlimizdə çamadanla 25 kilometr yol qət edirdik. Ucqar ərazilərdəki yığıncaqları ziyarət etmək üçün isə biz mümkün olan bütün nəqliyyat vasitələrindən istifadə edirdik. Onu da deyim ki, yollar palçıqlı, çala-çuxurlu olurdu.Dorkas çox cəsarətlidir. Məsələn, hərdən timsahların olduğu sulardan keçməli olurduq. Bir dəfə beşgünlük ziyarətimiz vaxtı çayın üstündəki taxta körpü qırıq olduğundan çayı kanoe ilə keçməli olduq. Dorkas qalxıb kanoedən düşmək istəyəndə çaya yıxıldı. Su çox dərin idi. İkimiz də üzməyi bacarmırdıq. Çayda timsahlar var idi. Sağ olsun, oradakı cavan oğlanlar suya tullanıb Dorkası xilas etdilər. Həmin hadisədən çox qorxmuşduq. Bir müddət qarabasmalar gördük. Amma bu bizi təyinatımızı yerinə yetirməkdən saxlamadı.
1992-ci ilin əvvəlində Dorkasın hamilə olduğunu öyrəndik. Bu bizim üçün gözlənilməz oldu. Biz qərar verməli idik: xüsusi öncül xidmətinə davam edəcəyik, ya yox. Qızımız Yehovanın bizə verdiyi hədiyyə idi. Ona görə də adını Yahqift (ingiliscədən Yehovanın hədiyyəsi) qoyduq. Yahqiftdən dörd il sonra oğlumuz oldu. Adını Erik qoyduq. Uşaqlarımızın ikisi də Yehovanın bizə verdiyi pay oldu. Yahqift bir müddət Konakridəki tərcümə ofisində xidmət edib. Erik isə yığıncaq xidmətçisidir.
Dorkas tədricən xüsusi öncül təyinatını dayandırmalı olsa da, uşaqları böyüdə-böyüdə öncül kimi xidmət etdi. Yehovanın köməyi ilə mən xüsusi öncül xidmətimi davam etdirdim. Uşaqlarımız böyüdükdən sonra Dorkas yenidən xüsusi öncül xidmətinə başladı. Hal-hazırda ikimiz də Konakridə xüsusi təyinatlı müjdəçiyik.
YEHOVA SIĞINACAĞIMIZDIR
Yehova həmişə məni hara göndəribsə, ora da getmişəm. Yoldaşımla Yehovanın müdafiəsini, dəstəyini həmişə üzərimizdə hiss etmişik. Maddi şeylərə yox, Yehovaya güvəndiyimiz üçün bir çox problemlərdən və narahatçılıqdan özümüzü qorumuşuq. Həyatımız boyu başa düşdük ki, əsl sığınacaq «xilaskar Allahımız» Yehovadır (1 Saln. 16:35). Mən bir şeyə əminəm: «Daş-qaşı boğçaya büküb necə qoruyurlarsa», Yehova da Ona güvənənlərin həyatını elə qoruyur (1 İşm. 25:29).